Prezident İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstana həyata keçirdiyi dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər, qəbul edilən qərarlar və verilən siyasi mesajlar göstərir ki, tərəflər əməkdaşlığı ənənəvi dostluq münasibətlərindən strateji müttəfiqlik səviyyəsinə yüksəltmək əzmindədir. Prezident İlham Əliyevin “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq” fikri iki ölkənin gələcək əməkdaşlıq modelinin əsas siyasi fəlsəfəsini ifadə edir. Bu yanaşma qarşılıqlı etimada, ortaq maraqlara və beynəlxalq münasibətlər sistemində birgə fəaliyyətə söykənən uzunmüddətli tərəfdaşlığın formalaşdığını nümayiş etdirir.
Səfərin mühüm nəticələrindən biri iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində atılan addımlar oldu. Azərbaycan–Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının iki dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılması iki ölkənin iqtisadi əməkdaşlığa verdiyi strateji əhəmiyyətin göstəricisidir. Bu qərar yalnız maliyyə resurslarının artırılması deyil, həm də sənaye, kənd təsərrüfatı, turizm, logistika və emal sənayesi kimi sahələrdə birgə layihələrin genişlənməsi üçün yeni imkanlar yaradır. Fond vasitəsilə həyata keçirilən layihələrin yeni iş yerlərinin yaradılmasına, istehsal imkanlarının genişlənməsinə və qarşılıqlı investisiyaların artmasına xidmət etməsi Azərbaycanın Mərkəzi Asiyada iqtisadi mövqeyini daha da gücləndirir.
İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə inşa edilmiş “Baku Resort & SPA” hotelinin istifadəyə verilməsi də iqtisadi əməkdaşlıqla yanaşı, Azərbaycanın xaricdə həyata keçirdiyi uğurlu investisiya siyasətinin nümunəsi kimi diqqət çəkir. Azərbaycanın adını daşıyan bu müasir turizm kompleksinin Qırğızıstanın ən məşhur turizm bölgəsində yerləşməsi ölkəmizin iqtisadi potensialını və investisiya imkanlarını nümayiş etdirməklə yanaşı, Azərbaycan brendinin beynəlxalq səviyyədə tanınmasına da töhfə verir. Bu layihə gələcəkdə turizm, xidmət və infrastruktur sahələrində yeni birgə investisiyalar üçün də stimul rolunu oynaya bilər.
Azərbaycan–Qırğızıstan münasibətlərinin əsas sütunlarından biri ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərdir. Qarabağın bərpası çərçivəsində Ağdam rayonunda “Manas” adına məktəbin inşa edilməsi qırğız xalqının Azərbaycana verdiyi siyasi və mənəvi dəstəyin rəmzinə çevrilib. Eyni zamanda Bakıda Çingiz Aytmatovun abidəsinin və parkının yaradılması, Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının salınması, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi xalqlar arasında humanitar əlaqələrin davamlı inkişaf etdiyini göstərir. Bu layihələr dövlətlərarası münasibətləri cəmiyyətlər səviyyəsində də möhkəmləndirərək gələcək əməkdaşlıq üçün etibarlı sosial baza formalaşdırır.
Səfərin geosiyasi baxımdan ən mühüm nəticələrindən biri Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv qəbul olunmasıdır. Bu qərar Azərbaycanın Mərkəzi Asiya regionu ilə əməkdaşlığının institusional xarakter aldığını və Türk dünyasının inteqrasiya prosesində rolunun daha da artdığını göstərir. Azərbaycanın Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ilə Avropa arasında əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevrilməsi, Orta Dəhlizin inkişafında oynadığı rol və enerji təhlükəsizliyinə verdiyi töhfələr ölkəmizin region üçün strateji əhəmiyyətini daha da artırır. Çolpon-Ata Bəyannaməsinin qəbul edilməsi isə Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında siyasi dialoqun, iqtisadi inteqrasiyanın və regional əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir.
Dövlət səfəri çərçivəsində imzalanan çoxsaylı sənədlər də əməkdaşlığın əhatə dairəsinin kifayət qədər geniş olduğunu göstərir. Siyasi münasibətlər, iqtisadiyyat, investisiyalar, nəqliyyat, logistika, kənd təsərrüfatı, təhsil, elm, rəqəmsal inkişaf, mədəniyyət və digər istiqamətləri əhatə edən razılaşmalar tərəflərin əməkdaşlığı sistemli şəkildə inkişaf etdirmək niyyətini ortaya qoyur. Bu sənədlərin icrası nəticəsində ikitərəfli ticarət dövriyyəsinin artacağı, biznes mühitinin genişlənəcəyi və yeni regional layihələrin reallaşacağı gözlənilir.
Prezident İlham Əliyevin Qırğızıstanın ali dövlət mükafatı – I dərəcəli “Manas” ordeni ilə təltif olunması, Qırğızıstan Prezidenti Sadır Japarovun isə Azərbaycanın ali dövlət təltifi olan “Heydər Əliyev” ordeni ilə mükafatlandırılması dövlət başçıları arasında mövcud olan yüksək etimadın və qarşılıqlı hörmətin bariz ifadəsidir. Bu addımlar diplomatik protokol çərçivəsini aşaraq, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin xüsusi xarakter daşıdığını və strateji tərəfdaşlığın siyasi əsaslarının daha da möhkəmləndiyini nümayiş etdirir.
Bütövlükdə, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də Azərbaycanın Mərkəzi Asiya siyasətinin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər. İqtisadi əməkdaşlığın genişlənməsi, investisiyaların artırılması, humanitar əlaqələrin möhkəmləndirilməsi, regional inteqrasiyanın dərinləşdirilməsi və Türk dünyasında həmrəyliyin gücləndirilməsi bu səfərin əsas nəticələri sırasında yer alır. Qəbul edilən qərarlar göstərir ki, Azərbaycan və Qırğızıstan gələcək illərdə də qarşılıqlı etimada əsaslanan, regional sabitliyə və ortaq inkişafa xidmət edən strateji müttəfiqlik münasibətlərini daha da inkişaf etdirmək əzmindədir.
Maqsudəli Maqsudov, Əməkdar mühəndis, Azərbaycan Respublikası Prezidentin fərdi təqaüdçüsü


Müzakirə qapadılmışdır.