Azərbaycan və Somali: Yeni strateji əməkdaşlıq dövrü

455

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 12-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud ilə Bakıda keçirdiyi görüş iki ölkə arasında strateji əməkdaşlığın yeni bir mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Bu rəsmi səfər çərçivəsində bir sıra mühüm sənədlər imzalanaraq ikitərəfli münasibətlərin inkişafına dair mühüm addımlar atıldı. Hər iki dövlət başçısı imzalanmış razılaşmaların həyata keçiriləcəyinə və münasibətlərin daha da dərinləşəcəyinə əmin olduqlarını ifadə etdilər.

Görüş zamanı Prezident İlham Əliyev regional geosiyasi vəziyyət və ölkələrin qarşılaşdığı çağırışlar barədə geniş fikir mübadiləsi apardı. Azərbaycan və Somali qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini bir daha vurğuladılar. Prezident Ilham Əliyev  torpaqlarımızın uzun illər erməni işğalı altında olduğunu, lakin 2020-ci ildə Vətən müharibəsi nəticəsində bu torpaqların azad edildiyini Somali Prezidentinin diqqətinə çatdırdı. Eyni zamanda, terrorçuluq və ekstremizmə qarşı mübarizə məsələlərində də hər iki ölkənin ortaq mövqeyə sahib olduğu bir daha təsdiqləndi.

İkitərəfli münasibətlərdə təhsil xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Somalidən olan tələbələrin Heydər Əliyev adına təqaüd proqramı çərçivəsində Azərbaycanda təhsil aldıqlarını vurğuladı. Yeni imzalanmış təhsil sazişi bu imkanların genişlənməsinə şərait yaradacaq. İlkin mərhələdə on Somali tələbəsinin Azərbaycanda təhsil alması nəzərdə tutulur və gələcəkdə bu sayın artırılması planlaşdırılır. Bu proqram Somali gənclərinə müasir təhsil imkanları yaratmaqla yanaşı, onların ölkələrinin iqtisadi inkişafına töhfə verməsinə də imkan yaradacaq.

Azərbaycan və Somali arasında iqtisadi əlaqələrin inkişafına da xüsusi diqqət yetirilir. İki ölkə arasında sərmayə imkanlarının araşdırılması məqsədilə Azərbaycanın nümayəndə heyəti artıq Somaliyə səfər edərək müvafiq sahələri müəyyənləşdirməyə başlayıb. Görüş zamanı tərəflər investisiya üçün prioritet sahələri müzakirə etdilər. Xüsusilə infrastruktur, liman qurğuları və kənd təsərrüfatı sahələrində əməkdaşlığın gücləndirilməsi potensialı ön plana çəkildi. Dövlətimizin başçısı kənd təsərrüfatı sahəsində özünü təmin edən bir sistemin qurulması istiqamətində əldə olunmuş nailiyyətlər barədə də məlumat verdi.

Müdafiə sahəsində əməkdaşlıq Azərbaycan və Somali münasibətlərində mühüm istiqamətlərdən biri kimi nəzərdə tutulur. İki ölkə arasında imzalanmış yeni müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi bu sahədə əlaqələrin gücləndirilməsinə töhfə verəcək. Somali Prezidenti Bakıda Azərbaycanın müdafiə sənayesi ilə yaxından tanış olub və xüsusi təyinatlıların imkanları barədə ətraflı məlumat alıb. Azərbaycanın müdafiə sənayesi potensialı, eləcə də İkinci Qarabağ müharibəsində qazandığı təcrübə Somali hərbçiləri üçün əhəmiyyətli bir model ola bilər. Bundan əlavə, mümkün perspektivlər arasında müdafiə avadanlıqlarının birgə istehsalı və Somali ordusunun Azərbaycan tərəfindən təlimləndirilməsi də yer alır.

Azərbaycan və Somali beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməyə davam edəcək. Xüsusilə BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda tərəflər qarşılıqlı dəstəyin vacibliyini vurğuladılar. Prezident İlham Əliyev qeyd etdi ki, hər iki ölkə üçün dost və tərəfdaş dövlətlərlə əməkdaşlıq etmək, qarşılıqlı maraqlar əsasında əlaqələri gücləndirmək olduqca əhəmiyyətlidir.

Azərbaycan və Somali arasında strateji tərəfdaşlığı gücləndirən aşağıdakı mühüm sənədlər imzalandı:

  1. Dövlət xidmətləri sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu;
  2. Yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
  3. Təhsil sahəsində əməkdaşlıq haqqında Saziş;
  4. Müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş;

Azərbaycan və Somali arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması hər iki ölkə üçün mühüm tarixi hadisədir. Təhsil, iqtisadiyyat, müdafiə və beynəlxalq əməkdaşlıq sahələrində imzalanmış razılaşmalar münasibətləri daha yüksək səviyyəyə qaldıracaq. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, bu gün imzalanmış sənədlər iki ölkənin inkişafında mühüm rol oynayacaq və uzunmüddətli strateji tərəfdaşlığın əsasını təşkil edəcək. Qarşılıqlı dəstək və birgə layihələr sayəsində Azərbaycan və Somali gələcəkdə daha sıx əməkdaşlıq edərək hər iki xalqın rifahına töhfə verməyə davam edəcək.

Nizami Əhmədov,
Təbiət elmləri təmayüllü gimnaziyanın direktoru,
Tərəqqi medallı Əməkdar müəllim

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər