Hər il 8 Mart – Beynəlxalq Qadınlar Günü dünyada olduğu kimi Azərbaycanda da qadınların cəmiyyətin inkişafındakı roluna diqqətin yönəldildiyi xüsusi bir gün kimi qeyd olunur. Azərbaycan qadını tarix boyu yalnız ailə institutunun dayağı kimi deyil, eyni zamanda dövlətçilik ənənələrinin qorunmasında, milli dəyərlərin yaşadılmasında və ictimai həyatın müxtəlif sahələrinin inkişafında mühüm rol oynayıb. Bu baxımdan Azərbaycan qadınının keçdiyi yol təkcə sosial inkişafın göstəricisi deyil, həm də xalqın mədəni və siyasi tarixinin ayrılmaz hissəsidir.
Tarixin müxtəlif mərhələlərində Azərbaycan qadınları Vətənin müdafiəsində və dövlət idarəçiliyində fəal iştirak edərək yüksək vətənpərvərlik nümunələri göstərmişlər. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidələrindən biri olan “Kitabi-Dədə Qorqud” dastanı qadınların cəmiyyət həyatında tutduğu mövqeyi aydın şəkildə əks etdirir. Dastanda qadın obrazları yalnız ailə daxilində deyil, eyni zamanda döyüş meydanında igidlik göstərən qəhrəmanlar kimi təqdim olunur. Tariximizin müxtəlif dövrlərində yaşamış Möminə Xatun, Sara Xatun, Nüşabə, Tomris, Nigar, Həcər və Tutu Bikə kimi görkəmli qadınların fəaliyyəti də Azərbaycan qadınının gücünü, iradəsini və liderlik xüsusiyyətlərini nümayiş etdirən parlaq nümunələrdir.
Azərbaycan qadınlarının hüquqlarının təmin olunması sahəsində ən mühüm tarixi mərhələlərdən biri isə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə bağlıdır. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçmək və seçilmək hüququ verərək dünya tarixində mühüm bir addım atmışdır. Bu qərar bir çox Avropa ölkələrindən belə əvvəl qəbul edilmişdi və qadınların ictimai-siyasi həyatda fəal iştirakının əsasını qoydu. Bununla Azərbaycan cəmiyyətində gender bərabərliyi ideyalarının formalaşmasına və qadınların dövlət idarəçiliyində iştirakına geniş imkanlar yaradıldı.
Azərbaycan qadınlarının maariflənməsi və ictimai həyatda fəallığının artması milli dəyərlərin qorunması ilə paralel şəkildə inkişaf etmişdir. Yüz illər boyu formalaşmış mənəvi dəyərlərə sadiq qalan Azərbaycan qadınları ana dilimizin, mədəniyyətimizin və milli kimliyimizin qorunub saxlanmasında mühüm rol oynamışlar. Keçmişin müdrik və ləyaqətli qadın şəxsiyyətlərinin ənənələrini davam etdirən müasir Azərbaycan xanımları bu gün də elm, təhsil, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə böyük uğurlar qazanaraq cəmiyyətin inkişafına mühüm töhfələr verirlər. Bu fakt Azərbaycan qadınının yüksək intellektual potensialını və sosial məsuliyyətini bir daha təsdiq edir.
Ölkəmizdə qadın siyasətinin sistemli şəkildə formalaşdırılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər dövlət idarəçiliyinin bütün sahələrində qadınların roluna böyük önəm vermiş, onların ictimai-siyasi fəaliyyətinə geniş imkanlar yaratmışdır. Onun təşəbbüsü ilə qadın problemlərinin həlli istiqamətində mühüm dövlət proqramları qəbul edilmiş, qadınların hüquqlarının müdafiəsi və onların cəmiyyət həyatında fəal iştirakının təmin olunması üçün institusional mexanizmlər yaradılmışdır. Bu siyasət Azərbaycan qadınlarının dövlət idarəçiliyində və ictimai həyatda daha geniş təmsil olunmasına şərait yaratmışdır.
Azərbaycan Respublikasının Konstitusiyası və qəbul olunmuş qanunvericilik aktları kişi və qadınların bərabər hüquqlara malik olduğunu təsbit edir. Gender bərabərliyinin təmin olunması istiqamətində “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunların qəbul edilməsi bu sahədə hüquqi bazanın daha da möhkəmləndirilməsinə xidmət etmişdir. Eyni zamanda ölkəmizin müxtəlif beynəlxalq konvensiyalara qoşulması və gender bərabərliyinə dair milli fəaliyyət planlarının həyata keçirilməsi qadın hüquqlarının qorunması istiqamətində atılan mühüm addımlar kimi qiymətləndirilir.
Müasir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar qadınların ictimai və iqtisadi həyatdakı rolunun daha da artmasına imkan yaradıb. Dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qadınların hüquqlarının müdafiəsi, onların məşğulluq imkanlarının genişləndirilməsi və sosial rifahının yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır. Ölkəmizdə həyata keçirilən müxtəlif proqramlar nəticəsində qadınların dövlət idarəçiliyində, parlamentdə, bələdiyyələrdə və ictimai təşkilatlarda təmsilçiliyi əhəmiyyətli dərəcədə artmışdır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti də Azərbaycan qadınının beynəlxalq nüfuzunun yüksəlməsinə mühüm töhfə verir. Onun rəhbərliyi ilə həyata keçirilən humanitar və mədəni layihələr yalnız ölkəmizdə deyil, dünyanın müxtəlif regionlarında həyata keçirilərək Azərbaycan mədəniyyətinin və humanitar dəyərlərinin təbliğinə xidmət edir. Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycan qadınının xeyirxahlıq, mərhəmət və humanizm kimi yüksək mənəvi keyfiyyətlərini beynəlxalq miqyasda nümayiş etdirən mühüm nümunələrdən biridir.
Bu gün Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində həyata keçirilən siyasət qadınların sosial, iqtisadi və siyasi fəallığının artırılmasına yönəlmişdir. Dövlət proqramları, milli fəaliyyət planları və qanunvericilik təşəbbüsləri qadınların təhsil, məşğulluq, sahibkarlıq və ictimai fəaliyyət sahələrində daha geniş imkanlar əldə etməsinə şərait yaradır. Bütün bunlar göstərir ki, Azərbaycan qadını bu gün təkcə ailənin deyil, bütövlükdə cəmiyyətin inkişafında mühüm rol oynayan aparıcı qüvvələrdən biridir.
8 Mart – Beynəlxalq Qadınlar Günü Azərbaycan qadınlarının tarix boyu göstərdiyi fədakarlığın, müdrikliyin və vətənpərvərliyin bir daha xatırlandığı əlamətdar gündür. Bu gün həm də qadınların cəmiyyət həyatındakı roluna verilən yüksək dəyərin ifadəsi kimi mühüm məna daşıyır. Azərbaycanın inkişafında və gələcəyinin formalaşmasında qadınların rolu bundan sonra da mühüm əhəmiyyət kəsb edəcəkdir.
Aygün Zülfüqarlı, Tərəqqi medallı jurnalist


Müzakirə qapadılmışdır.