Azərbaycan və Şimali Makedoniya arasında əməkdaşlığının perspektivləri genişlənir

520

Azərbaycan Respublikası ilə Şimali Makedoniya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 ildən artıq bir tarixi var. 1995-ci ildə Şimali Makedoniyanın Azərbaycanın müstəqilliyini tanıması və diplomatik əlaqələrin təsis olunması ilə iki ölkə arasında əməkdaşlıq müxtəlif sahələrdə inkişaf etməyə başlamışdır. Son illərdə bu münasibətlər yeni mərhələyə qədəm qoymuş, xüsusilə siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün real addımlar atılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana rəsmi səfəri zamanı verdiyi bəyanat, iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi üçün böyük perspektivlərin mövcud olduğunu təsdiqləyir. Görüş zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunmuş, əməkdaşlığın dərinləşdirilməsi yolları araşdırılmışdır.

Azərbaycan və Şimali Makedoniya arasında siyasi dialoq dinamik xarakter alır. Prezident İlham Əliyev bəyanatında bu istiqamətdə görülən işləri yüksək qiymətləndirərək vurğulamışdır ki, ölkələrimiz arasında siyasi əlaqələrin möhkəmləndirilməsi üçün əlavə tədbirlər görülməlidir və müvafiq dövlət qurumları arasında sıx əməkdaşlıq təmin olunmalıdır.

Son illərdə iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlər intensiv xarakter almışdır. Xüsusilə Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri və Prezident İlham Əliyevin COP29 konfransı çərçivəsində onunla görüşü bu əməkdaşlığın mühüm təzahürlərindən biridir. Bundan əvvəl isə Şimali Makedoniyanın sabiq prezidenti Qeorqe İvanov 2015, 2016, 2017 və 2018-ci illərdə Azərbaycana işgüzar səfərlər etmişdir.

Diplomatik münasibətlərin inkişafı çərçivəsində iki ölkənin xarici işlər nazirləri də qarşılıqlı səfərlər etmişdir. Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov 2007-ci ildə Şimali Makedoniyaya, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani isə 2023-cü ildə Bakıya rəsmi səfər edib. Bu səfərlər zamanı müxtəlif sahələr üzrə əməkdaşlıq məsələləri geniş müzakirə olunmuşdur.

Azərbaycan və Şimali Makedoniya arasında parlamentlərarası əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Milli Məclisində Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Şimali Makedoniya parlamentində isə 8 nəfərdən ibarət dostluq qrupu fəaliyyət göstərir.

İki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün böyük potensial mövcuddur. Lakin Prezident İlham Əliyevin bəyanatında da qeyd olunduğu kimi, bu günə qədər ticari-iqtisadi sahədə böyük nəticələr əldə edilməyib. Dövlət başçısının fikrincə, Şimali Makedoniya Prezidentinin rəsmi səfəri və nümayəndə heyətlərinin təmasları nəticəsində bu sahədə boşluqlar doldurulacaq və qarşılıqlı investisiyaların artırılması üçün yeni imkanlar yaradılacaqdır.

Azərbaycan Respublikasında Şimali Makedoniya investisiyalı 5 kommersiya qurumu qeydiyyatdan keçib və onlardan 3-ü aktiv fəaliyyət göstərir. 2013-cü ildə iki ölkə arasında “Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” saziş imzalanmış və qüvvəyə minmişdir. Eyni zamanda, 2013-cü ildə “Gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” saziş imzalanmışdır ki, bu da iqtisadi əlaqələrin inkişafı üçün əlverişli şərait yaratmışdır.

Enerji sahəsində əməkdaşlıq son illərdə xüsusi əhəmiyyət qazanıb. 2023-cü ilin sonlarından etibarən Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır. Prezident İlham Əliyevin sözlərinə görə, bu il Azərbaycan Şimali Makedoniyanı müntəzəm olaraq təbii qazla təmin edəcəkdir və gələcəkdə qaz təchizatının həcmi artırıla bilər. Azərbaycan yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparır və bu da Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə vermək potensialını artırır.

Azərbaycan hazırda 12 ölkəyə təbii qaz ixrac edir və onlardan 10-u Avropa ölkələridir. Ötən il Azərbaycan xarici bazarlara 25 milyard kubmetr qaz ixrac etmişdir. Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsi çərçivəsində Bakı Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və Şimali Makedoniyanın bu prosesdə iştirakı əməkdaşlığın dərinləşməsinə xidmət edəcəkdir.

Azərbaycan və Şimali Makedoniya arasında humanitar sahədə əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Şimali Makedoniya Prezidentinin Azərbaycanın mədəni həyatı ilə tanış olmasını və bu çərçivədə tədbirlərdə iştirakını yüksək qiymətləndirib.

Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova Bakı səfəri çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi XII Qlobal Bakı Forumunda iştirak edir. Bu Forum dünya miqyasında nüfuzlu tədbirlərdən biri kimi qəbul olunur və müxtəlif ölkələrin liderlərini, siyasətçilərini, ekspertlərini bir araya gətirir.

Prezident İlham Əliyevin bəyanatında qeyd olunduğu kimi, Şimali Makedoniya Prezidentinin Azərbaycan tələbələri ilə görüşü də xüsusi əhəmiyyət daşıyır. Onun beynəlxalq siyasət və dövlət idarəçiliyi sahəsindəki təcrübəsi Azərbaycan ictimaiyyəti üçün maraqlıdır və bu cür müzakirələr iki xalq arasında humanitar əlaqələrin güclənməsinə xidmət edir.

Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli münasibətlər getdikcə genişlənir və strateji əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Siyasi dialoqun intensivləşməsi, enerji sektorunda uğurlu əməkdaşlıq, investisiya və ticarət əlaqələrinin inkişafı iki ölkənin qarşılıqlı maraqlarına uyğundur.

Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri bu əlaqələrin daha da dərinləşməsi üçün mühüm addım olmuşdur. Gələcəkdə iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da genişlənəcəyi gözlənilir. Prezident İlham Əliyevin vurğuladığı kimi, qarşılıqlı səylər nəticəsində iki ölkə arasında əlaqələr daha da möhkəmlənəcək və hər iki tərəf bu münasibətlərin faydasını görəcəkdir.

Fəxrəddin Rəhimov, sahibkar

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər