Azərbaycan–Slovakiya münasibətləri yeni mərhələyə keçir

386

Azərbaycan və Slovakiya arasında dostluq və strateji tərəfdaşlıq əlaqələri son illərdə ardıcıl olaraq genişlənir. İki ölkə arasında siyasi etimadın möhkəmlənməsi, iqtisadi əməkdaşlığın dərinləşməsi və enerji sahəsində qarşılıqlı faydalı layihələrin icrası bu münasibətləri Cənubi Qafqaz–Mərkəzi Avropa xəttində mühüm modelə çevirib. 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə əlaqələrin ən yüksək səviyyəyə yüksəldiyini rəsmi şəkildə təsdiq etmişdi.

8 dekabr 2025-ci ildə Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri bu tərəfdaşlığın mahiyyətini daha da gücləndirdi və bir sıra sahələr üzrə yeni əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdi. Səfər zamanı Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Slovakiya enerji sahəsində artıq real nəticələr əldə edib. Keçən il ilk dəfə olaraq Azərbaycan qazının Slovakiyaya çatdırılması Avropanın enerji təhlükəsizliyinə dəstək baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın ümumi qaz ixracının 25 milyard kubmetrə çatması, bunun yarısının Avropa bazarına yönəldilməsi və qaz alan Avropa İttifaqı ölkələrinin sayının səkkizə yüksəlməsi ölkəmizin enerji təminatçısı kimi rolunu daha da gücləndirir. Yeni yataqların işə düşməsi fonunda Slovakiya və onun regiondakı tərəfdaşları üçün əlavə həcmdə qaz tədarükü də mümkün olacaq. Bu, yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyan əməkdaşlıq xəttidir.

Müdafiə sənayesi sahəsində əməkdaşlıq müharibə məqsədi daşımır; əksinə, Prezident İlham Əliyevin sözləri ilə desək, burada əsas məqsəd sinergiya yaratmaqdır. Slovakiyanın yüksək texnologiyalarının Azərbaycanın sənaye və maliyyə imkanları ilə birləşdirilməsi dünya bazarları üçün rəqabətqabiliyyətli məhsulların istehsalına yol açır. Slovakiya rəsmilərinin 8 Noyabr – Qələbə Günü mərasimində fəxri qonaq qismində iştirakı siyasi həmrəyliyin və dostluğun rəmzi kimi səfərdə xüsusi qeyd edildi.

Azərbaycan uzun illərdir Şərq–Qərb nəqliyyat dəhlizinin aparıcı iştirakçısına çevrilmək üçün strateji investisiyalar həyata keçirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Orta Dəhliz üzərində yerləşən Azərbaycanın infrastruktur imkanları həm Avropa, həm də Asiya üçün ən etibarlı marşrutlardan birini formalaşdırır.

Slovakiya–Azərbaycan əməkdaşlığının növbəti mərhələsi məhz bu sahədə ola bilər. Nəqliyyat-logistika əlaqələrinin inkişafı iki ölkə arasında iqtisadi dövriyyənin çoxalmasına və yeni ticarət kanallarının yaranmasına şərait yaradacaq. Səfərin diqqət çəkən məqamlarından biri Azərbaycanın IT və data mərkəzləri sahəsində təklif etdiyi imkanlardır. Hazırda ölkəmizdə istifadə olunmayan təxminən 2 giqavat enerji potensialı mövcuddur və növbəti beş ildə bu rəqəmin 8 giqavata çatdırılması planlaşdırılır. Bu resurs həm süni intellekt sistemlərinin, həm də böyük data mərkəzlərinin fəaliyyətinə geniş infrastruktur dəstəyi verir. Şaxtalı bölgələrin mövcudluğu isə soyutma xərclərinin azalması baxımından bu mərkəzlərin qurulmasına əlavə üstünlüklər yaradır. Slovakiya şirkətləri ilə bu sahədə əməkdaşlıq iki ölkə üçün yeni iqtisadi platforma açır.

Prezident İlham Əliyevin Slovakiyaya 8 dekabr 2025-ci il səfəri Azərbaycan–Slovakiya münasibətlərinin yeni strateji mərhələyə keçdiyini təsdiqlədi. Enerji, müdafiə sənayesi, nəqliyyat-logistika, informasiya texnologiyaları və sənaye kimi geniş sahələri əhatə edən əməkdaşlıq xətti iki ölkənin qarşılıqlı etimad, bərabər tərəfdaşlıq və uzunmüddətli strateji vizyon üzərində yüksəldiyini göstərir.

Səfər sübut etdi ki, Slovakiya və Azərbaycan yalnız dost ölkələr deyil – onlar bir-birinin inkişafına real töhfə verən strateji tərəfdaşlardır.

Vaqif Süleymanov, Sumqayıt şəhər sakini, Əməkdar Mədəniyyət işçisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər