Azərbaycan–Mərkəzi Asiya strateji birliyinin yeni mərhələsi

180

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə bir daha göstərdi ki, Azərbaycan və Mərkəzi Asiya regionu yalnız coğrafi məkan deyil, həm də ortaq tarixi yaddaşın, dini-mənəvi dəyərlərin və strateji maraqların üzərinə qurulan yeni siyasi və iqtisadi arxitekturanın mərkəzinə çevrilir. Hazırda ölkələrimiz arasında formalaşan əməkdaşlıq modeli həm regionda, həm də Avrasiya məkanında unikal nümunə hesab olunur. Prezidentin müsahibəsində səsləndirilən tezislər bu yanaşmanın sistemli xarakter aldığını və qarşıdakı illərdə daha da dərinləşəcəyini göstərir.

Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan və Mərkəzi Asiya ölkələri vahid tarixi, mədəni, dini-mənəvi və geosiyasi məkanın ayrılmaz tərkib hissələridir. İlk baxışda Xəzər dənizi iki bölgəni ayıran coğrafi ərazi təsiri bağışlasa da, əslində, bu dəniz xalqlarımız arasında körpü, əlaqə və əməkdaşlıq xəttidir. Xəzər dənizi bu gün təkcə təbii sərvətlərin qaynağı deyil, həm də strateji nəqliyyat dəhlizlərinin qovuşduğu, enerji təhlükəsizliyinin formalaşdığı, region dövlətlərinin siyasi həmrəyliyini gücləndirən mühüm platformaya çevrilib.

Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə üçüncü dəfə iştirakı bu siyasi xəttin davamlı olduğuna işarədir. 2023-cü ildə Düşənbədə, 2024-cü ildə Astanada keçirilən toplantılardan sonra növbəti görüşün Daşkəndə təsadüf etməsi region dövlətləri arasında siyasi dialoqun artıq sabit mexanizmə çevrildiyini göstərir. Mərkəzi Asiya liderlərinin birliyə verdiyi önəm Azərbaycanın da bu prosesin aktiv və aparıcı iştirakçısı olmasını şərtləndirir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin əsasını yalnız coğrafi yaxınlıq deyil, həm də dərin tarixi-mədəni köklər təşkil edir. Ortaq adət-ənənələr, dil yaxınlığı, dini dəyərlər, folklor və mədəni yaddaş bu münasibətlərin hərtərəfli inkişafına etibarlı zəmindir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, təkcə son üç il ərzində Mərkəzi Asiya ölkələri rəhbərlərinin Azərbaycana 30-a yaxın səfəri, dövlət başçısının isə 13 dəfə bu ölkələrdə olması münasibətlərin dinamikliyini, siyasi etimadın yüksək səviyyəsini və əməkdaşlıq iradəsinin möhkəmliyini nümayiş etdirir.

Bu səfərlər yalnız protokol hadisəsi deyil, konkret nəticələr doğuran siyasi qərarların, yeni layihələrin və genişmiqyaslı əməkdaşlıq gündəliyinin formalaşmasına xidmət edir. Xüsusilə Orta Dəhlizin artan əhəmiyyəti fonunda region ölkələri arasında koordinasiya, logistika imkanlarının genişləndirilməsi və ticarət əlaqələrinin dərinləşdirilməsi strateji xarakter daşıyır. Prezident İlham Əliyevin müsahibəsində xüsusi yer tutan istiqamətlərdən biri Azərbaycan–Özbəkistan münasibətlərinin məzmunu və inkişaf xətti oldu. Özbəkistan Azərbaycanın yalnız tərəfdaşı deyil, həm də qardaş ölkəsi və etibarlı müttəfiqidir. İki xalq arasında əsrlərdən gələn dostluq və mənəvi yaxınlıq bu gün dövlətlərarası münasibətlərdə özünün ən güclü təzahürünü tapır.

Azərbaycan–Özbəkistan əlaqələrinin müttəfiqlik səviyyəsinə yüksəlməsində iki lider – Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında yaranmış şəxsi dostluq və siyasi etimadın mühüm rolu var. Son bir il yarım ərzində dövlət başçılarının beş qarşılıqlı səfəri münasibətlərin intensivliyini göstərməklə yanaşı, bu əlaqələrin təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət daşıdığını sübut edir. Bakıda və Daşkənddə imzalanan sənədlər – Müttəfiqlik haqqında Müqavilə, Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi barədə Bəyannamə, 2025–2029-cu illər üzrə Yol Xəritəsi – əməkdaşlığın institusional əsaslarını genişləndirən mühüm hüquqi çərçivədir. Bu sənədlər siyasi dialoqdan tutmuş iqtisadiyyat, nəqliyyat, enerji, mədəniyyət, rəqəmsal sahə və humanitar əməkdaşlığa qədər bütün istiqamətlərdə dərin inteqrasiyanı təmin edir.

Müsahibədə xüsusi vurğulanan başqa mühüm məsələ Azərbaycan və Özbəkistan arasında 2023-cü ildə təsis edilən Ali Dövlətlərarası Şuranın fəaliyyəti ilə bağlıdır. Artıq Bakıda və Daşkənddə keçirilmiş iki iclas bu Şuranın dövlətlərarası münasibətlərin idarə edilməsində aparıcı mexanizmə çevrildiyini göstərir. Şuranın qərarları əməkdaşlığın uzunmüddətli strateji xəttini müəyyən edir və iki ölkə arasında siyasi koordinasiyanı təmin edir.

Eyni zamanda, Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə dəyişməz dəstəyi xüsusi məqam kimi dəyərləndirilməlidir. Qarabağın yenidən qurulmasına, xüsusilə Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikintisinə edilən töhfə Azərbaycan xalqı tərəfindən qardaşlıq jesti kimi yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin müsahibəsində iqtisadi-ticari əməkdaşlığa dair açıqladığı rəqəmlər Azərbaycan–Özbəkistan münasibətlərinin real məzmununu əks etdirir. 2024-cü ildə ikitərəfli ticarət dövriyyəsinin 252 milyon ABŞ dollarına çatması, 2025-ci ilin ilk doqquz ayında isə bu göstəricinin 87,5 faiz artaraq 319 milyon dollara yüksəlməsi tərəflərin iqtisadi potensialından səmərəli istifadə etdiyini göstərir. Ölkələr arasında investisiya əməkdaşlığı da genişlənir. Özbəkistanın Azərbaycan iqtisadiyyatına 21,8 milyon dollar, Azərbaycanın isə Özbəkistana 183,5 milyon dollar sərmayə yatırması qarşılıqlı maraqlı layihələrin artdığını təsdiqləyir. 500 milyon dollarlıq Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması isə iqtisadi inteqrasiyanın yeni mərhələsidir.

Xankəndidə Özbəkistanın dəstəyi ilə açılmış tikiş fabriki həm iqtisadi, həm də sosiomədəni əhəmiyyətə malik layihə kimi diqqət çəkir. Bu müəssisə postsülh dövrünün əməkdaşlıq modelinin təcəssümüdür.

Bu sahə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın aparıcı istiqamətlərindən biri kimi çıxış edir. Prezident İlham Əliyev Orta Dəhlizin regionun geosiyasi mənzərəsini dəyişdirən layihəyə çevrildiyini vurğulayır. Azərbaycan bu marşrutun əsas tranzit ölkəsidir və özünün müasir nəqliyyat infrastrukturu ilə regionun logistik mərkəzinə çevrilməkdədir. Ələt Beynəlxalq Ticarət Limanının yükgötürmə qabiliyyətinin yaxın illərdə 25 milyon tona çatması, Bakı–Tbilisi–Qars dəmir yolunun genişləndirilməsi, doqquz beynəlxalq hava limanı ölkəmizin nəqliyyat üstünlüklərini artıran əsas amillərdir. 2024-cü ildə tranzit yükdaşımalarının 1,3 milyon tonu keçməsi, 2025-ci ildə bir milyon tona yaxınlaşması bu dinamikanı təsdiqləyir.

Zəngəzur dəhlizinin açılması isə region ölkələri, xüsusilə Mərkəzi Asiya üçün yeni iqtisadi-nəqliyyat xəritəsi formalaşdıracaq.

Azərbaycan və Özbəkistan enerji sahəsində əməkdaşlığı ardıcıl dərinləşdirir. SOCAR tərəfindən Özbəkistana neft və neft-kimya məhsullarının ixracı, “Neftegaztexnologiya” birgə müəssisəsinin davamlı fəaliyyəti əməkdaşlığın mühüm elementləridir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında bərpaolunan enerji üzrə imzalanmış sənədlər isə regionda yaşıl enerji xəritəsinin formalaşmasına töhfə verir.

2023 və 2024-cü illərdə keçirilmiş mədəniyyət günləri, Xivədəki “Şuşa günləri”, regionlararası qardaşlaşma layihələri və Bakıda “Özbəkistan” parkının tikilməsi iki xalq arasında dostluğun mədəni ifadəsidir. Daşkənddəki Heydər Əliyev meydanı isə Ulu Öndərə olan ehtiramın rəmzidir.

İdman sahəsindəki böyük nailiyyət – 2027-ci il U-20 Dünya Çempionatının Azərbaycan və Özbəkistan tərəfindən birgə keçirilməsi isə Avrasiya məkanında yeni əməkdaşlıq nümunəsi kimi tarixə düşdü.

Daşkənd və Bakıda keçirilmiş Azərbaycan–Özbəkistan Media Forumları informasiya mübadiləsi, media sahəsində təcrübə, rəqəmsal kommunikasiya və jurnalist təlimləri baxımından yeni tərəfdaşlıq mühitini formalaşdırır. Bu əməkdaşlıq xalqlarımızın bir-birini daha yaxından tanımasına, obyektiv informasiyanın təşviqinə mühüm töhfədir.

Prezident İlham Əliyevin UzA-ya müsahibəsi Azərbaycan–Özbəkistan münasibətlərinin, ümumilikdə isə Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığının müasir mərhələsini aydın şəkildə ortaya qoyur. Bu münasibətlər təkcə ikitərəfli əlaqələrdən ibarət deyil, Qafqaz və Mərkəzi Asiyanı birləşdirən geniş geosiyasi və iqtisadi məkanın formalaşmasına xidmət edir.

Xalqlarımız arasında qardaşlıq, dövlətlərimiz arasında müttəfiqlik və liderlər arasında yüksək səviyyəli etimad gələcəkdə daha böyük layihələrin həyata keçirilməsinə, regionun siyasi sabitliyi və iqtisadi inkişafına mühüm töhfələr verəcək.

Mətanət Məhərrəmova,
Qızıl Aypara Cəmiyyəti Sumqayıt Regional Mərkəzinin koordinatoru, “Tərəqqi” medallı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər