Çox gərgin və mürəkkəb beynəlxalq vəziyyətdə istiqlaliyyət əldə etmiş Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin əsas istiqamətlərini beynəlxalq aləmdə gənc dövlətin tanınmasına nail olmaq və qonşu dövlətlərlə mehriban münasibətlər yaratmaq təşkil edirdi. Azərbaycan diplomatiyasının ilk addımı respublikanın suverenliyinin elan edilməsi haqqında qabaqcıl xarici dövlətlərə məlumat vermək oldu.
Azərbaycan hökumətinin növbəti addımlarından biri 1918-ci il iyun ayının 4-də Osmanlı dövləti ilə sülh və dostluq müqaviləsinin imzalanması idi. Bu müqavilə Azərbaycan Cümhuriyyətinin beynəlxalq nüfuzuna müsbət təsir göstərdi, onun ərazi bütövlüyünün, xalqın fiziki varlığının qorunub saxlanılması üçün zəruri addım oldu.
Azərbaycan hökumətinin qarşısında duran ən çətin vəzifələrdən biri Ermənistanla normal qonşuluq münasibətləri yaratmaq idi. Azərbaycanın ciddi güzəştə getməsinə baxmayaraq nankor qonşumuz ərazi iddialarından əl çəkmirdi. O, Azərbaycanın əzəli torpaqları olan Zəngəzur, Naxçıvan və Qarabağa göz dikmişdi. Ermənistanın ərazi iddiaları iki qonşu dövlət arasında sərhəd mübahisələrinin dinc yolla nizama salınmasına mane oldu. Regionda ziddiyyətləri olan Ermənistan Cənubi Qafqazda hegemonluq iddiasında idi.
1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyətinin Bolşevik Rusiyası ilə münasibətləri gərgin idi. Azərbaycanın iqtisadi mənafeyi Bolşevik Rusiyası ilə münasibətlərin normal olmasını tələb edirdi. 1919-cu ilin mart ayında N.Yusifbəylinin başçılığı ilə yaradılmış yeni Nazirlər kabineti bir daha Bolşevik Rusiyası ilə bərabərlik və müstəqillik əsasında qarşılıqlı münasibətlərin qurulmasını zəruri hesab edirdi. Lakin “böyük dövlətçilik” mövqeyindən əl çəkməyən Bolşevik Rusiyası keçmiş imperiyanın ərazisində yaradılmış yeni dövlətləri tanımaqdan imtina edirdi.
1918-ci il oktyabr ayının 30-da Birinci Dünya müharibəsində məğlub olan Türkiyə Mudros barışığının Azərbaycan üçün də çox ağır olan şərtlərinə görə ordusunu Azərbaycan ərazisindən çıxarmalı idi. Müttəfiq ordularının komandanı general Tomson türk komandanlığına bir həftə ərzində Bakını, bir ay ərzində isə bütün Cənubi Qafqazı tərk etmək barədə ultimatum verdi.
Noyabr ayının 17-də general Tomson başda olmaqla ingilis qoşunları Bakıya daxil oldular. O, bir neçə gün Bakıda vəziyyətlə tanış olduqdan sonra bildirdi ki, Britaniya komandanlığı Azərbaycan hökumətinə böyük hörmət bəsləyir.
Dəyişilmiş şəraitə uyğun olaraq Azərbaycan Milli Şurasının öz fəaliyyətini bərpa etməsi və parlamentin fəaliyyətə başlaması Azərbaycan dövlətinin çevikliyini, ağır vəziyyətdən çıxmaq bacarığını sübut etdi. General Tomson 1918-ci il dekabrın 26-da yaradılmış yeni hökuməti iki gün sonra tanıdığını bildirdi.
Bakıda fəaliyyət göstərən erməni və rus milli şuraları, digər mürtəce qüvvələr “vahid və bölünməz Rusiya” şüarı altında çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətini devirməyə çalışırdılar. Onlar bu məqsədlə 1919-cu ilin yanvar ayında L.Biçeraxov başda olmaqla “Qafqaz-Xəzər” dövləti yaratdılar. Azərbaycan hökuməti 1919-cu il fevral ayının 28-də müttəfiq dövlətlərin komandanlığına nota verdi. Notada Biçeraxovun qoşunlarının şəhərdən çıxarılması və erməni hərbi birləşmələrinin tərksilah edilməsi tələb edilirdi. İngilis komandanlığı Azərbaycan hökumətinin tələblərini müdafiə etdi. Biçeraxovun dəstəsi bir gün ərzində Bakıdan çıxarıldı, erməni birləşmələri tərksilah edildi və buraxıldı.
Azərbaycan hökumətinin ən vacib məsələlərindən biri respublikanın beynəlxalq aləmdə tanınmasına nail olmaq idi. Hökumət 1918-ci il dekabr ayının 28-də Paris sülh konfransında iştirak edəcək nümayəndə heyətinin tərkibini təsdiq etdi. Nümayəndə heyətinin sədri Ə.M.Topçubaşov, üzvləri M.Hacınski, Ə.Ağayev, Ə.Şeyxülislamov, C.Hacıbəyli, M.Mehdiyev, M.Məhərrəmov oldular. Nümayəndə heyətinə Paris sülh konfransında respublikanı təmsil etmək, Azərbaycan Respublikasının de-fakto tanınmasına nail olmaq, Azərbaycanın milli mənafeyini və suverenliyini qorumaq səlahiyyətləri verilmişdi. Azərbaycan məsələsi ilk dəfə mayın 2-də İngiltərə, ABŞ, Fransa və İtaliya dövlət başçılarının görüşündə müzakirə edildi. ABŞ prezidenti Vidro Vilson Azərbaycan nümayəndəliyinin Paris sülh konfransına buraxılmasının əleyhinə çıxış etdi. Mayın 28-də nümayəndə heyəti V.Vilson tərəfindən qəbul edildi. Görüş zamanı Azərbaycan Respublikasının memorandumu V.Vilsona təqdim edildi. Danışıqlar zamanı yerli şəraiti öyrənmək üçün Cənubi Qafqaza ABŞ-ın xüsusi nümayəndəsinin göndərilməsinin məqsədəuyğun hesab edilməsi söylənildi.
Ermənistan hökuməti ABŞ vasitəsilə Azərbaycana olan ərazi iddialarına nail olmaq istəyirdi. Lakin yerlərdə vəziyyətlə ətraflı tanış olan V.Laskel avqust ayının 29-da Bakıda apardığı danışıqlarda Qarabağ və Zəngəzurun Azərbaycana məxsus olduğunu bildirdi. Naxçıvan, Şərur və Dərələyəzdə ABŞ general-qubernatoru tərəfindən idarə olunan neytral zona yaradılmasını təklif etdi. Oktyabrın 24-də Naxçıvanda ABŞ general-qubernatorluğunun yaradılması və Amerika polkovniki E.Dellinin buraya qubernator təyin edilməsi barədə V.Laskelin bəyanatı elan edildi. Lakin Azərbaycan hökumətinin qəti mövqeyi, Naxçıvan əhalisinin ciddi müqaviməti amerikalıların planlarını puç etdi. Polkovnik Delli isə Naxçıvanda sülh konfransının nümayəndəsi kimi fəaliyyət göstərdi.
1919-cu ilin yayında Kolçakın və Denikinin ordularının qələbələri müttəfiq dövlətlərin Omsk hökumətini tanımasını sürətləndirdi. Antanta ölkələrinin Ali Şurası iyun ayının 12-də Omsk hökumətinin tanınması və ona hərtərəfli yardım göstərilməsi barədə nota ilə çıxış etdi. Azərbaycan, Gürcüstan və Şimali Qafqaz respublikaları sülh konfransına etiraz notası göndərdilər. Onlar Kolçak hökumətinin tanınmasının gənc respublikaların həyati mənafeyinə toxunduğunu bildirdilər.
1919-cu ilin payızında Kolçakın ve Denikinin ordularının Bolşevik Rusiyası tərəfindən məğlub edilməsi beynəlxalq şəraiti dəyişdirdi. Böyük Britaniyanın baş naziri Lyold Core noyabr ayının 12-də İngiltərə parlamentində çıxışı zamanı Azərbaycan və Gürcüstanın müstəqilliyinin tanınmasının mümkün olduğunu bildirdi. O, həmin ideyasını Paris sülh konfransında da təkrar etdi. Nəhayət, 1920-ci il yanvarın 11-də Böyük Britaniyanın Xarici İşlər Naziri Lord Kerzonun təklifi ilə Antantanın Ali Şurası Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini de-fakto səviyyəsində tanıdığını bildirdi.
Cənubi Qafqaz Seymi dağıldıqdan sonra yeni yaranmış dövlətlərin sərhədlərini müəyyən etmək zərurəti meydana çıxmışdı. Ermənistan dövləti öz mövcudluğunun ilk günlərindən Azərbaycana təcavüz etməyə, qədim Azərbaycan torpaqlarını işğal etməyə çalışırdı. 1918-ci ilin yayında türk xalqlarının qəddar düşməni Andronik 8 min nəfərlik hərbi qüvvə ilə Zəngəzura hücum etdi. O, Zəngəzur əhalisindən Ermənistan hökumətinə tabe olmağı, ya da Zəngəzuru boşaltmağı tələb etdi. Azərbaycanın digər bölgələrindən ayrı düşmüş silahlı qüvvələr də bu təklifi rədd etdilər.
Andronikin quldur dəstəsi Azərbaycan kəndlərini dağıdır, yandırır, dinc əhalini vəhşicəsinə öldürürdü. Daşnaklar 1918-ci ilin sonlarında Zəngəzurda 115, Cavanşir, Şuşa qəzalarında 21, İrəvan quberniyasında 60-dan çox Azərbaycan kəndini məhv etdilər. 100 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovuldu.
Azərbaycan hökuməti Andronikin dəstələrinin Zəngəzurda və Qarabağda törətdikləri quldurluğun qarşısını almaq üçün təcili tədbirlər gördü. Hökumətin 1919-cu il 15 yanvar tarixli iclasında Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları hüdudlarında Qarabağ general – qubernatorluğu vəzifəsinin təsis edilməsi qərara alındı. General – qubernator təyin edilmiş Xosrov bəy Sultanov fevral ayının 12-də Şuşa şəhərinə gələrək öz vəzifəsinin icrasına başladı.
Andronik Gorus şəhərini ələ keçirib ermənilərin “Kiçik Ermənistan”ın paytaxtı adlandırdıqları Şuşa şəhərini tutmağa üç dəfə cəhd göstərdi. Azərbaycanın özünü müdafiə qüvvələri Zabux dairəsində Andronikin quldur dəstələrini darmadağın etdilər. Onu böyük itkilərlə Gorusa çəkilməyə məcbur etdilər. 1919-cu il fevral ayının 23-də Andronik yenidən böyük bir dəstə ilə Gorusdan Dığ istiqamətinə hərəkət edərək, bütün Zəngəzuru ələ keçirməyə çalışsa da Xosrov bəy Sultanovun qətiyyətli mövqeyi və tədbirləri onu yenidən Azərbaycan ərazisini tərk etməyə məcbur etdi.
1919-cu ilin iyun ayında Şuşada erməni Milli Şurasının fitnəkarlığı nəticəsində silahlı toqquşma baş verdi. X.Sultanov erməni Milli Şurasının üzvlərinin Azərbaycanı tərk etmələrinə nail oldu. Azərbaycan hökuməti Qarabağda qan tökülməsinin qarşısını aldı.
Erməni millətçilərinin “Dənizdən dənizə Böyük Ermənistan” planlarına Naxçıvan torpaqları da daxil idi. 1918-ci ilin may-avqust aylarında Andronik 8 min nəfərlik quldur dəstəsi ilə Naxçıvana soxulub “etnik” təmizləmə adı ilə kəndləri top atəşinə tutur, yerli əhalini vəhşicəsinə öldürürdü. Avqust ayının 7-də K.Qarabəkir paşanın başçılığı ilə türk ordusu Naxçıvana daxil oldu. Bununla da Andronik dəstələrinin Naxçıvandakı özbaşnalığına son qoyuldu. Birinci dünya müharibəsində Türkiyənin məğlub olması türk qoşunlarını noyabr ayının 1-də Naxçıvanı tərk etməyə məcbur etdi. Naxçıvan bölgəsinin Ermənistan tərəfindən işğal olunması təhlükəsi yerli azərbaycanlıların Araz-Türk Respublikası yaratması ilə nəticələndi.
Azərbaycan hökuməti Naxçıvanın müdafiəsi üçün təcili tədbirlər gördü.
1919-cu il fevral ayının 28-də hökumətin qərarı ilə Naxçıvan general-qubernatorluğu yaradıldı. Bəhram xan Naxçıvanski general-qubernator vəzifəsinə təyin edildi. Ermənilərin Naxçıvan torpaqlarına yiyələnmək cəhdləri 1919-cu ilin yazında daha da qüvətləndi. İngilis komandanlığının razılığı ilə 1919-cu il may-iyul aylarında Naxçıvan bölgəsində erməni idarəçiliyi yaradıldı. Naxçıvan əhalisi buna kəskin etirazını bildirdi. İyul ayının 25-də Naxçıvan əhalisi güclü hücuma keçərək erməni qoşunlarını əzdi və onları qaçmağa məcbur etdi. Naxçıvan bölgəsindəki “erməni idarəçiliyi” iflasa uğradı.
1919-cu il noyabr ayının 23-də Tiflisdə Azərbaycanla Ermənistan arasında imzalanan sazişə görə tərəflər silahlı toqquşmanı dayandırmaq və mübahisəli sərhəd məsələsini dinc yolla həll etmək barədə razılığa gəldilər. Ermənistan sazişin şərtlərini pozaraq yenidən Zəngəzur torpaqlarına qoşun yeritdi. Ermənilər 50-dən çox Azərbaycan kəndini dağıdaraq əhalini qaçmağa məcbur etdilər. Azərbaycan ordusunun yerli partizan dəstələri ilə birgə səyləri nəticəsində ermənilərin Qarabağa soxulmaq planları pozuldu və 1920-ci ilin fevral ayında Zəngəzurda qısa müddətli sabitlik yarandı.
“Dənizdən dənizə Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan erməni millətçiləri Paris sülh konfransında da Azərbaycana qarşı ərazi iddialarından əl çəkmirdilər. Parisdə olan erməni nümayəndələri Ermənistanın ərazisini təkcə Türkiyənin 7 vilayəti hesabına deyil, həm də Gürcüstanın və Azərbaycanın hesabına genişləndirmək istəyirdi. Onların sülh konfransına təqdim etdikləri ərazi tələblərinə qədim Azərbaycan torpaqları olan Zəngəzur, Qarabağın bir hissəsi və Naxçıvan bölgələri də daxil edilmişdi.
Paris sülh konfransındakı erməni nümayəndələri Qarabağda, Zəngəzurda, Naxçıvan bölgəsində törətdikləri qanlı cinayətlərini azərbaycanlıların adına çıxarmaqla Azərbaycan Cümhuriyyətini nüfuzdan salmağa çalışırdılar. Parisdə olan Azərbaycan nümayəndələri erməni-azərbaycanlı münaqişəsini tədqiq etmək üçün beynəlxalq istintaq komissiyasının təsis edilməsi məsələsini qaldırdı. Öz cinayətlərinin üstünün açılacağından qorxuya düşən ermənilər müxtəlif bəhanələrlə bu işi pozdular.
Paris sülh konfransında ermənilərin Azərbaycana qarşı ərazi iddiaları, iftira və böhtanları Azərbaycan nümayəndəliyi tərəfindən qətiyyətlə dəf edildi.
Dosent Elmar Xəlilov, Sumqayıt Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru
Müzakirə qapadılmışdır.