Prezident İlham Əliyev-in 2026-cı il aprelin 6-da Gürcüstan-a səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan–Gürcüstan münasibətlərinin strateji mahiyyətini bir daha nümayiş etdirdi. Prezident çıxışında iki xalq arasında əsrlərə söykənən dostluq və qardaşlıq ənənələrinin bu gün müasir dövlətlərarası əməkdaşlıqda uğurla davam etdiyini vurğuladı. Onun sözlərinə görə, bu səfər ikitərəfli əlaqələrin daha da dərinləşməsinə və yeni mərhələyə keçməsinə təkan verəcək.
Qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan Respublikası Gürcüstanla əməkdaşlığa xüsusi əhəmiyyət verir və bu əlaqələrin bütün istiqamətlər üzrə genişləndirilməsində maraqlıdır. Ali səviyyədə formalaşmış fəal siyasi dialoq təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat-logistika və humanitar sahələrdə ciddi nailiyyətlərin əldə olunmasına zəmin yaradıb. Bu gün demək olar ki, iki ölkə arasında əməkdaşlıqdan kənarda qalan sahə yoxdur.
Xüsusilə enerji və nəqliyyat-logistika sahələrində həyata keçirilən birgə layihələr regionun hüdudlarını aşaraq qlobal əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərqlə Qərb arasında alternativ və səmərəli nəqliyyat bağlantısı yaradır. Bu layihələr Azərbaycan və Gürcüstanın regional liderliyini möhkəmləndirməklə yanaşı, onları qlobal enerji və logistika xəritəsində strateji aktorlara çevirir.
Prezident İlham Əliyevin bəyanatının təhlili göstərir ki, çıxışın əsas xəttini siyasi etimad və qarşılıqlı dəstək təşkil edir. O, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini xüsusi vurğuladı. Bu yanaşma Azərbaycan-Gürcüstan münasibətlərinin yalnız iqtisadi deyil, həm də siyasi və təhlükəsizlik müstəvisində möhkəm təmələ söykəndiyini göstərir.
Bəyanatda iqtisadi əməkdaşlıq ayrıca yer tutur. Prezident qeyd etdi ki, ticarət dövriyyəsinin artması və qarşılıqlı investisiyaların genişlənməsi əlaqələrin real nəticələrini əks etdirir. Gürcüstanda formalaşmış müsbət sərmayə mühiti Azərbaycan investorlarının bu ölkəyə marağını artırıb. Eyni zamanda, gələcəkdə üçüncü ölkələrdə birgə investisiya layihələrinin həyata keçirilməsi perspektivi münasibətlərin daha da genişlənəcəyindən xəbər verir.
Regional kontekst də çıxışda mühüm yer tutur. Dövlət başçısı Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşdığını qeyd edərək, region ölkələrinin bu imkanlardan səmərəli istifadə etməsinin vacibliyini vurğuladı. Onun fikrincə, sülh və sabitliyin möhkəmləndirilməsi üçün iqtisadi əməkdaşlıq, xüsusilə ticarət əlaqələri əsas alətlərdən biridir. Bu baxımdan, Gürcüstanın vasitəçi və tranzit ölkə kimi rolu yüksək qiymətləndirildi.
Enerji məsələləri isə bəyanatın strateji istiqamətlərindən biri kimi ön plana çıxır. Azərbaycan qazının Avropaya ixracında Gürcüstanın əsas tranzit ölkə olması iki ölkə arasındakı qarşılıqlı asılılığı və əməkdaşlığın dərinliyini göstərir. Enerji infrastrukturu ilə yanaşı, nəqliyyat dəhlizlərinin inkişafı, xüsusilə Orta Dəhlizin genişləndirilməsi istiqamətində görülən işlər regionun qlobal ticarət sistemində rolunu artırır.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı səsləndirdiyi fikirlər Azərbaycan-Gürcüstan münasibətlərinin çoxşaxəli və dayanıqlı xarakter daşıdığını təsdiqləyir. Qarşılıqlı hörmət, etimad və ortaq maraqlara əsaslanan bu əməkdaşlıq modeli region üçün nümunə kimi çıxış edir. Mövcud dinamika göstərir ki, iki ölkə gələcəkdə də birgə layihələr və təşəbbüslərlə həm regional, həm də qlobal səviyyədə təsir imkanlarını daha da genişləndirəcək.
Mətanət Pirquliyeva, SDU-nun dosenti, Əməkdar müəllim


Müzakirə qapadılmışdır.