8 Mart – Beynəlxalq Qadınlar Günü qlobal miqyasda qadın haqlarının tanınması, gender bərabərliyinin qorunması və qadınların cəmiyyətdəki rolu haqda düzgün təsəvvürün formalaşdırılması baxımından çox vacibdir. Azərbaycan qadını tarix boyu istər siyasi, istər mədəni, istərsə də ictimai sahədə ölkənin tərəqqisinə danılmaz töhfələr vermişdir. O, ailə dəyərlərinin qoruyucusu olmaqla yanaşı, eyni zamanda ictimai-siyasi həyatın fəal iştirakçısına çevrilmişdir.
Qadınların cəmiyyətdə oynadığı rol zaman keçdikcə dəyişsə də, onların əhəmiyyəti heç vaxt azalmamışdır. Azərbaycan qadını daim ailə dəyərləri və ənənələrinə sadiq qalmış, eyni zamanda yeniliklərə və inkişafa açıq olmuşdur. Bu gün qadınlarımız müxtəlif sahələrdə – təhsil, səhiyyə, siyasət, biznes və incəsənət sahələrində önəmli mövqelərə sahibdirlər.
Azərbaycan qadını tarix boyu xalqının tələfatlar, mübarizələr və qələbələrlə dolu yolunda fəal şəkildə iştirak etmişdir. “Kitabi-Dədə Qorqud” dastanındakı qadın obrazları, habelə Tomris, Nüşabə, Sara Xatun, Həcər, Tutu Bikə kimi şəxsiyyətlər xalqın tarixi yaddaşında çox özəl yer tutur. Onlar təkcə ailə ocaqlarını deyil, eyni zamanda dövlət siyasətini və ictimai düzəni formalaşdırmaqda çox vacib rol oynayıblar.
Bu tarixi şəxsiyyətlər öz dövrlərində qadınların gücünü, cəsarətini və müdrikliyini nümayiş etdirmişlər. Tomrisin hökmdarlıq dönəmi, Nüşabənin diplomatik bacarığı, Sara Xatunun siyasi məharəti Azərbaycan qadınının istənilən çətin şəraitdə lider ola biləcəyini sübut etmişdir. Bu gün də onların nümunəsi müasir qadınlarımıza ilham verir, onları cəmiyyətin inkişafında daha aktiv rol almağa sövq edir.
1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik dövləti olaraq qadınlara seçib-seçilmək hüququ verən ilk ölkələrdən biri oldu. Bu tarixi addım Azərbaycan qadınının sosial və siyasi həyata aktiv qatılmasına şərait yaratdı. Qadınların seçki hüququ əldə etməsi onların cəmiyyətin idarə olunmasında fəal iştirakını təmin etdi və gender bərabərliyinin əsasını qoydu.
Bu hüquq sayəsində qadınlarımız dövlət idarəçiliyində və ictimai-siyasi həyatın müxtəlif sahələrində önəmli rol almağa başladılar. Onlar tədricən parlamentdə, hökumət strukturlarında, eləcə də ictimai təşkilatlarda təmsil olunmağa başladılar. Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra isə qadınların siyasi fəaliyyət sahəsində iştirakı daha da genişləndi.
Azərbaycan qadınları tarix boyu milli dəyərlərə sadiq qalmış, eyni zamanda mədəni və intellektual inkişafın aparıcı gücü olmuşdur. Qadınların elm, mədəniyyət və incəsənətdə qazandığı nailiyyətlər, onların cəmiyyətə fəal təsiri bu gün də davam edir. XX əsrin əvvəllərində qadın təhsilinin inkişafı istiqamətində atılan addımlar onların ictimai həyatda daha aktiv iştirakına şərait yaratdı.
Bu gün Azərbaycan qadınları ali təhsil almaq, elmi araşdırmalar aparmaq və müxtəlif peşə sahələrində çalışmaq üçün geniş imkanlara malikdirlər. Onların maariflənməsi, intellektual və mədəni inkişafı ölkəmizin ümumi tərəqqisinə əhəmiyyətli töhfə verir. Azərbaycan qadını artıq yalnız ailənin deyil, həm də cəmiyyətin intellektual və mənəvi dayağıdır.
Azərbaycan Konstitusiyası gender bərabərliyini rəsmiləşdirərək qadın haqlarını qorumaq üçün mühüm zəmin yaratmışdır. 1995-ci ildə Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsini imzalayaraq qadın haqlarını beynəlxalq səviyyədə dəstəklədi. Bundan əlavə, ölkəmizdə qadınların hüquqlarını qoruyan bir sıra qanunlar qəbul edilmişdir.
Bu qanunvericilik bazası qadınların əmək bazarında, ailə həyatında və ictimai fəaliyyətlərdə hüquqlarını təmin edir. Qadınların məişət zorakılığına qarşı qorunması, onların sosial və iqtisadi imkanlarının genişləndirilməsi üçün müxtəlif dövlət proqramları həyata keçirilir.
Ümummilli Lider Heydər Əliyev qadın siyasətinin formalaşmasında məxsusi rol oynayıb. Bu siyasəti Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva uğurla davam etdirir. Mehriban xanımın rəhbərliyi altında həyata keçirilən sosial və humanitar layihələr qadın haqları və gender bərabərliyinin təmin olunmasına önəmli təkan verir. O, qadınların sosial həyatdakı fəallığını artırmaq üçün geniş layihələr icra edir.
Bu gün Azərbaycan qadınları ölkənin ictimai, iqtisadi və siyasi həyatında daha aktiv iştirak edirlər. Dövlətin qadın siyasəti onların liderlik mövqelərinə yüksəlməsi üçün imkanlar yaradır. Qadın sahibkarlığının inkişafına dəstək proqramları, ailə institutunun gücləndirilməsi və qadınların hüquqlarının müdafiəsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət daşıyır.
Azərbaycan qadını şanlı tariximizin bərpa olunmasında, ölkəmizin inkişafında, dövlət siyasətinin formalaşmasında böyük rol oynamışdır. Bu gün qadınlarımız siyasi, iqtisadi, sosial və mədəni sahələrdə aktiv rol oynamaqla cəmiyyətimizin inkişafına mühüm töhfələr verməkdə davam edirlər. Azərbaycan qadınının müasir dünyadakı rolu hər keçən gün daha da güclənir və ölkəmizin tərəqqisinə böyük təsir göstərir. Onların təhsil səviyyəsinin yüksəlməsi, siyasi fəallığının artması və iqtisadi sahədə iştirakının genişlənməsi Azərbaycan cəmiyyətinin inkişafını sürətləndirir. Azərbaycan qadını tarixdə olduğu kimi, bu gün də xalqımızın gələcəyinin qurulmasında mühüm rol oynamağa davam edir.
Mətanət Pirquliyeva,
SDU nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin direktoru, Əməkdar müəllim
Müzakirə qapadılmışdır.