Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə bu gün sentyabrın 17-dən Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb. Məlumatı MN mətbuat xidməti yayıb.
Sentyabrın 22-dək davam edəcək təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb edilib.
Xatırladaq ki, Müdafiə Nazirliyinin açıqladığı ssenariyə əsasən təlimlərdə Azərbaycanın işğal edilmiş ərazilərində mövqe tutan Ermənistan qüvvələrinin darmadağın edilməsi, düşmənin eşalonlaşdırılmış müdafiə xəttinin tanklarla yarılması məşq ediləcək.