Prezident İlham Əliyevin 2022-ci il sentyabrın 29-da imzaladığı Sərəncamına əsasən, ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi həmvətənlərimiz, respublikamızdan kənarda yaşayan soydaşlarımız tərəfindən böyük sevinc və rəğbətlə qarşılanmışdır. Görünən odur ki, hər bir vətəndaş sonsuz qürur hissi ilə əbədiyaşar insanın amallarının həyata keçirilməsinə töhfə verməyi özünə mənəvi borc bilir.
Azərbaycan Prezidenti İlham Əliyevin mayın 10-da Şuşa şəhərindən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı xalqa müraciət ünvanlanması isə böyük əhəmiyyət daşıyırdı. Çünki Şuşa Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Qələbənin tacıdır.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla silahlı qüvvələrimizin cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi. Beləliklə, xalqımızın otuz il çəkən həsrətinə son qoyularaq, ədalət bərpa edildi. Noyabrın 8-də Prezident, Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında xalqımıza müraciət edərək qürur hissi ilə ruhumuzun özü, varlığımızın nüvəsi olan Şuşamızın terrorçu Ermənistan ordusunun işğalından təmizlənməsi müjdəsini verdi. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi!
Noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır
Vaxtilə Şuşada quruculuq işləri həyata keçirən, orada mədəniyyətimizin inkişafına böyük töhfə verən dahi şəxsiyyət Heydər Əliyev üçün Şuşanın işğal altında qalması böyük əzab idi. Ulu Öndər Azərbaycanın dar günlərində xain və satqın idarəçilərin Şuşanı ermənilərə satması ilə heç cür razılaşa bilmirdi və hər vəchlə qürur qalamızın, eləcə də işğal altında olan torpaqlarımızın azadlığına çalışırdı. Heydər Əliyev qəti əmin idi ki, ya sülh, ya da hərb yolu ilə bir gün Şuşa və digər rayonlarımız düşməndən təmizlənəcək. “Şuşa təkcə şuşalılar üçün deyil, hər bir azərbaycanlı üçün əziz bir anlayışdır, deyə bilərəm ki, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir”. Şuşa haqqında fikirlərini, Qarabağın mədəniyyət qalasının onun ürəyində hansı məqamda olduğunu bu sözlərlə bəyan etmişdi xalqımızın xilaskar oğlu Heydər Əliyev. Liderimiz üçün Şuşa təkcə yaşayış məkanı deyildi. O, Şuşanı azərbaycanlıların milli rəmzi, mədəniyyətimizin simvolu hesab edirdi. Buna görə də Şuşanın azadlığı hər zaman onun arzularının şah ünvanında yerləşirdi. Yenilməz sərkərdə İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 2020-ci il noyabrın 8-də qazandığı Şuşa qələbəsi Ulu Öndərin müqəddəs arzularının həyata keçməsi idi.
Ümummilli lider Heydər Əliyevin hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə gördüyü işlər danılmazdır. Rəhbərimz 1999-cu ildə Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. 2001-ci ildə isə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı. Bu gün ordumuz dünyada əlli ən güclü ordu sırasındadı. Silahlı Qüvvələrimiz nəyə qadir olduğunu Şuşa uğrunda gedən döyüşlərdə göstərdi və ikinci Qarabağ savaşında yeni bir səhifə yazdı.
Otuz illik işğal dövründə mənfur düşmənin xaraba qoyduğu torpaqlarımıza yeni nəfəs verilib, o yerlər yenidən canlanmağa başlayıb. Hazırda keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına – Qarabağa və Şərqi Zəngəzura möhtəşəm qayıdışı başlanıb.
Artıq Zəngilanın Ağalı və Tərtərin Talış kəndlərində həyatın yenidən başlanması deməyə əsas verir ki, möhtərəm İlham Əliyev işğalçılardan təmizlənmiş torpaqlarımızı əzmlə və qətiyyətlə bərpa edir. Bir neçə gün əvvəl Laçın yolunun girişində nəzarət-buraxılış məntəqəsinin yaradılması da göstərir ki, Azərbaycan dövləti özünün milli mənafelərini təmin etmək iqtidarındadır. Bu gün Azərbaycan bütün parametrlər üzrə nəinki regionun, ümumilikdə böyük bir arealın inkişaf nümunəsidir.
Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi olan Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin hər bir nailiyyəti həm də idarəçilikdə nizam- intizamın, ədalətin, şəffaflığın göstəricisidir. Ulu Öndərin müəyyən etdiyi dövlət idarəçilik xətti Prezident İlham Əliyev tərəfindən daha da təkmilləşdirilməklə, dövrün çağırış tələbləri nəzərə alınmaqla, ən müasir yanaşma metodları ilə davam etdirilir. Dövlətin idarə edilməsində, dövlətə rəhbərlikdə peşəkarlığın, səriştəliliyin əhəmiyyətini isə xalqımız cənab Prezidentin çoxcəhətli və səmərəli fəaliyyətində daha aydın görür və bundan fəxarət duyur. Sözsüz ki, qazanılan nailiyyətlərimizin əsasında Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyevin siyasi kursu dayanır.
Miranə ALLAHVERDİYEVA,
M.Ə. Sabir adına kitabxana filialın müdiri
Müzakirə qapadılmışdır.