2024-cü il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Azərbaycan idmançıları beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil edərək 1700-ə yaxın medal qazanmışlar. Bu uğurlar həm idman sahəsindəki inkişafın, həm də dövlətin idmana göstərdiyi davamlı diqqət və qayğının nəticəsidir. Prezident İlham Əliyevin 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı bu uğurların təhlili və gələcək üçün perspektivlərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
2024-cü il Azərbaycanın idman tarixinə Olimpiya Oyunlarındakı uğurlarla yazılmışdır. Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir və bu dəfə komanda hesabında 30-cu yerə yüksəlmişdir. Bu, ölkəmizin Olimpiya tarixində ən yüksək nəticədir. İdmançılarımız ikisi qızıl, ikisi gümüş, üçü isə bürünc olmaqla ümumilikdə yeddi medal qazanmışdır. Azərbaycan müsəlman ölkələri arasında üçüncü yeri tutaraq dünyada 60-a yaxın müsəlman ölkəsi arasında önəmli yerini təsdiqləmişdir.
Böyük uğurların əldə edilməsi həm də gənc idmançıların yetişməsi ilə bağlıdır. Prezident İlham Əliyev çıxışında vurğulamışdır ki, yeni nəsil idmançıların yetişdirilməsi Azərbaycanın idman dövləti kimi beynəlxalq nüfuzunun artmasına səbəb olur. Bu il keçirilən yarışlarda gənc idmançılarımızın göstərdiyi yüksək nəticələr bunu bir daha təsdiq edir.
Prezident İlham Əliyev idmanın təkcə fiziki inkişaf deyil, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından əhəmiyyətini vurğulamışdır. Azərbaycan bu il Olimpiya Oyunlarında qalib ölkə kimi iştirak etmişdir. Müzəffər xalqın nümayəndələri kimi çıxış edən idmançılarımız xalqımızın birliyini, gücünü və milli qürurunu bir daha nümayiş etdirmişdir.
Həmçinin, fiziki hazırlığın mənəvi saflığa yol açdığı qeyd edilmişdir. Azərbaycan gənclərinin fiziki və mənəvi baxımdan sağlam yetişməsi üçün idmanın vacibliyi xüsusi qeyd edilmişdir. Prezident İlham Əliyev bu istiqamətdə idmançıların cəmiyyətdə nümunəvi davranışını və ölkəmizin imicinə verdiyi töhfələri yüksək qiymətləndirmişdir.
Hazırda Azərbaycanın müxtəlif bölgələrində 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir və bu komplekslərin sayının artırılması nəzərdə tutulur. Azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılması da prioritetlər sırasındadır. Məsələn, Ağdam şəhərində beynəlxalq standartlara cavab verən stadionun inşası, Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməlinin qoyulması və Şuşa şəhərində keçirilən idman yarışları bu istiqamətdə atılan mühüm addımlardır.
Prezident İlham Əliyev qeyd etmişdir ki, azad edilmiş ərazilərdə idman obyektlərinin inşası həm rəmzi, həm də praktiki əhəmiyyət kəsb edir. Xankəndi şəhərindəki stadionun yenidən qurulması prosesi gələn il başa çatdırılacaq. Bu obyektlər təkcə idman yarışlarının keçirilməsi üçün deyil, həm də regionların sosial-iqtisadi inkişafına töhfə vermək məqsədini daşıyır.
2025-ci ildə Azərbaycan Üçüncü MDB Oyunlarına ev sahibliyi edəcəkdir. Bu böyük tədbirin əsas mərkəzi Gəncə şəhəri olacaq. Oyunlara hazırlıq çərçivəsində Gəncədə yeni stadion inşa edilir, şəhərin infrastrukturu yenilənir və tarixi binalar bərpa olunur. Prezident İlham Əliyev bu tədbirin Azərbaycanın idman şöhrətini daha da artıracağını və ölkəmizin beynəlxalq idman ailəsindəki mövqeyini gücləndirəcəyini vurğulamışdır.
Həmçinin, MDB Oyunlarına ev sahibliyi etmək Azərbaycan mədəniyyətinin və turizm potensialının təbliği üçün böyük bir fürsət yaradır. Gəncə şəhərində bu tədbirə hazırlıq işlərinin yüksək səviyyədə aparılması ölkəmizin təşkilatçılıq qabiliyyətini bir daha sübut edəcəkdir.
Prezident İlham Əliyev idmançılarımızın təltif olunmasının və dövlət qayğısının davam edəcəyini bildirmişdir. Dövlətin vahid strategiya əsasında fəaliyyət göstərən idman federasiyaları, klubları və cəmiyyətləri gələcək uğurlar üçün zəmin yaradır. İdmanın inkişafı üçün bütün lazımi qərarlar qəbul edilmiş, federasiyaların fəaliyyəti gücləndirilmişdir.
İlin sonunda idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri dövlət təltifləri ilə mükafatlandırılmışdır. Bu proses artıq 27 ildir ki, davam edir və idmançılarımızın göstərdiyi nəticələr onların layiqli qiymətləndirildiyini bir daha göstərir.
Dövlətin göstərdiyi dəstək nəticəsində beynəlxalq turnirlərdə iştirak edən idmançıların uğurları artmaqda davam edir. Federasiyalar arasında koordinasiyanın gücləndirilməsi və yeni layihələrin icrası ilə bağlı Prezidentin verdiyi tapşırıqlar gələcək uğurlar üçün zəmin yaradır.
2024-cü il Azərbaycan idmanı üçün tarixi nailiyyətlərlə zəngin olmuşdur. Prezident İlham Əliyevin çıxışında qeyd edilənlər, idmana dövlət səviyyəsində göstərilən dəstək, regionlarda idman infrastrukturunun inkişafı və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində atılan addımlar Azərbaycanın idman dövlətinə çevrilməsinin əyani sübutudur. Əminik ki, növbəti illərdə də idmançılarımız ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edərək yeni uğurlara imza atacaqlar.
Azərbaycan idmanının inkişafı ölkəmizin beynəlxalq imicini gücləndirir və gənc nəsil üçün böyük nümunə yaradır. Gələcəkdə də dövlətin idmana göstərdiyi diqqət və qayğı davam edəcək, Azərbaycanın idman tarixində yeni uğurlar yazılacaqdır.
Qərib Əliyev
Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Beynəlxalq dərəcəli hakim, “Tərəqqi” medallı
Müzakirə qapadılmışdır.