Azərbaycan Prezidentinin Davos mesajları: Strateji baxış və qlobal perspektivlər

380

Prezident İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində Çinin CGTN telekanalına verdiyi müsahibə Azərbaycanın xarici siyasət prioritetlərini, beynəlxalq münasibətlərə baxışını və iqtisadi inkişaf strategiyasını əks etdirən mühüm açıqlamalarla yadda qaldı. Dövlət başçısının fikirləri Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu, regional və qlobal proseslərdəki rolunu bir daha təsdiqlədi.

Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. 30 ilə yaxın davam edən bu proses milli ideya səviyyəsində olub. Təəssüf ki, beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları işləmədiyi üçün Azərbaycan ədaləti özü bərpa etməli olub. BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həyata keçirilən bu proses beynəlxalq hüququn səmərəsizliyini və güc faktorunun vacibliyini bir daha göstərdi.

Müsahibədə Azərbaycanın regional mövqeyi də geniş təhlil edilib. Ölkəmiz müstəqilliyin bərpasından sonra güclü və özünü təmin edən iqtisadiyyat qurub. Ümumi daxili məhsula nisbətdə xarici borcun səviyyəsinin cəmi 6,9 faiz olması bunun bariz göstəricisidir. Bu əsasda regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirilib və Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe formalaşdırılıb. Azərbaycan öz milli maraqlarını, həyat tərzini və müstəqil siyasətini qəti şəkildə müdafiə edərək çoxlu uğurlar qazanıb. Dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın təcrübəsi göstərir ki, cəmiyyətdə sabitlik və birlik olduqda, ölkə öz maraqlarını uğurla müdafiə edə bilir.

Azərbaycanın beynəlxalq əməkdaşlıq sahəsindəki uğurları xüsusi vurğulanıb. COP29-a ev sahibliyi etməyin böyük məsuliyyət və nailiyyət olduğunu qeyd edən Prezident İlham Əliyev ölkəmizin şaxələnmiş xarici siyasətinin təsdiqi kimi namizədliyin təxminən 200 ölkə və beynəlxalq təşkilat tərəfindən yekdilliklə dəstəkləndiyini bildirib. Bundan əvvəl Qoşulmama Hərəkatına uğurlu sədrlik də Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Azərbaycanın dostluğa, əməkdaşlığa və heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasəti beynəlxalq arenada geniş dəstək qazanır. COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək təşəbbüsü Azərbaycanın qlobal məsuliyyətinin təzahürüdür.

Çin ilə münasibətlər Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Bunu müsahibədə səsləndirilən fikirlərdə aydın görürük. 2023-cü ildə qəbul edilmiş strateji tərəfdaşlıq üzrə Bəyannamə bu sahədə mühüm addım kimi dəyərləndirilir. Bu əməkdaşlıq çərçivəsində Çin şirkətləri artıq Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar və bu proses uğurla davam edir. Çin texnologiyasının yüksək keyfiyyəti və rəqabətqabiliyyətli qiyməti xüsusi qeyd edilib. Bu əməkdaşlığın perspektivləri, xüsusilə yaşıl enerji və nəqliyyat sahələrində böyük potensial vəd edir.

Orta Dəhliz layihəsi çərçivəsində Azərbaycanın rolu yalnız tranzit ölkə olmaqla məhdudlaşmır. Ölkə dəhliz boyunca müəssisələr yaratmaq, özəl sektoru inkişaf etdirmək hədəfindədir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin 15 milyon tondan 25 milyon tona çatdırılması planlaşdırılır ki, bu da Azərbaycanın tranzit potensialının artırılmasına yönəlib.

Azərbaycan 2027-ci ilə qədər 2 giqavat, 2030-cu ilə qədər isə 6 giqavat həcmində günəş və külək enerjisi istehsal etməyi hədəfləyir. COP29 çərçivəsində imzalanan Xəzər dənizinin dibi ilə enerji kabeli layihəsi və Qara dəniz vasitəsilə Avropaya çıxış imkanları bu sahədə yeni perspektivlər açır.

İkitərəfli münasibətlərin inkişafında viza rejiminin sadələşdirilməsi də mühüm addım kimi qeyd olunur. Çin vətəndaşları üçün viza tələbinin aradan qaldırılması turizmin inkişafına və xalqlararası təmasların artmasına töhfə verəcək.

Donald Trump dövründə mövcud olan müsbət təcrübəyə əsaslanaraq, gələcək əməkdaşlıq üçün nikbin gözləntilər mövcuddur. Son illərdə ABŞ-Azərbaycan münasibətlərində müşahidə edilən gərginliklərin aradan qaldırılması imkanları dəyərləndirilir.

Prezident İlham Əliyev müsahibədə liderlik fəlsəfəsini bölüşüb. Onun fikrincə, lider həmişə öz xalqına qarşı ədalətli olmalı və həqiqəti söyləməlidir. 20 ildən artıq müddətdə Azərbaycan xalqına verdiyi vədləri yerinə yetirən və ərazi bütövlüyünü bərpa edən lider kimi, bu prinsipin əhəmiyyətini xüsusi vurğulayıb. Beynəlxalq təzyiqlərdən və tənqidlərdən asılı olmayaraq, ölkə üçün doğru olanı etmək prinsipinin vacibliyi qeyd edilib.

Beləliklə, Davos mesajları Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu, regional və qlobal əməkdaşlığa verdiyi töhfələri, iqtisadi inkişaf strategiyasını və liderlik prinsiplərini aydın şəkildə ortaya qoyur. Azərbaycanın şaxələnmiş xarici siyasəti, güclü iqtisadiyyatı və beynəlxalq əməkdaşlığa verdiyi töhfələr onu regional və qlobal səviyyədə etibarlı tərəfdaşa çevirir.

Aygün Zülfüqarlı,
“Tərəqqi” medallı jurnalist

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər