Azərbaycan qarşılıqlı etimada və hörmətə əsaslanan əlaqələrə üstünlük verir

605

Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışı zamanı bir sıra mühüm məqamlara toxundu, önəmli mesajlar verdi. Konfransda regionun reallıqlarını, Azərbaycanın planlarını və qonşu dövlətlərlə münasibətləri daha yaxşı anlamağa imkan yaratmış oldu.

Afrika ölkələri ilə Azərbaycanın münasibətləri daha dinamik olub

Prezident İlham Əliyev çıxışı zamanı bildirdi ki, Azərbaycan Afrika qitəsinin ölkələri ilə fəal işləyir: “İsraildə səfirlik və Fələstində nümayəndəlik, habelə Albaniyada səfirlik açılması ilə yanaşı, Keniyada səfirliyin təsis edilməsi barədə qərar qəbul edilib. Azərbaycanı Afrika İttifaqında təmsil edən səfir, eyni zamanda, ölkəmizin Efiopiyadakı səfiri funksiyalarını da yerinə yetirir. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının sədri olandan sonra Afrika ölkələri ilə Azərbaycanın münasibətləri daha dinamik olub. Azərbaycanda keçirilən Zirvə Görüşündə mən dedim ki, biz ədaləti, təşkilatın üzvü olan ölkələrin milli maraqlarını və beynəlxalq hüququ müdafiə edəcəyik. Təşkilatın üzvləri olan 120 ölkənin, o cümlədən Afrika ölkələrinin bizim sədrliyimizin 2023-cü ilə qədər uzadılması barədə yekdil qərarı onların Azərbaycana dəstəyini və hörmətini əks etdirir”.

Bununla yanaşı Prezident İlham Əliyev xatırladıb ki, pandemiya dövründə Azərbaycan 80-dən çox ölkəyə kömək göstərib, onların əksəriyyəti Afrika dövlətləri idi. “Onlar başa düşürlər ki, Azərbaycan onların dostudur. Gələn il yazda biz Azərbaycanda Qoşulmama Hərəkatının növbəti Zirvə Görüşünü keçirməyi planlaşdırırıq. Bu baxımdan, bizim böyük potensialımız var”, – deyə dövlətimizin başçısı qeyd edib.

İslam Əməkdaşlıq Təşkilatının üzvləri arasında həmrəyliyin gücləndirilməsi üzrə fəal işləyirik

Biz Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanı daim dəstəklədiklərinə görə Ərəb Dövlətləri Liqasının üzvlərinə təşəkkür edən Prezident İlham Əliyev vurğuladı ki, .işğal dövründə və ərazilər azad olunduqdan sonra bizi dəstəkləyən və Ermənistanın işğalçı siyasətini pisləyən bir sıra qətnamələr qəbul olunub: “Biz, həmçinin İslam Əməkdaşlıq Təşkilatının üzvləri arasında həmrəyliyin gücləndirilməsi üzrə fəal işləyirik, bir neçə beynəlxalq tədbir keçirmişik. Pandemiya dövründə biz Ərəb Dövlətləri Liqasının və İslam Əməkdaşlıq Təşkilatı üzvləri də daxil olmaqla, dünyanın 80-dən çox ölkəsinə maliyyə və humanitar yardım göstərmişik. Bilirik ki, böyük potensial var, lakin biz iqtisadi əməkdaşlığın əsas sahələrini müəyyən etməliyik. Siyasi nöqteyi-nəzərdən hər şey aydındır, bizi dostluq münasibətləri bağlayır və mənim sammitdə iştirakım bunu göstərir. Lakin ticarət və iqtisadiyyat sahəsindəki göstəricilər, əlbəttə ki, bizi qane edə bilməz”.

Türk dövlətləri arasında əməkdaşlıq Orta Dəhlizin inkişafına əsas töhfələrdən biri olacaq

Dövlətimizin başçısı konfransdakı çıxışı zamanı  Türk dövlətləri arasında əməkdaşlığın inkişafına diqqət çəkərək bildirdi ki, Türk dövlətləri arasında əməkdaşlıq Orta Dəhlizin inkişafına əsas töhfələrdən biri olacaq: “Əgər ölkələrin coğrafi yerləşməsini nəzərdən keçirsək, – Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Xəzərin digər sahilində Azərbaycan, Gürcüstan və Türkiyə, – bu, əlavə imkanlar yaradır. Bir qədər əvvəl qeyd etdiyimiz kimi, bu gün ölkələrimiz arasında yüklərin tranziti artır. Bizdə olan məlumata görə, bu il həmin göstərici 70 faiz, gələn il isə bu rəqəm daha böyük ola bilər. Bütün bu yüklər Mərkəzi Asiyadan Transxəzər marşrutu üzrə Avropaya gedir”.

Prezident İlham Əliyevin sözlərinə görə, ikitərəfli ticarətin artırılması üçün yeni imkanlar mövcuddur. Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Biz indi Türkiyə ilə gömrük rüsumlarından azad ediləcək malların adlarının siyahısının genişləndirilməsi və azad ticarət haqqında saziş üzərində işləyirik. Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi artıq 4 milyard dollardan çoxdur. Başqa ölkələrlə də eyni vəziyyəti görürük. Bir mühüm addım da var ki, digər aparıcı aktorlar da bu marşrutu etibarlı, təhlükəsiz və iqtisadi cəhətdən cəlbedici hesab edirlər”.

Azərbaycan Prezidentinin sözlərinə görə, tarif siyasətinin unifikasiyası, gömrük strukturlarının fəaliyyətinin əlaqələndirilməsi üzərində daha çox işləmək lazımdır ki, öz yüklərini haraya göndərmək barədə düşünən şirkətlər həm vaxta, həm də pula qənaət etmək üçün bu dəhlizdən istifadə etsinlər. Bunun üçün potensial var və biz düzgün istiqamətdə irəliləyirik”.

Azərbaycan Avropa İttifaqını vacib tərəfdaş hesab edir

Azərbaycan Avropa İttifaqını vacib tərəfdaş hesab edir. Hazırda biz Avropa İttifaqı ilə yeni saziş üzərində məsləhətləşmələrin yekun mərhələsindəyik. O, 90 faizdən artıq hazırdır. Biz Avropa İttifaqı ilə Assosiasiya Sazişini imzalamadıq. Bunun əvəzində ikitərəfli əməkdaşlıq formatına üstünlük verdik. Dövlətimizin başçısı Şərq Tərəfdaşlığı haqqında danışarkən qeyd edib ki, Azərbaycan bu tərəfdaşlığı Avropa İttifaqına üzv ölkələrlə əməkdaşlıq platforması deyil, Avropa İttifaqı ilə əməkdaşlığın elementlərindən biri hesab edir.

Azərbaycan xalqı Pakistanın siyasi və mənəvi dəstəyini yüksək qiymətləndirir

Pakistan tərəfindən ölkəmizə göstərilən siyasi və mənəvi dəstəyin xalqımız tərəfindən yüksək qiymətləndirəndirildiyini qeyd edən dövlətimizin başçısı qeyd etdi ki, son iki ayda Pakistanın Baş naziri Şahbaz Şəriflə iki dəfə görüşüb və ikitərəfli münasibətlərin gündəliyini, dostluq və qardaşlıq gündəliyini geniş müzakirə ediblə: “Biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsində daimi dəstəyə görə Pakistana minnətdarıq. İstər işğal dövründə, istər müharibə zamanı, istərsə də torpaqlarımızın azad edilməsindən sonra Pakistan hər zaman bizim yanımızda olub. Bu siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir”.

Pakistanın Baş naziri ilə ticari-iqtisadi əlaqələrin canlandırılmasını da müzakirə etdiklərini vurğulayan dövlətimizin başçısı bildirib: “Biz bir-birimizi hansı məhsullarla təmin edə biləcəyimizi müzakirə etdik. Biz qardaş ölkədən keyfiyyətli düyü ala biləcəyimiz təqdirdə nə üçün onu başqalarından almalıyıq?”

Beləliklə, Prezident İlham Əliyev ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələrinin yer aldığı beynəlxalq konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olundu. Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı. Görünən odur ki, Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin diqqəti və marağı artıb.

 Sahib Fərzəliyev ,“Potensial” Sumqayıt Mütəxəssislər Birliyinin sədri, texniki elmlər üzrə fəlsəfə doktoru, professor

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər