Azərbaycan və Mərkəzi Asiya: Strateji əməkdaşlıqda yeni dövr

543
Prezident İlham Əliyevin cari ilin 9 avqust tarixində Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirakı Azərbaycanın bölgə ilə olan əlaqələrinin güclənməsinin əhəmiyyətli bir nümunəsidir. Azərbaycanın bu görüşlərə fəxri qonaq kimi dəvət olunması ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin nə qədər dərin olduğunu və əməkdaşlığın strateji bir səviyyəyə yüksəldiyini göstərir.
Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, Azərbaycan son iki ildə Mərkəzi Asiya ölkələri ilə aktiv bir diplomatik xətt yürüdür. Prezident Əliyevin bu dövr ərzində 16 rəsmi səfəri və qarşılıqlı olaraq Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət başçılarının Azərbaycana 15 rəsmi səfəri bu əlaqələrin hər iki tərəf üçün strateji əhəmiyyətini göstərir. Həmçinin, xalqlarımızı birləşdirən çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər, bu əlaqələrin yalnız dövlət səviyyəsində deyil, həm də xalq səviyyəsində möhkəmləndiyini göstərir.
Qarabağ bölgəsinin işğaldan azad olunmasından sonra həyata keçirilən bərpa işləri Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında qardaşlıq münasibətlərinin bir başqa aspektini ortaya qoyur. Ermənistanın işğalı dövründə məhv edilmiş 9 şəhər və yüzlərlə yaşayış məntəqəsinin bərpası üçün göstərilən dəstək bu ölkələrin Azərbaycan xalqının yanında olduqlarını bir daha nümayiş etdirir. Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı və Ağdamda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi qardaş ölkələrin Azərbaycanın yanında olduğunu sübut edir.
Dünyada artan təhdid və çağırışlar Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın vacibliyini daha da artırır. Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimi, bu sahədə əməkdaşlığın praktiki olaraq nə qədər dərinləşdiyini göstərir. Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları iki ölkə arasında hərbi əməkdaşlıq sahəsində münasibətlərin daha da möhkəmləndiyini sübut edir.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə enerji sahəsində əməkdaşlığı gələcəkdə regional və qlobal səviyyədə böyük iqtisadi səmərə verə biləcək bir istiqamətdir. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində ilk addım olaraq böyük əhəmiyyət kəsb edir. Nəqliyyat-tranzit sahəsində isə Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin artırılması və Ələt Beynəlxalq Ticarət Limanının imkanlarının genişləndirilməsi kimi layihələr Orta Dəhlizin strateji əhəmiyyətini daha da artırır.
Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə həyata keçirilən fəal investisiya layihələri və yaradılmış birgə investisiya fondları Azərbaycan-Mərkəzi Asiya iqtisadi əlaqələrinin dayanıqlığını artırır. “Rəqəmsal İpək Yolu” layihəsi isə regionda rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyin təminatına mühüm töhfə verəcəkdir.
Azərbaycan və Mərkəzi Asiya ölkələrinin beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq etməsi əlaqələrin nə dərəcədə inkişaf etdiyini göstərir. Bu baxımdan, BMT-nin SPECA proqramı çərçivəsində aparılan fəaliyyətlər, regiondakı ölkələr arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır. COP29 iqlim konfransına Azərbaycanın ev sahibliyi etməsi isə beynəlxalq səviyyədə ölkəmizin ekoloji təşəbbüslərə verdiyi dəstəyi nümayiş etdirir.
Prezident İlham Əliyevin çıxışında vurğulanan məqamlar Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında olan strateji əməkdaşlığın inkişafını bir daha təsdiqləyir. Qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin inkişaf etdirilməsi müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, enerji və nəqliyyat sektorlarında birgə fəaliyyət investisiya layihələri və beynəlxalq səviyyədə əməkdaşlıq, bu əlaqələrin güclənməsinə və regionda sabitliyin təminatına mühüm töhfə verir. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin gələcəkdə daha da möhkəmlənməsi və genişlənməsi regionda və qlobal səviyyədə böyük əhəmiyyət kəsb edəcəkdir. Bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağı şübhəsizdir və bu istiqamətdə atılan addımlar davam etdirilməlidir.
Sahib Fərzəliyev, “Potensial” Sumqayıt Mütəxəssislər Birliyinin sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər