28 May 2025-ci il tarixində Azərbaycan tarixində daha bir önəmli hadisə yaşandı. Müsəlman Şərqində ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümündə Laçında keçirilən tədbir yalnız bir bayram yox, həm də Azərbaycan xalqının, dövlətinin və müttəfiqlərinin tarix, ədalət və gələcək üzərindəki ortaq iradəsinin manifestinə çevrildi. Prezident İlham Əliyevin çıxışı isə bu ruhun siyasi, tarixi və strateji baxımdan parlaq ifadəsi oldu.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın son 100 ildən çox tarixinə nəzər salaraq, müstəqillik uğrunda mübarizənin keçdiyi keşməkeşli yolları və bu yolda yaşanan böyük ədalətsizlikləri xatırlatdı. O, 1920-ci ilin noyabrında Qərbi Zəngəzurun sovet Rusiyası tərəfindən Ermənistana verilməsini yalnız bir coğrafi dəyişiklik kimi deyil, Azərbaycan xalqının tarixi yaddaşında dərin iz buraxan bir faciə kimi səciyyələndirdi. Bu ədalətsizliklərə baxmayaraq, xalqın iradəsi, əzmi və qardaş ölkələrin – Türkiyə və Pakistanın – mənəvi dəstəyi Azərbaycanın ayaqda qalmasına yardım etdi.
Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın müstəqilliyinin bərpası ilə başlayan yeni mərhələ də asan olmadı. Ermənistanın işğalçılıq siyasəti və Xocalı soyqırımı kimi cinayətlər Azərbaycan tarixində qara səhifələr kimi qaldı. Laçının 1992-ci ildə işğal olunması isə bu faciəvi silsilənin mühüm bir hissəsi idi. Prezident İlham Əliyev bu hadisələrin xatırlanmasının sadəcə keçmişə yas tutmaq deyil, gələcəyə daha güclü və daha möhkəm addımlarla irəliləmək üçün vacib olduğunu vurğuladı.
Prezident İlham Əliyev Azərbaycan dövlətinin və xalqının işğalla heç zaman barışmadığını qətiyyətlə ifadə etdi. Onun sözlərinə görə, bu müddətdə Azərbaycan həm beynəlxalq müstəvidə haqlı mövqeyini gücləndirdi, həm də iqtisadi cəhətdən inkişaf edərək güclü ordu quruculuğu apardı. 44 günlük Vətən müharibəsi bu səylərin nəticəsi olaraq hərbi sahədəki nailiyyətləri ilə yanaşı, həm də xalqın ruhunun, vətənpərvərlik və əzminin təcəssümü oldu.
Azərbaycanın müstəqilliyini yalnız siyasi sənədlərlə deyil, qan və canla qoruduğu bir daha sübuta yetirildi. Hər bir kəndin, şəhərin bir-bir azad edilməsi, xüsusilə də Şuşa Zəfəri, təkcə hərbi yox, həm də mənəvi və strateji baxımdan əhəmiyyət kəsb etdi. Laçın, Ağdam və Kəlbəcərin bir güllə atmadan geri alınması isə Azərbaycanın siyasi, diplomatik və hərbi gücünün sinxron nəticəsi idi. 2023-cü ildəki antiterror əməliyyatı isə ölkənin tam suverenliyinin bərpası və separatizmin kökünün kəsilməsi ilə nəticələndi.
Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məqamlardan biri də Azərbaycan, Türkiyə və Pakistan arasında qurulan üçtərəfli əməkdaşlıq platforması idi. Bu gün bu üç ölkə təkcə diplomatik və siyasi səviyyədə deyil, həm də hərbi, iqtisadi və mədəni sahələrdə bir-birinə sıx bağlıdır. Bu yaxınlıq sadəcə regional yox, qlobal miqyasda yeni reallıqlar yaradır. Prezident bu reallıqların artıq dünya tərəfindən qəbul edildiyini və bundan sonra da bu birliyin güclənəcəyini bəyan etdi.
Laçında keçirilən üçtərəfli zirvə görüşü, yalnız rəsmi sənədlərlə deyil, həm də rəmzi və mənəvi göstəricilərlə yadda qaldı. Azərbaycanın azad olunmuş ərazilərində belə bir zirvənin baş tutması və qonaqların bərpa işləri ilə tanış olması, həm də beynəlxalq aləmə verilən mühüm bir mesaj idi – Azərbaycan geri dönüb və qalmaq üçün dönüb.
Azərbaycan təkcə ərazilərini azad etməklə kifayətlənmədi, bu torpaqlara həyat qaytarmağa da başladı. Laçında, Şərqi Zəngəzurda və Qarabağda aparılan infrastruktur layihələri – məktəblər, xəstəxanalar, hava limanları, yollar və tunellər – Azərbaycanın mülki gücünü, idarəetmə potensialını və xalqına verdiyi dəyəri nümayiş etdirir. Artıq 43 minə yaxın vətəndaş azad edilmiş torpaqlarda yaşayır və işləyir. Prezidentin qeyd etdiyi kimi, bu torpaqlar öz sahiblərinə qayıdıb və həyat yenidən başlayıb.
Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçında etdiyi çıxış təkcə bir liderin xalqa müraciəti deyildi. Bu çıxış həm də bir tarix dərsi, bir gələcək proqramı və bir milli ruhun ifadəsi idi. Azərbaycan bu gün müzəffər xalq və dövlət kimi təkcə öz tarixini yazmır, eyni zamanda dünya siyasi sistemində ədalətin, gücün və qardaşlığın yeni modelini təqdim edir.
Azərbaycan-Türkiyə-Pakistan birliyi artıq sadəcə regional əməkdaşlıq nümunəsi deyil, həm də geosiyasi güc mərkəzinə çevrilməkdədir. Bu birliyin əsasında isə səmimiyyət, tarixə bağlılıq, ortaq mədəni dəyərlər və qarşılıqlı hörmət dayanır.
Prezidentin nitqi ilə bir daha aydın oldu ki, Azərbaycan tarixi ədalətsizliklərə qarşı mübarizədə qalib gəlmiş, gələcək nəsillər üçün sabit, güclü və firavan dövlət qurmuşdur. Bu yol, müstəqillikdən qalibiyyətə, işğaldan dirçəlişə, xalqın iradəsi və dövlətin liderliyinin təntənəsi kimi tarixdə qalacaq.
Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı!
Gülnarə Cəmaləddin, AYB Sumqayıt bölməsinin sədri
Müzakirə qapadılmışdır.