Azərbaycan mətbuatı 150 ildə cəmiyyətin maariflənməsində aparıcı qüvvə olub

395

Azərbaycan xalqının milli-mənəvi yaddaşında dərin iz buraxmış tarixi hadisələrdən biri də 22 iyul 1875-ci ildə “Əkinçi” qəzetinin nəşrə başlamasıdır. Bu gün – Milli Mətbuat Günü təkcə bir qəzetin işıq üzü görməsi deyil, həm də xalqın maariflənməsi, öz milli kimliyinə qovuşması və müstəqil düşüncə tərzinin formalaşması istiqamətində atılmış böyük addım kimi dəyərləndirilir. Görkəmli ziyalı və maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzeti cəmi iki il ərzində – 56 say buraxılsa da, Azərbaycanın milli mətbuat tarixində əbədi və unudulmaz iz qoymuşdur. Qəzetin məqsədi maarifçilik, cəmiyyətin savadlanması, elmin və mədəniyyətin təbliği idi. Həsən bəyin “xalq üçün, xalq dilində” prinsipi sonrakı nəslin mətbuat və informasiya sahəsindəki yoluna işıq saldı. Çar Rusiyasının senzura və təzyiqləri ilə qarşılaşaraq fəaliyyətini dayandıran “Əkinçi” qəzeti qısa, lakin şərəfli ömrü ərzində milli maarifçiliyin simvoluna çevrildi.

“Əkinçi”dən sonra başlayan milli mətbuat hərəkatı Azərbaycanın ictimai-siyasi və mədəni həyatında böyük dəyişikliklərə yol açdı. “Ziya”, “Kəşkül”, “Ziyayi-Qafqaziyyə”, “Həyat”, “Füyuzat”, “İrşad”, “Molla Nəsrəddin”, “Açıq söz” kimi qəzet və jurnallar milli düşüncənin, istiqlal ideyasının, ictimai və ədəbi fikrin formalaşmasında əvəzsiz rol oynadı. Anadilli mətbuat milli oyanışın əsas sütunlarından birinə çevrildi. Həsən bəy Zərdabinin kürəkəni Əlimərdan bəy Topçubaşovun redaktoru olduğu rusdilli “Kaspi” qəzeti də bu ideoloji davamlılığı təmin edirdi. Beləliklə, mətbuat təkcə informasiya daşıyıcısı deyil, həm də ictimai maarifçiliyin mühüm vasitəsinə çevrildi.

XX əsrin sonlarından başlayaraq Azərbaycanda media sistemində köklü dəyişikliklər baş verdi. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atıldı. 1998-ci ildə senzuranın tamamilə ləğvi Azərbaycan mətbuat tarixində dönüş nöqtəsi oldu. Bu addım yalnız mətbuatın inkişafı deyil, həm də demokratik cəmiyyət quruculuğuna verilmiş siyasi təminat idi. Heydər Əliyevin mətbuata göstərdiyi müstəsna qayğı və diqqət nəticəsində jurnalist peşəsinin nüfuzu artdı, dövlət–media münasibətləri sağlam təməllər üzərində quruldu.

Prezident İlham Əliyev də medianın inkişafını daim diqqət mərkəzində saxlayaraq, bu sahənin strateji əhəmiyyətini dəfələrlə vurğulamışdır. Onun rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” qəbul olundu, “Media haqqında” Qanun hazırlanaraq 2021-ci ildə təsdiq edildi. Yeni qanun medianın hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyənləşdirməklə, həm də rəqəmsal çağırışlara cavab verməyə imkan yaratdı. Prezidentin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılan Medianın İnkişafı Agentliyi isə çap və onlayn medianın inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə, informasiya təhlükəsizliyinin təmininə və milli media resurslarının rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş tədbirlər həyata keçirir.

Azərbaycanda informasiya texnologiyalarının inkişafı və rəqəmsallaşma prosesləri internet qəzetçiliyinin sürətlə yayılmasına şərait yaradıb. Müasir dövrdə ölkə daxilində və xaricdə Azərbaycanın informasiya təhlükəsizliyini təmin edən jurnalistlər, sosial media menecerləri, onlayn media platformaları təkcə xəbər daşıyıcısı deyil, həm də milli informasiya təhlükəsizliyinin ön cəbhəsində çalışan əsgərlərə çevriliblər. Qlobal informasiya şəbəkəsinin bir parçasına çevrilmiş Azərbaycan mediası milli informasiya resurslarının mövqeyini gücləndirmək, saxta xəbərlərə qarşı mübarizə aparmaq, media savadlılığını artırmaq və sosial məsuliyyətini qorumaq kimi mühüm vəzifələri yerinə yetirməkdədir.

Azərbaycan dövləti jurnalistlərin sosial müdafiəsini gücləndirmək üçün ardıcıl addımlar atır. Media subyektlərinə vergidən azadolmalar, jurnalistlərin ipoteka kreditlərinə çıxış imkanı, peşə bayramları münasibətilə mükafatlar və fəxri adlar verilməsi dövlətin mətbuata verdiyi dəyərin göstəricisidir. 2023-cü ildən etibarən media subyektlərinin media fəaliyyəti ilə bağlı gəlirləri bir neçə il müddətinə müxtəlif vergilərdən azad edilmişdir. Bu qərar həm də yerli medianın iqtisadi dayaqlarının möhkəmləndirilməsinə xidmət edir.

Azərbaycan mətbuatı 44 günlük Vətən müharibəsi dövründə də üzərinə düşən tarixi vəzifəni ləyaqətlə yerinə yetirdi. Cəbhə bölgəsində fəaliyyət göstərən jurnalistlərimiz əsl vətənpərvərlik, peşəkarlıq və fədakarlıq nümayiş etdirdi. Onlar bir tərəfdən informasiya cəbhəsində düşmənin saxta xəbərlərinə qarşı mübarizə apardı, digər tərəfdən isə əsgər və zabitlərimizin qəhrəmanlığını, xalqımızın birliyini və dövlətimizin ədalətli mövqeyini dünya ictimaiyyətinə çatdırdı. Jurnalistlərin müharibə zonasındakı fəaliyyəti təkcə xəbər istehsalı deyildi – bu, həm də milli yaddaşın salnaməsinə çevrildi.

Azərbaycan ilə Türkiyə arasında media sahəsində imzalanmış strateji əməkdaşlıq sazişi də mətbuat sahəsində beynəlxalq münasibətlərin yeni mərhələsini başlatdı. 2020-ci ilin dekabrında Bakı şəhərində imzalanan bu anlaşma dezinformasiyaya qarşı birgə mübarizə, ortaq media layihələrinin həyata keçirilməsi, jurnalistlərin qarşılıqlı təcrübə mübadiləsi və biliklərinin artırılması kimi sahələri əhatə edir. Bu əməkdaşlıq iki qardaş ölkənin mətbuatının beynəlxalq informasiya məkanında koordinasiyalı və daha güclü çıxış etməsinə imkan yaradır.

Son illərdə Şuşada keçirilən Qlobal Media Forumlar Azərbaycanın qlobal informasiya siyasətinə töhfə verməyə başladığını da göstərir. 2023 və 2024-cü illərdə təşkil edilən forumlar informasiya müharibəsi, yalan məlumatlarla mübarizə və süni intellekt çağırışları kontekstində yeni media modelinin formalaşdırılması baxımından beynəlxalq müzakirə meydanına çevrilmişdir.

2025-ci il Azərbaycan milli mətbuatının 150 illiyi kimi qeyd ediləcək. Prezident İlham Əliyevin təşəbbüsü ilə təsis edilən yubiley medalı və bu münasibətlə imzalanmış sərəncam bu sahəyə verilən yüksək dəyərin göstəricisidir. Bu tarixi mərhələ Azərbaycanın söz azadlığı tarixində yeni bir dönəm, milli informasiya strategiyasının daha da gücləndirilməsi üçün imkanlar dövrüdür.

Nəticə etibarilə, bu gün Azərbaycan mətbuatı yalnız xəbər daşıyıcısı deyil, dövlət və cəmiyyət arasında körpü rolunu oynayan strateji sektordur. Jurnalistlərimiz yüksək peşəkarlıq, obyektivlik və vətənpərvərlik prinsipləri ilə çıxış etməli, informasiya müharibəsində qalib tərəf kimi çıxış edərək xalqımızın dövlətçilik maraqlarını qorumalıdır. Demokratik münasibətlərin inkişafı, ictimai nəzarətin güclənməsi, şəffaflığın təmin olunması kimi vacib funksiyalar mətbuatın əsas məsuliyyətlərindəndir. Mətbuat azadlığı sadəcə hüquq deyil, eyni zamanda bir məsuliyyətdir. Bu məsuliyyətin daşıyıcıları olan Azərbaycan jurnalistləri, keçmişin şanlı ənənələrinə söykənərək, sabahın media dünyasını formalaşdırmağa davam etməlidirlər.

İlhamə Məhəmmədqızı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədr müavini

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər