Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq tarix

537

2020-ci ildə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən Müharibəsi xalqımızın 30 ildən artıq işğal altında olan torpaqlarını azad etməsi ilə başa çatdı. Bu müharibə Azərbaycan Ordusunun gücü və xalqın birliyi ilə düşmənin kapitulyasiya aktına imza atmağa məcbur olması ilə nəticələndi. Vətən Müharibəsi zamanı əldə edilən möhtəşəm Qələbə yalnız hərbi qələbə deyildi, eyni zamanda siyasi və mənəvi üstünlük qazandığımız bir mücadilə idi. Şuşanın azad edilməsi düşmənin təslim olmasına gətirib çıxaran həlledici məqam oldu.

İkinci Qarabağ Müharibəsinin ardınca Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda bərpa və quruculuq işləri sürətlə aparılsa da, Ermənistan tərəfinin təxribatları və qanunsuz silahlı qüvvələrinin Xankəndi və ətraf ərazilərdə varlığı Azərbaycanın suverenliyinə ciddi təhdid idi. Bu təhdidlərin qarşısını almaq məqsədilə 2023-cü ilin oktyabr ayında Xankəndi və ətraf ərazilərdə genişmiqyaslı antiterror əməliyyatı keçirildi. Bu əməliyyatın uğurla başa çatması Azərbaycanın hərbi qüdrətini bir daha təsdiqlədi və Xankəndidə Azərbaycan bayrağının ucaldılması ilə yekunlaşdı.

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Dövlət Bayrağını ucaldaraq, tarixə daha bir qızıl səhifə yazdı. Həmin hadisə yalnız bir şəhərin azad olunması deyil, eyni zamanda Azərbaycanın tam suverenliyinin bərpa edilməsi və düşmənin son müqavimət ocaqlarının sönməsi anlamına gəlirdi. Bu gün bütün Azərbaycan xalqı bu tarixi hadisəni böyük sevinclə qeyd edir və illərlə gözlədiyi böyük Qələbənin şərəfini yaşamaqdadır.

15 oktyabr 2023-cü il tarixdə Prezident İlham Əliyev Xankəndidə etdiyi çıxışda xalqımıza bir daha bu möhtəşəm qələbənin əhəmiyyətini çatdırdı. O, bu tarixi günü Azərbaycan xalqının yaddaşında əbədi qalacaq bir gün kimi dəyərləndirdi: “Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq”.

Prezident İlham Əliyev həm keçmişi, həm də gələcəyi əhatə edərək, Azərbaycanın güclü və müstəqil bir dövlət olaraq qalmasının vacibliyini vurğuladı. Ölkə rəhbəri nitqində qeyd etdi ki, iyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır.

Ali Baş Komandan həmçinin Azərbaycanın illər ərzində güclənməsinə və dünya miqyasında özünə layiq yerini tutmasına diqqət çəkdi. “Bu illər ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq”.

Güclü iqtisadiyyat və müstəqil dövlət anlayışı dövlət başçısının çıxışında xüsusi vurğulandı. “Biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır”.

Eyni zamanda, Prezident Silahlı Qüvvələrimizin gücləndirilməsi üçün illərlə aparılan işləri xatırladaraq, bu gün ordumuzun istənilən vəzifəni şərəflə yerinə yetirməyə qadir olduğunu bildirdi. Xüsusilə Azərbaycan xalqının öz ordusuna olan dəstəyini, bütün dünyada yaşayan azərbaycanlıların bu qələbəni fəxr mənbəyi kimi gördüyünü vurğuladı.

Uzun müddət Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çalışsaq da, lakin düşmənin təxribatları və qanunsuz silahlı dəstələrinin varlığı bu cəhdlərin uğursuzluqla nəticələnməsinə səbəb olmuşdur. Azərbaycan hər zaman sülh istəyib, amma lazım gəldikdə öz torpaqlarını güc yolu ilə azad etməkdən çəkinməyib.

Beləliklə, Prezident İlham Əliyevin Xankəndidəki çıxışı və bu tarixi hadisə Azərbaycanın qüdrətinin, xalqımızın birliyinin və iradəsinin bariz təcəssümüdür. Azərbaycan xalqı öz qanı və canı bahasına bu qələbəni əldə edib və bu qələbə bizim tariximizdə əbədi qalacaq. Gələcək nəsillər zəfərimizlə həmişə fəxr edəcəklər. Müstəqilliyimiz və suverenliyimiz qorunacaq və daha da güclənəcəkdir.

Arif Ərşad, Azərbaycan Yazıçılar və Avrasiya Yazarlar Birliklərinin üzvü, Prezident mükafatçısı, yazıçı, publisist, tərcüməçi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər