2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı bir daha göstərdi ki, idman sahəsində əldə olunan uğurlar təsadüfi deyil. Bu uğurlar illər ərzində ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən dövlət siyasətinin məntiqi nəticəsidir.
Bu il Azərbaycan idmançıları beynəlxalq yarışlarda rekord göstəricilərə imza atıblar. 2000-dən artıq medal, o cümlədən 600-dən çox qızıl medal ölkəmizin idman potensialının nə qədər güclü olduğunu açıq şəkildə nümayiş etdirir. Keçən illə müqayisədə medalların sayının artması idmanın inkişafına göstərilən diqqətin, yaradılan şəraitin və idmançıların peşəkarlığının bariz göstəricisidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu dinamika təbiidir, çünki idman Azərbaycanda artıq sistemli dövlət siyasətinə çevrilib.
Bu gün ölkəmizdə idman infrastrukturu demək olar ki, sıfırdan qurulub və ən yüksək beynəlxalq standartlara cavab verir. Bölgələrdə idmanla məşğul olmaq üçün hər cür şərait yaradılıb. Təkcə bu il Gəncə və Yevlax şəhərlərində Olimpiya İdman Komplekslərinin istifadəyə verilməsi bunun bariz nümunəsidir. Nəticədə bölgələrdə fəaliyyət göstərən Olimpiya İdman Komplekslərinin sayı 46-ya çatıb. Bu fakt idmanın paytaxtla məhdudlaşmadığını, ölkənin bütün regionlarını əhatə etdiyini göstərir.
Prezidentin çıxışında xüsusi yer tutan məsələlərdən biri də sağlam gənc nəslin formalaşdırılması idi. Sağlam gənclik olmadan nə idman uğurları, nə də ölkənin davamlı inkişafı mümkündür. Uşaqlıqdan idmana marağın formalaşdırılması gələcək nailiyyətlərin əsasını qoyur. Bu baxımdan idman təkcə nəticə və medal deyil, eyni zamanda sağlam həyat tərzi, düzgün tərbiyə və sosial məsuliyyət deməkdir.
Cənab İlham Əliyev haqlı olaraq qeyd etdi ki, gənclərin fiziki hazırlığı ilə mənəvi saflığı vəhdət təşkil etməlidir. Vətənpərvərlik ruhunda yetişən, sağlam düşüncəli və güclü iradəli gənclər ölkənin əsas dayağıdır. İdman bu prosesdə mühüm rol oynayaraq gənclərin həm fiziki, həm də mənəvi inkişafına xidmət edir.
Azərbaycan idmançılarının beynəlxalq arenalarda Dövlət Bayrağını yüksəltməsi hər bir vətəndaş üçün qürur mənbəyidir. Son beş ildə ölkəmizin qalib dövlət kimi tanınması idmançılarımızın məsuliyyətini daha da artırır. Onlar artıq müzəffər xalqın nümayəndələri kimi yarışlara çıxır, bu isə əlavə mənəvi güc və stimul yaradır.
2025-ci ilin ən mühüm idman hadisələrindən biri MDB ölkələrinin üçüncü Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi oldu. Bu Oyunların bir neçə şəhərdə, o cümlədən Gəncə və Xankəndidə təşkil edilməsi ölkəmizin böyük təşkilatçılıq və infrastruktur imkanlarını ortaya qoydu. Minlərlə xarici qonağın bölgələrdə qəbul edilməsi Azərbaycanın qonaqpərvərliyini və regional inkişaf səviyyəsini dünyaya nümayiş etdirdi. Bununla yanaşı, Bakıda ilk dəfə keçirilən UFC beynəlxalq turniri və Formula 1 yarışları ölkəmizin idman diplomatiyasının mühüm tərkib hissəsinə çevrilib. Bu yarışlar təkcə idman hadisəsi deyil, eyni zamanda Azərbaycanın beynəlxalq imicinin formalaşmasında mühüm rol oynayır. Xüsusilə Formula 1 yarışlarından sonra xarici turistlərin sayında 20 faiz artım qeydə alınması idmanın iqtisadi və turizm baxımından da nə qədər önəmli olduğunu sübut edir.
Gələcək perspektivlər də olduqca ümidvericidir. Qusarda, Şahdağ Xizək Kurortunda keçiriləcək Xizək üzrə Dünya Kuboku Azərbaycanın qış idmanı sahəsində də dünya xəritəsində yer almasını təmin edəcək. Bu, regionların inkişafına, yeni iş yerlərinin açılmasına və turizmin genişlənməsinə mühüm töhfə verəcək. Bu ilin daha bir əlamətdar hadisəsi Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsidir. Bu ad Azərbaycanda idmanın inkişafına verilən beynəlxalq qiymətin ifadəsidir və böyük qürur mənbəyidir. Şübhəsiz ki, bu statusu ləyaqətlə qorumaq və daha da möhkəmləndirmək üçün ölkəmiz bundan sonra da ardıcıl addımlar atacaq.
Sonda qeyd etmək istərdim ki, idmançılarımızın və idman mütəxəssislərinin dövlət tərəfindən mükafatlandırılması artıq gözəl bir ənənəyə çevrilib. Azərbaycanın idman şöhrətini ucaldan insanların əməyinə verilən dəyər gənc nəslə də güclü motivasiya verir. Bu yol davamlıdır və Azərbaycan idmanı qarşıdakı illərdə də yeni zirvələr fəth edəcək.
Qərib Əliyev, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar bədən tərbiyəsi və idman xadimi



Müzakirə qapadılmışdır.