Azərbaycan regional sabitliyin və inkişafın əsas dayağıdır

269

9 aprel 2025-ci il tarixində ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forum Prezident İlham Əliyevin iştirakı və çıxışı ilə Azərbaycan tarixində daha bir mühüm siyasi hadisə kimi yadda qaldı. Forumda dünyanın müxtəlif ölkələrindən gəlmiş tanınmış beynəlxalq ekspertlər, analitiklər, siyasətçilər və diplomatlar iştirak etdilər. Bu, artıq yeddinci belə tədbir idi və əlamətdar məqam ondan ibarətdir ki, bu kimi forumlar Azərbaycanı beynəlxalq miqyasda daha dərindən tanıtmaqla yanaşı, ölkənin regional və qlobal proseslərdəki artan rolunu nümayiş etdirir.

Prezident İlham Əliyevin çıxışı həm daxili, həm də xarici siyasət prizmasından olduqca əhəmiyyətli məqamlarla zəngin idi. O, yalnız bugünkü Azərbaycanın reallıqlarını deyil, həm də Cənubi Qafqazda və ətraf regionlarda yeni bir siyasi-iqtisadi düzənin formalaşmasında ölkəmizin oynadığı mühüm rolu dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Xüsusilə post-müharibə dövründə Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, Xankəndi və digər şəhərlərin Azərbaycan suverenliyinə tam bərpa edilməsi, ölkəmizin öz ərazi bütövlüyünü beynəlxalq dəstək olmadan təmin etməsi və bunun beynəlxalq hüquq müstəvisində yaratdığı unikal presedent çıxışın əsas vurğuları idi.

Forumda çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın öz ərazi bütövlüyünü 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında 24 saatdan az çəkən antiterror tədbirləri nəticəsində tam bərpa etdiyini xüsusi vurğuladı. Bu, beynəlxalq hüquq tarixində nadir hallarda rast gəlinən bir presedentdir: bir ölkə xarici dəstək olmadan, yalnız öz siyasi iradəsi, güclü ordusu və xalqının birliyi hesabına otuz ildən çox davam etmiş bir işğala son qoyaraq suverenliyini tam təmin etmişdir. Bu fakt, Prezidentin sözləri ilə desək, “beynəlxalq ictimaiyyətin və ekspertlərin yerindəcə, o ərazilərə səfər etməklə reallığı görməsi” baxımından əhəmiyyətlidir.

Xüsusilə forum iştirakçılarının Xankəndi şəhərinə etdiyi səfər simvolik və strateji məna daşıyırdı. Xankəndi uzun illər boyu erməni separatizminin mərkəzi olmuş, Ermənistanın dəstəklədiyi qondarma rejimin “paytaxtı” kimi təqdim edilirdi. Prezident çıxışında bu şəhərin adının “Xanın kəndi” olduğunu və onun Azərbaycan mənşəyini xüsusi olaraq qeyd etdi. Sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının “zaman bombası” funksiyası daşıdığını deyən İlham Əliyev bu qərarın uzunmüddətli fəsadlarına və beynəlxalq aktorların bu münaqişədən öz siyasi məqsədləri üçün istifadə etdiklərinə toxundu.

Prezident İlham Əliyevin çıxışının mühüm istiqamətlərindən biri də Azərbaycanın geosiyasi mövqeyinin beynəlxalq münasibətlər sistemində artan əhəmiyyətinə dair fikirlər idi. Prezident qeyd etdi ki, Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olduğunu göstərmək üçün xəritəyə baxmaq kifayətdir. Azərbaycan yalnız Cənubi Qafqazın deyil, həm də Avrasiyanın geosiyasi, iqtisadi və nəqliyyat baxımından strateji mərkəzində yerləşir. Bu mövqe, Azərbaycanın həm Şərq, həm də Qərb ilə əlaqələrini dərinləşdirməsinə imkan verir.

Hazırda Azərbaycan Avropa İttifaqının bir sıra üzv ölkələri ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalamışdır. Eyni zamanda, ölkəmiz Mərkəzi Asiya və Yaxın Şərq ölkələri ilə də güclü siyasi və iqtisadi münasibətlər qurmuşdur. Prezident qeyd etdi ki, Mərkəzi Asiya ilə Avropa arasında mühüm körpü rolunu oynayan Azərbaycan nəqliyyat, enerji və loqistika sahəsində böyük uğurlara imza atmışdır. Orta Dəhliz layihəsi çərçivəsində Xəzər dənizi üzərindən keçən nəqliyyat marşrutları, Azərbaycanın dəniz limanı, gəmiqayırma zavodu və dəmir yollarına qoyulan investisiyalar, bu ölkəni regionda əsas logistik mərkəzə çevirib.

Prezident çıxışında enerji təhlükəsizliyi və yaşıl enerji sahəsində görülən işlərə də geniş yer ayırdı. Azərbaycanın yaşıl enerji sahəsində atdığı addımlar, xüsusilə Qazaxıstan və Özbəkistanla Xəzər dənizinin dibi ilə çəkiləcək yaşıl enerji kabeli layihəsi xüsusi diqqətə layiqdir. Bu layihə yalnız regionun enerji resurslarının birləşdirilməsi deyil, həm də Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə vermək məqsədi daşıyır.

Cənub Qaz Dəhlizi layihəsi artıq özünü doğrultmuşdur və Prezidentin qeyd etdiyi kimi, bu layihə ətrafında keçirilən Məşvərət Şurasının son iclasında yaşıl enerji məsələləri də əsas müzakirə mövzusu olmuşdur. Bu isə onu göstərir ki, Azərbaycan təkcə neft və qazla deyil, eyni zamanda alternativ enerji sahəsində də regional liderliyə iddialıdır və bu istiqamətdə də beynəlxalq əməkdaşlığa açıqdır.

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması perspektivləri də Prezidentin çıxışında önəmli yer tutdu. Prezident İlham Əliyev bildirdi ki, əgər bu saziş imzalansa, bölgədə əməkdaşlığın inkişafına heç bir maneə qalmayacaq. Ermənistan uzun illər boyunca Cənubi Qafqazın tranzit və enerji layihələrindən kənarda qaldı və bu, onun özünü iqtisadi və siyasi cəhətdən təcrid vəziyyətinə saldı.

Azərbaycan-Gürcüstan münasibətlərindəki yüksək səviyyəli əməkdaşlıq model kimi göstərilərək, Ermənistanın da bu prosesə inteqrasiya olmasının mümkünlüyü qeyd olundu. Prezidentin fikrincə, Ermənistan bu fürsətləri doğru dəyərləndirmədiyi üçün nəqliyyat və enerji marşrutlarının əsas iştirakçısı olmaq imkanını itirdi. Lakin gələcəkdə, düzgün siyasi qərarlar və qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması ilə bu inteqrasiya yenidən gündəmə gələ bilər.

Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” forumundakı çıxışı bir neçə aspektdən həm yerli, həm də beynəlxalq ictimaiyyət üçün strateji əhəmiyyət daşıyır. Bu çıxış Azərbaycanın öz suverenliyini bərpa etməsi, regional güc mərkəzinə çevrilməsi, enerji və nəqliyyat layihələrində lider rolu, yaşıl enerjiyə keçid planları və Cənubi Qafqazda sülh gündəminin formalaşmasında aparıcı mövqe tutduğunu bir daha nümayiş etdirdi.

Bununla yanaşı, Prezidentin çağırışları dünyaya bir mesaj idi: yeni dünya düzəni artıq formalaşır və Azərbaycan bu düzənin fəal iştirakçısıdır. Geosiyasi yerləşməsi, iqtisadi sabitliyi, diplomatik balansı və strateji düşüncə ilə idarə olunan siyasi liderliyi sayəsində Azərbaycan gələcəkdə də regionun və dünyanın diqqət mərkəzində olacaq. Prezident Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın nəzərə alınmaması artıq mümkün deyil – çünki bu ölkə təkcə coğrafi deyil, siyasi və iqtisadi baxımdan da xəritənin mərkəzində dayanır.

Mönsüm Alışov, pedaqoji elmlər doktoru, professor

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər