Azərbaycan-İran münasibətlərində yeni mərhələ

183

Azərbaycan və İranı birləşdirən münasibətlər təkcə coğrafi qonşuluqdan ibarət deyil. Bu iki ölkənin əlaqələri tarix, mədəniyyət, dini yaxınlıq və ortaq dəyərlər üzərində qurulmuşdur. Əsrlər boyu mehribanlıq və qardaşlıq ruhunda bir arada yaşamış xalqlar bu gün müstəqil dövlətlər kimi regional və beynəlxalq səviyyədə öz maraqlarını birgə müdafiə edirlər. Bu baxımdan, İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın 2025-ci il aprelin 28-də Azərbaycana etdiyi rəsmi səfəri yalnız protokol çərçivəsində qiymətləndirilməməli, əksinə, ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir. Prezident İlham Əliyevin səfər zamanı verdiyi bəyanatlar, imzalanmış sənədlər və aparılmış danışıqlar regionda davamlı sülhün və inkişafın təmin olunması istiqamətində mühüm addımları əks etdirir.

Prezident İlham Əliyevin bəyanatında vurğulandığı kimi, Azərbaycan-İran münasibətləri əsrlər boyu formalaşan dostluq və qardaşlıq ənənələri üzərində qurulub. Bu gün isə həmin münasibətlər daha dərin strateji əməkdaşlığa çevrilir. İran Prezidentinin böyük nümayəndə heyəti ilə Azərbaycana səfəri, tərəflər arasında yüksək səviyyəli sənədlərin imzalanması iki dövlətin bu əlaqələri daha da inkişaf etdirməkdə qərarlı olduğunu göstərir.

Azərbaycan Prezidenti qeyd etdi ki, danışıqlar səmimi və açıq atmosferdə keçirilib. Bu isə siyasi dialoqun şəffaflıq və etimada əsaslandığını nümayiş etdirir. Strateji məsələlər, regional təhlükəsizlik, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi kimi mövzuların gündəmdə olması dövlətlərarası münasibətlərin çoxşaxəli xarakterini göstərir.

Azərbaycan və İran arasında əməkdaşlıq təkcə ikitərəfli deyil, həm də çoxtərəfli formatlarda uğurla davam edir. Prezident İlham Əliyev öz bəyanatında İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarda tərəflərin bir-birini daim dəstəklədiyini xüsusi qeyd etdi. Bu təşkilatlar çərçivəsində nümayəndələrin eyni mövqedən çıxış etməsi dövlətlərarası etimadın dərinliyini göstərir.

Eyni zamanda, “Azərbaycan-İran-Rusiya”, “Azərbaycan-İran-Türkiyə” və “3+3” formatları kimi regional əməkdaşlıq mexanizmlərində İran və Azərbaycanın birgə iştirakı regionda sabitliyin və inkişafın təmin olunması baxımından əhəmiyyətlidir. Bu, bölgə ölkələrinin öz problemlərini özləri həll etmək prinsipinə sadiq qaldıqlarının göstəricisidir.

Səfər çərçivəsində müzakirə olunan əsas məsələlərdən biri də Şimal-Cənub nəqliyyat dəhlizi oldu. Prezident İlham Əliyev bu layihənin bütün iştirakçı ölkələrə böyük səmərə verəcəyini bəyan etdi. Azərbaycanın öz ərazisində bu dəhlizin uğurla işləməsi üçün artıq bütün infrastruktur layihələrini tamamlaması və artan yük həcmlərinə uyğun olaraq yeni investisiya layihələrinə başlaması regiondakı liderlik mövqeyini bir daha təsdiqləyir.

Bu çərçivədə imzalanan sənədlər, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığa dair memorandumlar, dənizçilik üzrə sertifikatların qarşılıqlı tanınması barədə razılaşmalar nəqliyyat-logistika sahəsində qarşılıqlı fəaliyyətin hüquqi bazasını gücləndirir.

Azərbaycan və İran xalqları arasında mədəni əlaqələr tarixin dərin qatlarından qaynaqlanır. Prezident İlham Əliyev qeyd etdi ki, qarşılıqlı mədəniyyət günləri son dəfə səkkiz il əvvəl keçirilmişdir. Yaxın gələcəkdə bu ənənənin bərpası ilə bağlı razılıq əldə olunması humanitar sahədə əlaqələrin canlandırılmasına yönəlik əhəmiyyətli addımdır. İmzalanmış “2025-2028-ci illər üzrə Mədəni Mübadilə Proqramı” da bu istiqamətdə konkret planların həyata keçiriləcəyini göstərir.

Bundan əlavə, Medianın İnkişafı Agentliyi ilə İranın Mədəniyyət və İslami İrşad Nazirliyi arasında media əməkdaşlığı haqqında memorandum imzalanması informasiya mübadiləsinin və media sahəsində qarşılıqlı təcrübə paylaşımının genişlənməsinə təkan verəcək.

İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuşdur. 1992-ci ildə diplomatik münasibətlərin qurulması ilə başlayan bu yol bu gün daha güclü və dayanıqlı əməkdaşlıqla davam edir. İki ölkənin səfirlikləri, baş konsulluqları və diplomatik kanalları bu münasibətlərin fasiləsiz inkişafında mühüm rol oynayır.

Dövlət başçılarının qarşılıqlı səfərləri də bu istiqamətdəki siyasi iradəni gücləndirir. 2005-ci ildən bu günədək baş tutmuş çoxsaylı yüksək səviyyəli səfərlər və görüşlər Azərbaycan-İran münasibətlərinin davamlı dialoq üzərində qurulduğunun göstəricisidir.

Prezident Məsud Pezeşkianın Azərbaycana səfəri yalnız bir protokol hadisəsi deyil, Azərbaycan-İran münasibətlərində yeni bir mərhələnin başlanğıcıdır. Prezident İlham Əliyevin bəyanatları, imzalanmış sənədlər və qarşılıqlı səmimi münasibətlər bu əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini göstərir. Tarixi, mədəni və dini yaxınlıqlardan güc alan bu münasibətlər bu gün regionun sülh, sabitlik və iqtisadi rifahına yönəlmiş mühüm əməkdaşlıq nümunəsidir.

Eyni zamanda, bu səfər bir daha nümayiş etdirdi ki, Azərbaycan və İran bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm aktorlardır və ikitərəfli formatda qəbul edilən qərarlar gələcək onilliklər üçün güclü təməl rolunu oynayacaq. Bu qarşılıqlı etimad və əməkdaşlıq modeli təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət daşıyır.

Sevinc Qasımova

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzi Sumqayıt nümayəndəliyinin direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər