Azərbaycan və kiçik ada dövlətlərinin COP29 perspektivləri: Yeni əməkdaşlıq modeli

222

Azərbaycan və kiçik ada dövlətlərinin COP29 perspektivləri: Yeni əməkdaşlıq modeli
Azərbaycanın ev sahibliyi etdiyi COP29 Konfransı inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə münasibətlərimizi daha yüksək səviyyəyə qaldırmaqla yanaşı, qlobal arenada yeni bir əməkdaşlıq mərhələsinin başlanğıcını qoydu. Prezident İlham Əliyevin COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitindəki çıxışı Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizədə lider ölkələrdən biri olduğunu bir daha sübut etdi.
Dövlətimizin başçısı çıxışında kiçik ada dövlətlərinin qlobal problemlər qarşısında ən həssas mövqedə olduğunu vurğuladı. Bu ölkələr iqlim dəyişikliyinin nəticələrini ən ağır formada hiss edir və onların qlobal arenada səslərinin eşidilməsi mühüm əhəmiyyət kəsb edir. İnkişaf etmiş ölkələrin, xüsusilə müstəmləkə keçmişi olanların bu dövlətlərə maliyyə və texniki dəstək göstərməsi həm ədalətli yanaşmanın təmin olunması, həm də qlobal təhlükəsizlik baxımından vacibdir.
Azərbaycanın bu sahədəki nümunəvi fəaliyyəti Prezident İlham Əliyevin çıxışında diqqətə çatdırıldı. Xəzər dənizinin dayazlaşması, çaylarımızda və dağlarda su ehtiyatlarının azalması, daşqınlar və qeyri-adi hava şəraitinin artması iqlim dəyişikliyinin ölkəmizə təsirini göstərir. Amma bu təsirlər kiçik ada dövlətləri üçün ekzistensial təhlükə təşkil edir.
Azərbaycan kiçik ada dövlətlərinə bir sıra humanitar və maliyyə dəstəkləri ilə fərqlənir. Fəlakət qarşısında zəif olan ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göndərmiş, su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası kimi sahələrdə də dəstəklərini əsirgəməmişdir. Bundan əlavə, ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təqaüd proqramlarından yararlanaraq təhsil almaq imkanı əldə etmişdir.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə 80-dən çox ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardımlar göstərilmişdir. Bu yardımlar Azərbaycanı beynəlxalq platformalarda həmrəyliyin və ədalətin müdafiəçisi kimi tanıdır.
COP29 çərçivəsində kiçik ada dövlətlərinin üzləşdiyi çağırışların aradan qaldırılması üçün konkret addımlar atılmışdır. Bu ilin mayında Baham adaları, Tonqa və Tuvalunun rəhbərlərinin Azərbaycana səfəri Bakı Kommünikesinin qəbul edilməsi ilə nəticələndi. Sənəddə COP29-da mənalı nəticələrin əldə olunması və əlçatan iqlim maliyyəsinin təmin olunmasını qeyd olunur.
İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda irəliləyiş əldə edilməsi Azərbaycanın qlobal problemlərin həllində oynadığı müstəsna rolu göstərir. Bu fond ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyə təminatının verilməsi üçün vacibdir.
Azərbaycan bu ilin yayında Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzalamış və kiçik ada dövlətlərində həyata keçirilən birgə layihələr üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırmışdır. Bununla yanaşı, “Azərkosmos” peykləri vasitəsilə ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmışdır. Bu təşəbbüslər Azərbaycanın müasir texnologiyalardan istifadə edərək qlobal problemlərin həllinə töhfə verdiyini göstərir.
Prezident İlham Əliyev çıxışında Fransa və Niderlandın Karib dənizi və Sakit Okeandakı müstəmləkə ərazilərindəki icmaların üzləşdiyi problemlərə də toxunmuşdur. İqlim dəyişikliyinin ciddi təsirinə məruz qalan bu ərazilərdəki icmaların səsi çox vaxt susdurulur. Yeni Kaledoniya və Fransa Polineziyası kimi ərazilərin dekolonizasiya prosesinin yubanması isə ciddi narahatlıq doğurur.
1966-1996-cı illər ərzində Fransa Polineziyasında aparılan nüvə sınaqları, ətraf mühitin ciddi pozulmasına səbəb olmuşdur. Torpağın və suyun zəhərlənməsi, radiasiya səviyyəsinin artması bu ərazilərdə yaşayan icmalara böyük zərbə vurmuşdur. Prezident İlham Əliyevin bu mövzuda açıq mövqeyi Azərbaycanın beynəlxalq hüquq və ədalət prinsiplərinə sadiqliyini göstərir.
Azərbaycanın COP29 çərçivəsində həyata keçirdiyi təşəbbüslər və səylər, həm regional, həm də qlobal səviyyədə nümunəvi rol oynayır. Prezident İlham Əliyevin vurğuladığı kimi, kiçik ada dövlətlərinin dəstəklənməsi, iqlim dəyişikliyinin təsirlərinin azaldılması və beynəlxalq həmrəyliyin gücləndirilməsi yolunda Azərbaycanın səyləri davam edəcək. Bu yanaşma Azərbaycanın yalnız regional lider deyil, həm də qlobal problemlərin həllində aparıcı rol oynadığını sübut edir.

Ruslan Namazov, Yaşıllaşdırma İdarəsinin rəus müavini

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər