Azərbaycan–Qazaxıstan strateji tərəfdaşlığında yeni mərhələ

464

2025-ci il oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanat və Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclasındakı çıxışı iki qardaş xalqın münasibətlərində yeni bir mərhələnin əsasını qoydu. Həm siyasi, həm iqtisadi, həm də mədəni-humanitar sahələrdə dərinləşən əməkdaşlıq, Cənubi Qafqaz və Mərkəzi Asiya məkanında formalaşmaqda olan yeni geosiyasi reallıqlar fonunda xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin bəyanatı yalnız iki ölkə arasında dostluq münasibətlərinin təsdiqi deyil, həm də regional inteqrasiyanın, nəqliyyat-logistika əməkdaşlığının və sülh gündəliyinin davamlı inkişafı istiqamətində strateji baxışın ifadəsi idi.

Prezident İlham Əliyev bəyanatında Qazaxıstanın Prezident Kasım-Jomart Tokayevin müdrik rəhbərliyi altında həyata keçirdiyi modernləşmə siyasətinə yüksək qiymət verərək bildirdi ki, bu islahatlar sayəsində ölkə sürətlə inkişaf edir, süni intellekt və yeni texnologiyalar sahəsində mühüm nailiyyətlər əldə edir. Qazaxıstan bu gün yalnız Mərkəzi Asiyada deyil, bütün dünyada etibarlı tərəfdaş, müstəqil siyasət yürüdən dövlət kimi tanınır. Azərbaycanın dövlət başçısı vurğuladı ki, Qazaxıstan hər zaman Azərbaycanın dostu olub və bu dostluq xüsusilə Azərbaycanın ən çətin dövrlərində – işğal illərində özünü aydın şəkildə göstərib. Qazaxıstan beynəlxalq platformalarda daim Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib, ədalətin bərpası üçün qardaşlıq mövqeyindən çıxış edib.

Prezident Əliyev çıxışında Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanmasını region üçün mühüm dönüş nöqtəsi kimi dəyərləndirdi. Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanan sənədin ardından Qazaxıstan bu təşəbbüsü dəstəkləyən ilk dövlətlərdən biri oldu. Bu fakt bir daha göstərdi ki, Bakı ilə Astana yalnız dost ölkələr deyil, həm də eyni dəyərlərə və regional sabitlik baxışına malik tərəfdaşlardır. Azərbaycan tərəfindən Ermənistanın yüklərinin tranzit məhdudiyyətlərinin aradan qaldırılması və ilk belə tranzitin Qazaxıstanın Ermənistana taxıl yükü olması da sülhün praktik səviyyədə reallaşmasının göstəricisidir.

Azərbaycan və Qazaxıstan xalqları əsrlərboyu ortaq köklərə, mənəvi dəyərlərə və türkdilli birliyə əsaslanan əlaqələrlə birləşiblər. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, dövlətlərarası münasibətlər bu sarsılmaz bünövrə üzərində qurulub və qarşılıqlı səfərlərin intensivliyi bu əlaqələrin dərinliyini nümayiş etdirir. Ali Dövlətlərarası Şura çərçivəsində aparılan müzakirələrdə əldə olunan nəticələr ölkələrimizin strateji əməkdaşlığının sistemli şəkildə irəlilədiyini göstərir. Prezidentlər səviyyəsində qarşılıqlı nəzarət və koordinasiya bu əlaqələrin davamlı xarakter daşımasına şərait yaradır.

Azərbaycan və Qazaxıstanın fəal iştirakı ilə həyata keçirilən Orta Dəhliz və Zəngəzur dəhlizi layihələri Avrasiya regionunun iqtisadi inteqrasiyasına yeni nəfəs gətirir. Prezident Əliyev vurğuladı ki, Azərbaycanın ərazisində avtomobil və dəmir yolu xətləri üzrə işlər artıq yekunlaşmaq üzrədir və Zəngəzur dəhlizinin 2028-ci ilin sonuna qədər tam istifadəyə verilməsi planlaşdırılır. Bu dəhliz təkcə iki ölkənin deyil, bütün Avrasiya qitəsinin ticarət və enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. TRIPP layihəsinin də bu konteksdə reallaşması Orta Dəhlizin gücünü artıracaq və Asiyadan Avropaya daşınan yüklərin həcmini daha da yüksəldəcək.

Prezident Əliyev Qazaxıstanın Qarabağın bərpasında göstərdiyi qardaş köməyini xüsusi minnətdarlıqla qeyd etdi. Füzuli şəhərində açılmış Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi yalnız mədəniyyət ocağı deyil, həm də dostluğun rəmzidir. Bu humanitar layihə Qazaxıstanın Azərbaycanın “Böyük Qayıdış” proqramına verdiyi mənəvi və praktik dəstəyin bariz nümunəsidir. Bu təşəbbüs həm regionda birliyin, həm də türk dövlətləri arasında qarşılıqlı yardımın güclənməsinə xidmət edir.

Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əlaqələr yüksələn xətlə inkişaf edir. Hökumətlərarası Komissiyanın iclasında Birgə İnvestisiya Fondunun yaradılması və artıq bir neçə layihənin icrasına başlanması bu sahədə əməkdaşlığın konkret nəticələr verdiyini göstərir. Eyni zamanda Xəzərin dibi ilə elektrik kabelinin tikintisi üzrə üçtərəfli müqavilə regionun enerji təhlükəsizliyini və bərpaolunan enerji sahəsində əməkdaşlığı yeni mərhələyə daşıyır. Mədəniyyət sahəsində qarşılıqlı tədbirlərin – Azərbaycan və Qazaxıstan Mədəniyyəti Günlərinin mütəmadi keçirilməsi isə xalqlar arasında mənəvi bağların gücləndirilməsinə xidmət edir.

Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlar çərçivəsində bir-birini daim dəstəkləyir. Prezident Əliyev bəyanatında qeyd etdi ki, istər BMT, istər İslam Əməkdaşlıq Təşkilatı, istərsə də Türk Dövlətləri Təşkilatı olsun, hər iki ölkə vahid mövqedən çıxış edir. 2026-cı ildə Bakıda keçiriləcək İƏT və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin sammitlərində Qazaxıstanın fəxri qonaq kimi iştirakı da bu strateji həmrəyliyin göstəricisi olacaq.

Prezident İlham Əliyevin 2025-ci il oktyabrın 21-də Astanada səsləndirdiyi fikirlər Azərbaycan–Qazaxıstan münasibətlərinin gələcək istiqamətlərini aydın şəkildə müəyyənləşdirdi. Bu münasibətlər artıq sadəcə ikitərəfli əməkdaşlıq formatını aşaraq regional və beynəlxalq səviyyədə strateji tərəfdaşlığa çevrilib. Siyasi etimad, iqtisadi inteqrasiya, mədəni yaxınlıq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulan bu münasibətlər Cənubi Qafqaz və Mərkəzi Asiyanın birgə inkişafı üçün etibarlı zəmin yaradır.

Azərbaycan və Qazaxıstanın bu dostluq və əməkdaşlıq modeli regionda sabitliyin, tərəqqinin və ortaq gələcəyin ən bariz nümunəsidir.

Namiq Əliyev, Sumqayıt şəhərinin Tarixi Muzeyinin direktor vəzifəsini müvəqqəti icra edən

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər