Prezident İlham Əliyevin 6 sentyabr 2024-cü il tarixində Beynəlxalq Çernobbio Forumunda etdiyi çıxış Azərbaycanın yeni geosiyasi şəraitdəki rolu və beynəlxalq əlaqələrinin dərin təhlili baxımından mühüm əhəmiyyət kəsb edir. “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada dövlət başçısı Azərbaycanın enerji siyasətindən tutmuş ölkənin beynəlxalq arenadakı mövqeyinə qədər bir sıra mühüm məqamları əhatə edib. İtaliya ilə uzunmüddətli strateji tərəfdaşlıq münasibətləri və enerji təhlükəsizliyi məsələləri ön plana çıxarılan bu çıxış Azərbaycanın həm regional, həm də qlobal səviyyədə artan əhəmiyyətini vurğulamağa yönəlmişdi.
Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq münasibətləri uzun illərə söykənir və bu əlaqələr təkcə enerji sektoru ilə məhdudlaşmır. Prezident Ilham Əliyev qeyd edir ki, Azərbaycan İtaliyanın əsas neft və ikinci böyük qaz təchizatçısıdır, eyni zamanda İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Ötən il bu iki ölkə arasında ticarət dövriyyəsi 16 milyard ABŞ dollarına yaxın olmuşdur. Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Azərbaycanın İtaliya ilə əməkdaşlığının əsasını təşkil edir. 3500 kilometrlik bu boru kəməri Avropanın enerji təhlükəsizliyini təmin etmək baxımından strateji əhəmiyyət daşıyır. İtaliyadan başlayan bu layihə Azərbaycanın dünya enerji bazarlarında mövqeyini daha da gücləndirmiş və ona etibarlı tərəfdaş statusu qazandırmışdır.
Lakin əlaqələr təkcə enerji ilə məhdudlaşmır. Azərbaycan-İtaliya münasibətləri həm də humanitar sahələri əhatə edir. Prezident Əliyevin qeyd etdiyi kimi, İtaliya-Azərbaycan Universitetinin fəaliyyətə başlaması iki ölkə arasındakı təhsil və elmi əməkdaşlığı gücləndirəcək və bu əlaqələrin daha da genişlənməsinə şərait yaradacaq. İtaliyanın beş aparıcı universiteti ilə əməkdaşlıq çərçivəsində yaradılan bu universitet gələcəkdə iki ölkə arasında yeni körpülərin qurulmasına səbəb olacaqdır.
Azərbaycanın beynəlxalq arenada rolunun artması və ölkənin ərazi bütövlüyünün bərpası, regionda baş verən ən böyük geosiyasi dəyişikliklərdən biri kimi qiymətləndirilir. Prezident Əliyev qeyd edir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində öz ərazi bütövlüyünü bərpa etməsi beynəlxalq hüququn aliliyinin təmin olunmasının vacibliyini bir daha nümayiş etdirdi. Ermənistanın 30 il ərzində davam edən işğalına son qoyulması və Azərbaycanın suverenliyinin tam bərpası ölkənin regiondakı rolunu daha da gücləndirdi.
Bu kontekstdə Azərbaycan təkcə Qafqazda deyil, daha geniş Avrasiya coğrafiyasında da mühüm oyunçuya çevrilmişdir. Ölkənin enerji resursları, coğrafi mövqeyi və xarici siyasət strategiyası onu regionun əsas aktorlarından birinə çevirmişdir. Prezident Əliyev vurğulayır ki, Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı kimi tanınması və Avropa Komissiyası tərəfindən ümum-Avropa qaz təchizatçısı adlandırılması ölkənin bu sahədəki uğurlarının göstəricisidir.
Azərbaycan qlobal səviyyədə də mühüm rol oynayır. Prezident İlham Əliyevin çıxışında vurğulanan bir digər mühüm məqam Azərbaycanın beynəlxalq arenada müxtəlif aktorlar arasında körpülər qurma bacarığıdır. Prezident Əliyev qeyd edir ki, Azərbaycan qlobal Cənub və qlobal Şimal arasında əlaqələrin gücləndirilməsi üçün fəal şəkildə çalışır. Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkə bu hərəkatın gücləndirilməsi və onun beynəlxalq təsirinin artırılması istiqamətində mühüm işlər görmüşdür.
Azərbaycanın iqlim məsələləri üzrə liderlik funksiyası da Prezident Əliyevin çıxışında geniş yer aldı. Prezident Əliyev qeyd edir ki, Azərbaycan iki aydan sonra COP29 iqlim konfransına ev sahibliyi edəcək və bu, ölkənin qlobal səviyyədəki mövqeyini daha da gücləndirəcək. Azərbaycanın qlobal iqlim siyasətinə verdiyi töhfələr və beynəlxalq ictimaiyyətin etimadını qazanması onun beynəlxalq arenada artan təsirinin göstəricisidir.
Çıxışda münaqişələrin həlli və regional sülhün bərpası məsələləri də geniş şəkildə müzakirə edildi. Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesində əldə edilən nailiyyətlər Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müsbət addımlar kimi qiymətləndirilir. Sərhədin delimitasiyası və sülh müqaviləsinin razılaşdırılması istiqamətində atılan addımlar regionda davamlı sülhün təmin olunmasına xidmət edir. Cənubi Qafqazda sabitliyin təmin olunması Azərbaycanın güclü siyasi iradəsi və cəsarətli addımları ilə bağlıdır.
Prezident İlham Əliyevin Beynəlxalq Çernobbio Forumundakı çıxışı Azərbaycanın yeni geosiyasi şəraitdə artan əhəmiyyətini, beynəlxalq və regional səviyyədə oynadığı mühüm rolu bir daha təsdiq etdi. Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq münasibətləri və enerji təhlükəsizliyinə verdiyi töhfələr ölkənin qlobal siyasətdə artan rolunun göstəricisidir. Eyni zamanda, Azərbaycanın regional münaqişələrin həllində oynadığı rol onun güclü siyasi iradəsi və beynəlxalq hüquqa sadiqliyi ilə yanaşı, sülh və sabitliyin təmin olunmasına yönəlmişdir. Azərbaycanın beynəlxalq arenada davamlı artan təsiri və rolu gələcək illərdə də onun mövqeyini gücləndirəcək və yeni strateji tərəfdaşlıqların qurulmasına şərait yaradacaq.
Müzakirə qapadılmışdır.