Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə səsləndirdiyi fikirlər Azərbaycanda idmana göstərilən dövlət qayğısının təkcə ümumi strategiya səviyyəsində deyil, konkret insan talelərində, idmançı və mütəxəssislərin həyatında necə real nəticələr verdiyini bir daha nümayiş etdirdi. Dövlət başçısının bu sahədə əldə olunan uğurları yüksək qiymətləndirməsi ilə yanaşı, imzaladığı təltif sərəncamları idman ictimaiyyəti üçün xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev idmançıların və idman mütəxəssislərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Bu təltiflər ölkədə idmanın inkişafına töhfə verən insanların əməyinə verilən dəyərin bariz nümunəsidir. Xüsusilə qeyd edilməlidir ki, təltif olunanlar arasında Sumqayıt idman məktəbinin yetirmələri və bu şəhərin idman həyatında mühüm rol oynayan şəxslər də yer alıb.
Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilən Coşqun Ceyhun oğlu Əliyev və Nurəddin Rəcəb oğlu Rəcəbov Sumqayıt idman ictimaiyyətinə yaxşı tanış olan simalardır. Onların uzun illər ərzində idmanın inkişafı, gənclərin bu sahəyə cəlb olunması və yüksək nəticələrin əldə edilməsi istiqamətində göstərdikləri səylər dövlət tərəfindən yüksək qiymətləndirilib. Bu təltiflər həm də gənc idmançılar üçün ciddi motivasiya mənbəyidir.
Eyni zamanda, idman sahəsində xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə Ələkbər Əbdülbağı oğlu İmaməliyevə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi ölkədə idman təhsilinə və peşəkar hazırlığa verilən önəmin göstəricisidir. Digər mühüm məqam isə idman sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Qərib Tələt oğlu Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsidir. Bu qərar dövlətin idmana həyatını həsr etmiş insanlara olan sosial məsuliyyətini və davamlı qayğı siyasətini əks etdirir. Prezident təqaüdü illərlə qazanılmış təcrübənin, bilik və fədakarlığın qiymətləndirilməsidir.
Qeyd olunmalıdır ki, bu şəxslər Prezident İlham Əliyevin idman yekunlarına həsr olunmuş görüşündə də iştirak ediblər və dövlət başçısı tərəfindən təltif olunublar. Bu fakt Sumqayıt idmançılarının və idman mütəxəssislərinin ölkə miqyasında aparılan idman siyasətində layiqli yer tutduğunu bir daha təsdiqləyir. Sumqayıt artıq uzun illərdir ki, təkcə sənaye şəhəri kimi deyil, eyni zamanda güclü idman ənənələrinə malik mərkəz kimi tanınır.
Sumqayıtda idmana göstərilən diqqət və qayğı ardıcıl xarakter daşıyır. Şəhərdə fəaliyyət göstərən idman məktəbləri, zallar, stadionlar və müasir infrastruktura malik obyektlər gənclərin idmana marağının artmasına şərait yaradır. Yerli səviyyədə aparılan sistemli işlər nəticəsində Sumqayıt müxtəlif idman növləri üzrə ölkə və beynəlxalq arenalarda uğur qazanan idmançılar yetişdirir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, sağlam və vətənpərvər gənc nəslin yetişdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan Sumqayıtda idman təkcə fiziki hazırlıq vasitəsi deyil, həm də gənclərin mənəvi tərbiyəsində, vətənə bağlılıq ruhunun formalaşmasında mühüm rol oynayır. Təltif olunan sumqayıtlı idmançı və mütəxəssislər bu missiyanın daşıyıcılarıdır.
Ümumilikdə, 2025-ci ilin idman yekunları bir daha göstərdi ki, Azərbaycanda idmana göstərilən dövlət qayğısı sistemlidir, davamlıdır və konkret nəticələr verir. Bu siyasət paytaxtla yanaşı, regionlarda, o cümlədən Sumqayıt şəhərində də uğurla həyata keçirilir. Sumqayıt idmançılarının yüksək dövlət təltiflərinə layiq görülməsi isə bu şəhərdə aparılan işlərin düzgün istiqamətdə olduğunu təsdiqləyir və gələcək uğurlar üçün möhkəm zəmin yaradır.
Şahin İmranov, Əməkdar idman ustası, Pekin Yay Olimpiya Oyunlarının bürünc medalçısı, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun direktoru,


Müzakirə qapadılmışdır.