Azərbaycan ilə Qazaxıstan arasındakı əlaqələr bu gün təkcə iki ölkə arasındakı diplomatik münasibətlər çərçivəsində deyil, həm də türkdilli dövlətlər birliyinin, regional əməkdaşlığın və qlobal enerji-nəqliyyat sistemlərinin mühüm dayaqlarından biri kimi dəyərləndirilir. Prezident İlham Əliyevin 18 oktyabr 2025-ci ildə Qazaxıstanın “Kazinform” agentliyinə verdiyi geniş müsahibə bir daha göstərdi ki, Bakı ilə Astana arasındakı tərəfdaşlıq münasibətləri sadəcə dostluq və qardaşlıq prinsiplərinə deyil, dərin strateji maraqlara, qarşılıqlı etimada və müştərək inkişaf vizyonuna əsaslanır.
Müsahibədə dövlət başçısının vurğuladığı məqamlar Azərbaycan–Qazaxıstan münasibətlərinin siyasi, iqtisadi, mədəni və ekoloji aspektlərdə hərtərəfli inkişaf etdiyini nümayiş etdirir.
Prezident İlham Əliyev qeyd edib ki, iki ölkə arasındakı əlaqələrin möhkəmliyini təmin edən əsas amil tarixi qardaşlıq, ortaq türk kimliyi və qarşılıqlı etimaddır. Azərbaycan ilə Qazaxıstan bu gün artıq “həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik” səviyyəsinə yüksəlmiş dövlətlərdir. Dövlət başçılarının müntəzəm səfərləri və ikitərəfli danışıqları əlaqələrin davamlı inkişafına stimul verir.
Son illərdə hər iki ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin intensivliyi — Prezident İlham Əliyevin son üç ildə Qazaxıstana yeddi, Prezident Kasım-Jomart Tokayevin isə altı dəfə Azərbaycana səfəri — dövlətlərarası münasibətlərin yüksək səviyyəsini əyani şəkildə göstərir. Bu təmaslar regional və beynəlxalq məsələlərdə vahid mövqelərin formalaşmasına, gündəlikdə duran məsələlərin operativ həllinə şərait yaradır.
Azərbaycan Prezidenti, eyni zamanda, işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzini xalqlarımız arasındakı dostluğun simvolu kimi qiymətləndirib. Bu təşəbbüs Qazaxıstanın Azərbaycana mənəvi dəstəyinin parlaq nümunəsidir.
2025-ci ildə Azərbaycan ilə Qazaxıstan arasında imzalanmış “Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin 20 illiyi qeyd olunur. Prezident İlham Əliyevin sözlərinə görə, bu sənəd qarşılıqlı münasibətlərin hüquqi bazasını möhkəmləndirməklə yanaşı, iqtisadi, siyasi və humanitar əməkdaşlığın dərinləşməsi üçün möhkəm təməl yaradıb.
Bu gün iki ölkə arasında 170-dən çox hüquq-saziş sənədi imzalanıb ki, bu da əməkdaşlığın institusional əsaslarını təmin edir. Ali Dövlətlərarası Şuranın fəaliyyəti də münasibətlərin yeni mərhələyə keçidində mühüm rol oynayır. Astanada keçiriləcək ikinci iclasda əməkdaşlığın perspektiv istiqamətləri müzakirə olunacaq. Azərbaycan və Qazaxıstan həm də BMT, Türk Dövlətləri Təşkilatı, İƏT, CICA kimi beynəlxalq platformalarda bir-birinə qarşılıqlı dəstək göstərir.
Prezident İlham Əliyev müsahibəsində vurğulayıb ki, Azərbaycan–Qazaxıstan iqtisadi-ticari əlaqələrinin spektri çoxşaxəlidir və davamlı artım müşahidə olunur. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 470 milyon dollar təşkil edib, 2025-ci ilin yanvar–avqust aylarında isə bu rəqəm üç dəfə artaraq 547 milyon dollara çatıb. Bu artım Orta Dəhlizin səmərəli istifadəsi və nəqliyyat-logistika infrastrukturunun modernləşdirilməsi ilə əlaqədardır.
Hazırda Azərbaycanda Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya qurumu fəaliyyət göstərir. Bu fakt Qazaxıstan sahibkarlarının Azərbaycan iqtisadiyyatına olan etimadının göstəricisidir. Eyni zamanda, Azərbaycan tərəfindən Qazaxıstana 225 milyon dollar, Qazaxıstan tərəfindən isə Azərbaycana 136 milyon dollar sərmayə yatırılıb. Bu rəqəmlər uzunmüddətli tərəfdaşlığa və iqtisadi inkişafa qarşılıqlı marağı nümayiş etdirir. Azərbaycan və Qazaxıstan üçün Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) strateji əhəmiyyət daşıyan əməkdaşlıq sahəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu dəhliz regional inteqrasiya, iqtisadi artım və tranzit imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 2024-cü ildə iki ölkə arasında tranzit daşımalarının həcmi 20 faiz artaraq 3,5 milyon ton təşkil edib.
2022-ci ildə Aktauda imzalanmış “2022–2027-ci illər üçün Yol Xəritəsi” üç ölkə – Türkiyə, Azərbaycan və Qazaxıstanın nəqliyyat infrastrukturunun sinxron inkişafını nəzərdə tutur. Eyni zamanda, 2025-ci ilin martında imzalanmış sualtı fiber-optik kabel layihəsi Xəzər dənizinin dibi ilə iki ölkə arasında rəqəmsal inteqrasiyanın əsasını qoyacaq. Neft-qaz sektorunda SOCAR və “KazMunayQaz” arasında Aktau–Ceyhan marşrutu üzrə tranzit sazişin imzalanması enerji əməkdaşlığını daha da dərinləşdirib. Bu razılaşmalar Xəzər regionunun enerji təhlükəsizliyinə və Avropa istiqamətində sabit enerji axınının təmin edilməsinə töhfə verir.
Prezident İlham Əliyev yaşıl energetika sahəsində Azərbaycan, Qazaxıstan və Özbəkistanın əməkdaşlığını regional inkişaf üçün mühüm istiqamət kimi dəyərləndirib. 2024-cü ildə imzalanmış memorandumlar və sazişlər bərpaolunan enerji mənbələrinin təşviqinə, enerji sistemlərinin inteqrasiyasına yönəlib. Bu təşəbbüslər ölkələrin ekoloji cəhətdən təmiz texnologiyalara keçidini və davamlı inkişaf strategiyalarının reallaşdırılmasını təmin edəcək.
Xəzər dənizi ilə bağlı Prezident İlham Əliyevin səsləndirdiyi ekoloji çağırışlar isə xüsusi diqqət doğurur. Dövlət başçısı su səviyyəsinin azalmasının təkcə iqlim dəyişiklikləri ilə deyil, həm də antropogen amillərlə əlaqəli olduğunu vurğulayıb. Onun fikrincə, Xəzəryanı ölkələr ekoloji təhlükələri minimuma endirmək üçün elmi mübadiləni və koordinasiyanı gücləndirməlidir.
Müsahibədə Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) rolunu xüsusi vurğulayıb. O bildirib ki, bu təşkilat türkdilli dövlətlər arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın mühüm platformasına çevrilib. 2009-cu ildə Naxçıvanda əsası qoyulmuş TDT bu gün Türk dünyasının inteqrasiyasını gücləndirir. 2024-cü ildə Qəbələdə keçirilmiş TDT Zirvə Görüşü təşkilatın strateji istiqamətlərinin müəyyənləşməsində mühüm addım olub. Bununla yanaşı, TÜRKSOY, TÜRKPA, Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası kimi qurumlar Azərbaycan–Qazaxıstan əməkdaşlığının mədəni və elmi istiqamətlərini möhkəmləndirir.
Prezident İlham Əliyev xalqlarımızı birləşdirən mənəvi və mədəni bağlara da xüsusi diqqət yetirib. 2023–2024-cü illərdə keçirilmiş qarşılıqlı Mədəniyyət Günləri, Kemel Tokayevin əsərlərinin Azərbaycan dilinə tərcüməsi və Mir Cəlal Paşayevin yubileyinə həsr olunmuş beynəlxalq konfranslar bu əməkdaşlığın canlı nümunələridir. Prezident İlham Əliyevin “Kazinform” agentliyinə müsahibəsi Azərbaycan–Qazaxıstan münasibətlərinin çoxşaxəli və strateji xarakterini dərin təhlil etməyə imkan verir. Bu münasibətlər təkcə siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmır, həm də ortaq türk kimliyi, mədəni-mənəvi dəyərlər, regional sabitlik və ekoloji məsuliyyət kimi dərin strateji sütunlara söykənir.
Bu gün Bakı ilə Astananın əməkdaşlığı Orta Asiya və Cənubi Qafqaz regionları arasında körpü rolunu oynayır, Avrasiya məkanında sabitlik və inkişafın təmin olunmasına mühüm töhfə verir.
Azərbaycan və Qazaxıstan arasındakı münasibətlər, əslində, müasir beynəlxalq münasibətlər sistemində yeni bir model — etimada, qardaşlığa və ortaq gələcəyə əsaslanan strateji əməkdaşlıq modeli kimi qiymətləndirilə bilər.
Maqsudəli Maqsudov, Əməkdar mühəndis, Azərbaycan Respublikası Prezidentin fərdi təqaüdçüsü
Müzakirə qapadılmışdır.