Azərbaycan–Serbiya münasibətləri strateji tərəfdaşlıq mərhələsinə yüksəlmişdir

43

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ikitərəfli münasibətlər son illər ardıcıl siyasi dialoq, qarşılıqlı etimad və praqmatik əməkdaşlıq üzərində formalaşaraq strateji tərəfdaşlıq mərhələsinə yüksəlmişdir. Hər iki ölkə beynəlxalq hüququn əsas prinsiplərinə, xüsusilə suverenlik və ərazi bütövlüyünə hörmət məsələsində ortaq mövqedən çıxış edir. Bu amil Bakı–Belqrad xəttində siyasi yaxınlaşmanı dərinləşdirməklə yanaşı, iqtisadiyyat, energetika və nəqliyyat kimi sahələrdə real layihələrin əsasını qoyur.
Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri iki ölkə münasibətlərinin məhz bu yeni mərhələsinin bariz ifadəsi kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində dövlət başçısının verdiyi bəyanatlar Azərbaycan–Serbiya əlaqələrinin yalnız bugünkü vəziyyətini deyil, həm də uzunmüddətli strateji perspektivlərini aydın şəkildə ortaya qoydu. Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə uzun illərə söykənən şəxsi təmasların, səmimi dialoqun və dostluq münasibətlərinin dövlətlərarası əməkdaşlığa mühüm töhfə verdiyini xüsusi vurğuladı.
Prezidentin çıxışında Serbiya dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə və bu prosesdə Prezident Vuçiçin liderlik keyfiyyətlərinə yüksək qiymət verilməsi təsadüfi deyildi. Təbii sərvətləri məhdud olan bir ölkənin öz daxili potensialına arxalanaraq iqtisadi inkişafı təmin etməsi, xüsusilə Avropa məkanında mövcud mürəkkəb geosiyasi və iqtisadi şərait fonunda diqqətəlayiq nümunə kimi təqdim olundu. Bu yanaşma Azərbaycan tərəfinin Serbiyaya tərəfdaş kimi baxışında etimad faktorunun əsas yer tutduğunu göstərir.
Səfərin mühüm nəticələrindən biri Serbiya–Azərbaycan Strateji Şurasının ilk iclasının keçirilməsi oldu. Bu platforma çərçivəsində siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi və energetika sahələrində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq təşkilatlar daxilində qarşılıqlı dəstəyin davam etdirilməsi kimi məsələlər ətraflı müzakirə edildi. Dövlət başçısının vurğuladığı kimi, tərəflər artıq gələcək üçün konkret və ölçülə bilən planlara malikdirlər ki, bu da münasibətlərin deklarativ xarakter daşımadığını təsdiqləyir.
Azərbaycanın Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazır olması bəyanatın ən strateji məqamlarından biri kimi ön plana çıxdı. Xüsusilə birgə elektrik stansiyasının inşası layihəsi iki ölkə arasında iqtisadi etimadın real göstəricisi hesab edilə bilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu cür layihələrin məhz Serbiyada həyata keçirilməsi ölkədə yaradılmış əlverişli investisiya mühitinin nəticəsidir. Enerji istehsal gücünün artırılması Serbiyanın enerji təhlükəsizliyinə xidmət etməklə yanaşı, regional miqyasda da əhəmiyyətli təsirə malikdir.
Energetika sahəsində əməkdaşlıq artıq çoxşaxəli xarakter almışdır. Azərbaycanın Serbiyaya təbii qaz ixracına başlaması və bu həcmlərin artırılması barədə əldə olunan razılaşma tərəfdaşlığın yeni mərhələsini formalaşdırır. Qazın elektrik enerjisinə çevrilməsi Serbiyanın həm daxili bazarını təmin edəcək, həm də gələcək ixrac imkanlarını genişləndirəcək. Azərbaycanın 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücü əldə etmək planı və əsas ixrac istiqamətinin Avropa olması Serbiya ilə əməkdaşlığı strateji baxımdan daha da аktuallaşdırır.
Səfər zamanı səsləndirilən qarşılıqlı görüşlərin davamlı olacağına dair mesajlar, həmçinin Serbiya nümayəndə heyətinin Azərbaycana dəvət edilməsi əlaqələrin dinamik inkişaf edəcəyini göstərir. Prezident İlham Əliyevin “Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya–Azərbaycan dostluğu!” çağırışı isə bu münasibətlərin təkcə siyasi və iqtisadi deyil, eyni zamanda dərin dostluq və qarşılıqlı hörmət üzərində qurulduğunu ifadə edən simvolik yekun kimi səsləndi. Bu səfər bir daha təsdiqlədi ki, Azərbaycan–Serbiya münasibətləri regional və beynəlxalq miqyasda strateji əhəmiyyət kəsb edən tərəfdaşlıq modelinə çevrilməkdədir.

Namiq Əliyev, Sumqayıt Şəhərinin Tarixi Muzeyinin direktoru vəzifəsini müvəqqəti icra edən

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər