Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci ilin iyun ayından etibarən hər həftəsonu ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanlarının keçirilməsinə başlanılır.
Bu barədə “Qafqazinfo”ya Mərkəzdən məlumat verilib.
Bildirilib ki, DİM Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə təşkil edəcək.
İmtahan binalarında tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər həyata keçiriləcək. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən ediləcək, girişdə bütün imtahan iştirakçılarının hərarətinin yoxlanılması təmin ediləcək. Bir imtahan zalında isə maksimum 15 nəfərin əyləşdirilməsi nəzərdə tutulur. Bütün imtahan iştirakçıları tibbi maska taxmalıdırlar.
İmtahanların müxtəlif rayon və şəhərlər üzrə həftəsonu günlərində keçirilməsi nəzərdə tutulur. Hər imtahan günü və ona uyğun rayon və şəhərlərin adları yaxın 2, 3 gün ərzində elan olunacaqdır.
İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.