Azərbaycanda işləmək istəyən qadınlar ciddi məhdudiyyətlə üzləşmir – MÜSAHİBƏ

406

Milli Məclisin deputatı Tahir Mirkişili Modern.az redaksiyasının qonağı olub. O, mövcud iqtisadi vəziyyət, dünya və Azərbaycan iqtisadiyyatı, pensiya təminatı və digər mövzularda suallarımızı cavablandırıb.

Qeyd edək ki, 47 yaşlı iqtisadçı deputat Qubadlı rayonundandır, o, 2015, 2020 və 2025-ci ildə keçirilən parlament seçkilərində Milli Məclisin üzvü seçilib.

Deputatla müsahibəni təqdim edirik:

– Əvvəlki illərdən fərqli olaraq indi dünyanın maliyyə vəziyyəti stabil deyil, milyarderlərin hakimiyyətə gəlişi maliyyə məsələlərinə də təsir edir, kriptovalyutalara maraq çoxalır, ölkələrin iqtisadi vəziyyəti birdən çökür. Belə bir dövrdə maliyyə sahəsini idarə etməyin hansı çətinlikləri yaranır?

– Pandemiyadan, xüsusi ilə 2020-ci ildən sonra dünya sürətlə dəyişməyə başladı. Hazırda qlobal iqtisadiyyatı və qlobal maliyyəni dəyişdirən əsas struktur dəyişiklikləri baş verir. Bu dəyişikliklər 5 əsas qüvvənin – “5D”nin: deqloballaşma (de-globalization), karbonsuzlaşma (de-carbonization), demoqrafiyanın (demographics), borc (debt) və rəqəmsallaşma (digitalization) eyni vaxtda təsiri ilə reallaşır.

Bu 5 faktorun bütövlükdə dünya iqtisadiyyatına təsiri bizim təsəvvür edə bilməyəcəyimiz dərəcədə iqtisadiyyatda yeni reallıqlar və yeni istiqamətlərin meydana gəlməsinə səbəb olmaqdadır. Deqlobalizasiya –  dünya artıq getdikcə parçalanmağa başlamışdır. Xüsusi ilə 2008-ci ildə NATO-nun Buxarest samitindən sonra dünyanın parçalanacağı bir fakt kimi ortalığa çıxdı. Bu samitdə NATO Şərqdə doğru genişlənməklə bağlı qərar qəbul etdi. Bundan sonra dünyada parçalanmanın real və qaçınılmaz olması ortalığa çıxdı. Dünya iqtisadi təşkilatlarının belə yanaşması var ki, dünya parçalanarsa 3 bloka bölünəcək – Qərb bloku hansı ki, bura ABŞ-nin başçılığı altında 94 ölkə daxildir, Şərq bloku – bura Çinin başçılığı ilə 24 ölkə daxildir, və Neytral blok – bura 58 ölkə daxildir. Neytral blok Şərq və Qərb bloklatrına daxil olmayan və konfrontasiya siyasətinə qoşulmayan ölkələrdir. Dünya iqtisadçıların iddialarına görə, Azərbaycan neytral blokun içində yer alacaqdır. Dünyanın parçalanması dedikdə ən pis halda münasibətlərin soyuq müharibə dövrünə qayıtması nəzərdə tuturlar. Dünyada parçalanma indeksi deyilən indeks də var ki, bu indeks BMT tərəfindən hazırlanıb. Dünyada ən çox parçalanma indeksi 1975-80-ci illərdə olub. Bu təxminən 0.5 əmsalıdır. Dünyanın ən az parçalanması isə 2008-ci ilə qədər olub, bu rəqəm – 0.8-dir. Amma bu gün dünyanın parçalanma indeksi 1 əmsalına yaxındır, bu da o deməkdir ki, hazırda dünyanın parçalanma indeksi indiyədək müşahidə edilən ən böyük göstəricidir. 2020-ci ilə qədər dünyada 1000-ə yaxın iqtisadi məhdudiyyət tədbirləri mövcud idisə, hazırda bu say 3000-i keçib və Trampın dövründə bu say durmadan artır. Belə bir şəraitdə üç blokun yaranmasının kimə zərbə vuracağı ilə bağlı maraqlı hesablamar da mövcuddur. Hesablamalar göstərir ki, dünya bu formada parçalanarsa onda dünya iqtisadiyyatı 7 faiz itkiyə məruz qalacaq. Bu müasir yüz trilyonluq dünya iqtisadiyyatının 7 trilyonunu itirməsi deməkdir ki, bu rəqəm Böyük Britaniya və Almaniyanın birlikdə 1 illik iqtisadiyyatının həcminə bərabərdir. Dünyanın bu cür parçalanması fonunda ən çox itirən tərəfin Şərq bloku olacağı düşünülür, hesablamalara görə Şərq blokunun Qərbə ixracı təxminən 33 faiz, Qərb blokunun Şərqə ixracı isə 22 faiz azalacaqdır. Maraqlıdır ki, bu cür olacağı təqdirdə ən çox qazanan neytral blok ölkələri olacaq. Çünki neytral blok ölkələri həm Şərq, həm də Qərblə ticarət əlaqələrinə sahib ola biləcək ölkələrdir. Məsələn bu gün Rusiya və Avropa Birliyi arasında olan sanksiya rejimindən ən çox udan Ermənistandır. Ermənistanın həm Qərb, həm də Rusiya ilə ticarət əlaqələri saxlaması və buna Qərbin göz yumması Ermənistan iqtisadiyyatının artımına səbəb olmuşdur. Bir sözlə Ermənistan iqtisadiyyatındakı bütün artımlar paralel iqtisadiyyatın və daha çox qeyri-qanuni iqtisadi əlaqələrin təsirindən formalaşır. Gələcəkdə parçalanma reallaşarsa və belə bloklar olarsa, hesablamalar göstərir ki, neytral zonaya daxil ölkələrin iqtisadiyyatı hər il orta hesabla təxminən 6 faiz ÜDM həcmində əlavə gəlir əldə edə bilər ki, bu hazırda neytral blok ölkələrinin parçalanmadan daha az təsirlənə biləcəyi anlamına gəlir. Onu da qeyd edim ki, deqlobalizasiya iqtisadi artım üçün yaxşı şeylər vəd etmir. Çünki iqtisadiyyat üçün miqyas effekti çox önəmlidir. Kapital və investisyanın qlobal olması iqtisadi artıma müsbət təsir edir. Eyni zamanda ixtisaslaşma və rəqabət qlobal olduqca iqtisadi fayda daha çox olur, parçalanma zamanı isə iqtisadi fayda aşağı düşür, xərclər artır, inflyasiya yaranır.

İkinci faktor dekarbonizasiyadır. Bu gün iqlimlə bağlı çox ciddi təhlükələr mövcuddur. Tanınmış iqlimşünas Ramanathan xəbərdarlıq edir ki, qlobal istiləşmə gözlənildiyindən daha sürətli baş verəcək və emissiyalara nəzarət edilməzsə, 2030-cu ilə qədər iqlim dəyişikliyi hamı tərəfindən hiss olunacaq – “COVID-19 kimi hər evə daxil olacaq”.

İqlim dəyişikliyinin ekstremal hava hadisələri şəklində təsirləri artıq acı reallıqdır: yağışlar, daşqınlar, yanğınlar, qasırğalar adı hal almağa başlamışdır. İqtisadi tərəfdən baxanda bu reallıqlar inflyasiyaya meyllidir: iqlim dəyişikliyinə uyğunlaşmaq üçün fiskal dəstək tələb olunur, lakin bu dəstək məhsuldarlığın artması və ya vergi bazasında artım hesabına təmin oluna bilmir. Yaşıl istiqrazlar və davamlı kreditlər artsa da, onlar hələ bu problemləri həll etmək üçün kifayət qədər yetərli deyillər.

Üçüncü faktor demoqrafiya ilə bağlıdır. Demoqrafik amil. Əhalinin yaşlanması işçi qüvvəsinin azalmasına səbəb olur. Gözlənilən ömür uzunluğunun artması və məhsuldarlığın azalması yaşlanmış əhali üçün səhiyyə və pensiya müavinətləri xərclərinin artması səbəbindən fiskal yükü daha da artırır.

Dördüncü faktor Borc ilə bağlıdır. Qlobal miqyasda dövlət xərclərinin artması artıq rekord həddə çatan dövlət öhdəliklərinin artmasına səbəb olur. Dünya İqtisadi Forumunun məlumatına görə, qlobal borc əsasən inkişaf etmiş ölkələrin hesabına rekord həddə – 307 trilyon dollara çatıb. Təkcə koronavirus pandemiyası zamanı dəstək təsbirləri inkişaf etmiş ölkələrin dövlət borcunu 50 trilyon dollar artırıb.

Son iki onillikdə olduğundan daha yüksək faiz dərəcələri ilə birlikdə dövlət borcunun bu artımı, çox güman ki, əlavə borcların alınması üçün daha yüksək risklərin yaranmasına və borclara xidmət xərclərinin daha da artmasına səbəb olacaq. Məsələn, 2025-ci ildə ABŞ-da dövlət borcun ödənilməsi xərcləri büdcənin müdafiə xərclərini keçəcəkdir. Təqdirə layiq haldır ki, Azərbaycanda bunun əksi baş verir. Belə ki, borca xidmətlə bağlı xərclər dövlət büdcəsini  müdafiə xərclərindən bir neçə dəfə azdır.

Artan borc hökumətin infrastruktura, təhsilə və tədqiqata – uzunmüddətli iqtisadi artım üçün əsas olan sahələrə investisiya qoymaq imkanlarını məhdudlaşdırır. Davamlı dövlət borclanması özəl sektor üçün də kapitalın dəyərini artırarsa və bu, faiz dərəcələrinin artmasına səbəb olarsa, bu sıxışdırıcı təsir daha da güclənə bilər.

Beşinci faktor Rəqəmsallaşma ilə bağlıdır. Qlobal iqtisadi artım üçün yuxarıda göstərilən bütün əhəmiyyətli çətinliklərdən tamamilə fərqli olaraq, rəqəmsallaşmaya doğru tendensiyalara daha çox əls təsir göstərir. Rəqəmsallaşma, süni intellekt (AI) və texnoloji innovasiyalar iqtisadi artımı ləngidən amillərə qarşı tarazlıq təmin etməyi vəd edir. Məsələn, sənaye üzrə generativ süni intellektin (GenAI) geniş tətbiqi zamanı əmək məhsuldarlığının ildə təxminən 1,5% artması və ümumi iqtisadi faydanın idə 2,6 trilyon dollardan 4,4 trilyon dollara qədər olacağı təxmin edilir.

Rəqəmsallaşma dünya iqtisadiyyatının de-qlobalizasiya, de-karbonizasiya, borc və demoqrafiyadan aldığı zərərin qarşısını ala biləcək yeganə qüvvə sayılır. Rəqəmsallaşma dünya iqtisadiyyatının bütövlükdə strukturunu dəyişə biləcək fenomen yaratmaqdadır. Bir neçə gün əvvəl Amerika Birləşmiş Ştatları tarixdə ilk dəfə olaraq kriptovalyutaların Amerika dövlətinin strateji valyuta ehtiyyatları siyahısına daxil olunması ilə bağlı qərar qəbul etdi. İqtisadiyyatın əsas vəzifəsi insanların sonsuz arzusunun məhdud resurslarla qarşılanmasıdır. Maraqlıdır ki, rəqəmsallaşma məhdud resurslar fenomenini dəyişir, artıq resurslar özü belə sonsuz ola bilir. Bu baxımdan rəqəmsallaşma iqtisad elminin yanaşmasını və obyektini dəyişir. İqtisadiyyat artıq sonsuz resurslarla sonsuz arzuların idarə olunması haqqında yeni elmi yanaşmanın ortaya çıxmasına şərait yaradır. Digər tərəfdən, rəqəmsallaşma rəqabətin formasını və mahiyyətini dəyişməkdədir. Xatırladım ki, hazırda dünya iqtisadiyyatı 100 trilyonluq iqtisadiyyatdır və onun 28 trilyon dolları Amerika Birləşmiş Ştatlarına, 18 trilyonu Çinə, 20 trilyonu Avropa Birliyə aiddir. Ortalama götürsək ABŞ və Avropa Birliyinə üzv olan ölkələrin iqtisadiyyatı dünya iqtisadiyyatının yarısını əhatə edir. Rəqəmsallaşma isə yeni fenomen ortaya çıxardı. Burada daha az resursla daha çox iş görmək tezisini yaratdı. Məsələn süni intellektin yaranması tarixinə və çəkilən xərclərə baxsaq Amerika Birləşmiş Ştatları süni intellekti yaratmaq üçün təxminən 500 milyard dollar vəsait xərcləyirsə,  Çin cəmi 6 milyon dollar xərcləməklə ABŞ-nin yaratdığı süni intellektlə rəqabət apara biləcək “DeepSeek” proqramını yaratdı. Çinin yaratdığı süni intellekt alətləri daha ucuz, az vəsait sərf etməklə daha çox alət əldə etmək anlayışını yaratdı və bu dünya iqtisadiyyatında tamamilə yeni və hər kəs üçün əlçatan olan alətlər təqdim etdi.

 

– Siz dünya iqtisadiyyatının xəritəsini göstərdiniz, bu konteksdə Azərbaycan iqtisadiyyatının inkişafını da göstərə bilərsinizmi?

– Azərbaycan iqtisadiyyatına qlobal iqtisadiyyat fonunda baxsaq parçalanmış dünyada Azərbaycanın yeri neytral blokda görünür. Yəni Qərb və Şərqlə əməkdaşlıq qura bilən, hər ikisinin arasında iqtisadi vasitəçi rolu oynaya bilən və yaxud da bu əlaqələrdən faydalanan ölkələr statusunda olacağımız gözlənilir. Hazırda Azərbaycanın coğrafi mövqeyinə və iqtisadi, nəqliyyat siyasətinə fikir versəniz bu gün biz Qərb və Şərq arasında nəqliyyat dəhlizi yaradan, orta dəhlizi inkişaf etdirən, neytral bölgəyə aid olan ölkələrin qrupu hesab edə biləcəyimiz Qoşulmama Hərəkatına uğurla rəhbərlik etmiş ölkə kimi nüfuzu olan, dünyada sözü keçən liderə sahib bir ölkə statusuna malikik. Burada maraqlı yanaşma ondan ibarətdir ki, Qərb və Şərqlə yanaşı Türk dünyası adlanan və formatı Türk Dövlətləri Təşkilatı olan yeni bir blokun yaranması ehtimalı da var. Məsələn bugünkü iqtisadçıların yanaşmasında Türkiyə Qərb blokunda, Orta Asiya isə Şərq blokunda, Azərbaycan isə neytral blokda göstərilir. Əgər Türk dünyasını birlikdə inkişaf edib güclənə bilsə, o zaman Türkiyəni Qərb blokundan, Orta Asiyanı isə Şərq blokundan çıxartmaqla Türk Dünyası adlı güclü bir blok yaratmaq olar ki, bu da regionda mühüm blok rolunu oynaya bilər. Azərbaycan iqtisadiyyatına bu konteksdə baxdıqda onda təbii ki, bloklar arasında əlaqələrin qurulmasında mühüm rol oynayacaq, eyni zamanda nəqliyyat əlaqələrinə sahib olmaq, siyasi cəhətdən hər iki blokla daha yaxın və praqmatik münasibətlər qurmaq imkanına sahib olacaq bir ölkə statusuna sahib olmaq mümkün görsənir. İqtisadiyyatın özünü təhlil etsək, onda görsənir ki, bu gün Azərbaycan iqtisadiyyatının xaricə ixracı artırmasna ehtiyacı var. Bizim qeyri-neft sektorunun məhsullarını ixrac etmək üçün ənənəvi olmayan, qeyri-ənənəvi bazarlara çıxışa ehtiyacımız var. Bu gün qeyri-neft sektorundakı məhsullarımızın, xüsusi ilə də kənd təsərrüfatı sahəsindəki məhsulların böyük hissəsini ənənəvi bazarlara ixrac edirik, amma bu məhsulları başqa bazarlara, məsələn Körfəz ölkələri bazarlarına və yaxud da Qərb, Çin bazarlarına ixrac etmək ehtiyacımız var. Çünki biz ixracın miqyasını artırmasaq və onun coğrafiyasını diversifikasiya etməsək qeyri-neft sektorunda yarana biləcək problemlər eyni ilə neft sektorunda bizim gözlədiyimiz təhlükələrə bərabər ola bilər. Neft sektorunda bildiyimiz kimi qiymətlər volatildir və bu da iqtisadiyyat üçün problemlər yaradır. Qeyri-neft sektorunda da bir bazardan asılılıq və yaxud da diversifikasiyanın güclü olmaması problem yarada bilər. Ona görə də düşünürəm ki, Azərbaycan iqtisadiyyatının müasir dövrdə daha çox xarici bazarlara açılmasına, qeyri-neft sektoru məhsullarımızın daha geniş coğrafiyaya ixrac edilməsinə, texnologiya mübadiləsinə və ölkədə daha çox innovasiyanın tətbiq edilməsinə ehtiyac yaranacaqdır.

– Azərbaycanın harada olacağına necə qərar veririk? Bu ölkənin idarəetməsi ilə bağlıdır ya dünya bizi buna məcbur edəcək?

– Burada iki faktor var. Birincisi dünyada baş verən dəyişikliklər obyektiv olaraq bizim harda olacağımıza təsir edəcəkdir. Çünki dünya parçalandıqca hər bir ölkənin seçim etmək zərurəti yaranacaqdır. Bu gün dünya parçalanmadığı halda Azərbaycan müxtəlif ölkələrlə əlaqə qurmağı bacarır. Amma dünya parçalanarsa, Azərbaycan Şərqdə yoxsa Qərbdə, yoxsa neytral blokda olmalıdır sualına yəqin ki cavab tapmaq lazım olacaq. Dövlət siyasətimizə baxdıqda deyə bilərik ki, Azərbaycan daim öz milli maraqlarının təmin olunduğu yerdə olub,bloklara qoşulmamaq siyasəti yürüdülüb və bu bizə əhəmiyyətli uğurlar bəxş edib. Hesab edirəm ki, Neytral zonada olmaq, həm Şərq, həm də Qərblə əlaqələri yaxın olan ölkə statusuna malik olmaq bizə gələcəkdə də üstünlüklər qazandıra bilər. Bugünkü dövlət siyasəti, yerləşdiyimiz coğrafi ərazi və digər aparılan araşdırmalar onu deməyə əsas verir ki, Azərbaycan nə Şərq, nə də Qərb blokunda olmamalıdır. Böyük ehtimalla, Azərbaycan ya neytral blok statuslu ölkələr içində, ya da cənab Prezidentin dediyi kimi ailəmiz olan Türk dünyasının formalaşacağı blokda ola ilərik. Bu blok yarana bilərmi ya yox bu artıq gələcəkdən və bütövlükdə türk dünyası ölkələrinin birlikdə səylərindən aslıdır. Könül istər ki, Şərq və Qərb bloku ilə yanaşı Türk bloku da olsun, çünki bu Azərbaycanın iqtisadi, siyasi, hərbi maraqlarımıza xidmət edəcək, həm də dünyada yarana biləcək parçalanmada öz yerimizi qorumaq baxımından güclü dayağımız ola biləcək.

 

– İqtisadiyyatı idarə edən kadrlar olur, zaman-zaman isə bizim kadrlarımızla bağlı narazılıqlar səslənir. Siz nə düşünürsünüz, Azərbaycanda iqtisadiyyatımızı inkişaf etdirə biləcək kadrlar varmı?

– Əlbəttə ki, var. Amma fikrimcə, iqtisadiyyat haqqında danışarkən onu kadrlar üzərindən analiz etməyi mən o qədər də doğru hesab etmirəm. Çünki iqtisadi siyasəti müəyyən edən dövlət başçısıdır və onu icra edən Nazirlər Kabinetidir, hüquqi çərçivəni müəyyən edən isə Milli Məclisdir. Azərbaycanın bu gün iqtisadi qanunvericiliyi əhəmiyyətli dərəcədə mükəmməl, açıq və demokratikdir. İqtisadi siyasətimiz əhatəli, müasir və milli maraqlara cavab verəndir. Qanunvericiliyimiz eyni zamanda özəl sektorun təşəbbüslərini dəyərləndirən, vergilər digər ölkələrə nisbətən daha aşağıdır. Qanunvericilik tərəfdən baxsaq Azərbaycanın bu istiqamətdə ciddi çətinlikləri yoxdur, olduğu zaman da sürətli təkmilləşdirmələr aparılır, məsələn, artıq yeni vergi məcəlləsi hazırlanır və mən düşünürəm ki, bu məcəllə sahibkarlar üçün daha asan, anlaşılan və inkişafı təşfiq edici olacaqdır. Digər tərəfdən, Azərbaycanda keçən dövr ərzində – son 20-25 il ərzində Azərbaycan iqtisadiyyatı böyük bir yol keçib. İqtisadçılar təhlilləri 5-10 ilin məlumatları əsasında baxmağın daha düzgün olduğuna əmindirlər, çünki 1-2 ilin məlumatları əsasında iqtisadiyyat haqqında fikir yürütmək ciddi qəbul edilmir, xüsusi ilə pandemiyadan sonra keçən dövr ərzində, çünki hər il iqtisadiyyatda ciddi enmələr və qalxmalar müşahidə olunur. Dünyada iqtisadi planlaşdırmanın müddəti hər zaman 7 il olub, sonra onu 5 ilə saldılar, amma artır dünyada belə bir yanaşma var ki, 5 il kifayət qədər planlaşdırma üçün uzun müddətdir və bu müddət 3 ilə endirilməlidir. Ümumiyyətlə iqtisadi inkişafı artıq 3 ildən çox müddətə planlaşdırmaq qeyri-realdır, çünki nəyin necə baş verəcəyini təxmin etmək artıq çox çətindir. Bizim 20 il iqtisadiyyatda keçdiyimiz rol kifayət qədər böyükdür. İqtisadiyyatımız həcm, bütövlükdə ölkədə gedən proseslər baxımından, istehsal, ixrac, sabitlik baxımından möhtəşəm yol keçmişik. İqtisadiyyat yerində durmur, innovasiyaların tətbiqini tələb edir, innovasiyaları tətbiq edə biləcək və bunların icrasına nəzarət edəcək müasir kadrlara iqtisadiyyatın daim ehtiyacı olacaqdır. Fikrimcə, vacib olan inkişafı təşfiq edən hüquqi çərçivənin və iqtisadi siyasətin olmasıdır ki, bu da Azərbaycanda mövcuddur.

 

– 2025-ci ildə büdcədə neftin qiyməti 70 dollar həcmində götürülüb. Trampın hakimiyyətə gəlməsi isə neftlə bağlı arxayınlığımızı azaldır. Bunun Azərbaycan neftinə təsiri necə olacaq?

– Tək Azərbaycan nefti deyil dünya neft qiymətlərinə Trampın siyasəti böyük ehtimalla müəyyən müddər üçün təsir edəcək. Konqresdə çıxışı zamanı ABŞ prezidentinin elan etdiyi istiqamətlərdən biri də budur – Amerikada bütün neft emalını azad elan etdi, emala vergiləri ləğv etdi. Bu da onu deməyə əsas verir ki, Trampın məqsədi neftin qiymətini aşağı salmaqdır. Çünki Amerika Birləşmiş Ştatlarında seçiciyə ən çox təsir edən amillərdən biri ölkədə benzinin qiymətidir. ABŞ-də benzinin qiymətinin düşməsi seçicinin ailə büdcəsinə ciddi təsir etdiyindən siyasətçilər hər zaman bunun üzərindən müəyyən vədlər verirlər. Bu da Tramp tərəfindən seçki öncəsi verilən vədlərdən biri idi. Trampın həm Səudiyyə Ərəbistanı ilə əlaqələri, həm də Ukraynada müharibəni dayandırmaqla bağlı fikirləri eyni zamanda neftin qiyməti ilə bağlı açıq elan etdiyi strategiyanın tərkib hesab olunur ki, bu da böyük ehtimalla neftin qiymətinə təsir edəcəkdir. Son günlərdə də neftin qiymətində ucuzlaşma hiss olunur. Amma iqtisadçılar arasında belə bir fikir var ki, dünya bazarında neftin qiyməti 60 dollardan aşağı düşməyəcək. Çünki qiymətfə müəyyən hədlər var ki, neftin qiyməti ondan daha aşağı düşsə bu sahəyə olan investisyanı dayandırır. İnvestisya dayanan zaman təklif azalır, təklif  də azaldığı zaman tələbin artması qiyməti qaldırır. Ona görə də hesab edirəm ki, müəyyən dərəcə təsir olacaq, amma bu təsir katastrofik olaması gözlənilmir. Azərbaycanda isə neftin qiymətinin düşməsi Neft Fondunun gəlirlərinə təsir edə bilər, amma dövlət büdcəsinə birbaşa təsiri olmayacaq, çünki dövlət büdcəsinə Neft Fondundan trasnfertlər manatla köçürmələrin hesabına reallaşır. Neftin qiymətinin neçəyə olmasından asılı olmayaraq Dövlət Neft Fondu bunu icra etməlidir. Hazırda Dövlət Neft fondunun valyuta ehtiyyatları kifayət qədər böyükdür. Qeyd edim ki, 2025-ci ilin dövlət büdcəsi hesablamalarında, Maliyyə Nazirliyi tərəfindən təsdiq olunan büdcədə neftin qiymətinin 10 dollar düşməsi dövlət büdcəsinin gəlirlərinə 340 milyon manata qədər azaldıcı təsiri göstərəcəyi ilə bağlı proqnozlar da mövcud idi. Bu cür olan halda hesab edirəm ki, 340 milyon manat azalmanın dövlət büdcəsində tənzimlənməsi hökumət üçün o qədər də böyük problem təşkil etməyəcəkdir.

– Azərbaycanda  insanların maliyyə savadlılığını necə qiymətləndirirsiniz?

– Mən bunu qənaətbəxş hesab etmirəm və bununla bağlı Milli Məclisdə çıxış edərkən də orta məktəblərdə maliyyə savadlılığı ilə bağlı ayrıca fənnin keçirilməsini təklif etmişdim. Hesab edirəm ki, dünya xeyli inkişaf edib ki, artıq hər kəsin əlində telefon var. Buna görə də artıq proqramlarla işləmək və yaxud da ki, proqramlar üzərindən hesablamaların aparılması üçün alətlər və imkanlar var, amma yeganə çatışmayan daha çox bu istiqamətdə savadlılığın lazımi səviyyədə tədris olunmamasıdır. Maliyyə savadlılığının orta məktəbdə tədris olunmaması bizim digər sahələrdə də ciddi problemlərlə qarşılaşmağımıza səbəb olur. Məsələn istehlak mədəniyyətinin formalaşmasında ciddi problemlər yaranır və yaxud da insanların hesablaya bilməyərək çox ağır şərtlərlə kreditlər götürməsinə və sonradan bu kreditləri ödəyə bilməməsinə, maliyyə planlaşdırmasının tam tərtib olunmamasına gətirib çıxardır ki, bu da insanların gələcəklərini indidən ağır problemlərlə yükləmələrinə səbəb olur. Düşünürəm ki, bu istiqamətdə müəyyən işlərin görülməsi lazımdır. Biznes və sahibkarlıq tərəflərindən baxsaq maliyyə savadlılığının daha çox artması sahibkarlarımızın düzgün hesabat tərtib etmələrinə, vergidən yayınmamalarına və yaxud da vergi ödəyərək daha çox fayda əldə etməklə qanunvericilikdən yararlanmaq kimi imkanlara sahib olmağa şərait yarada bilər.

 

– Ölkəmizdə əhali gəlirlərin əksəriyyətini qidaya xərcləyir. Bu dünyanın hər yerində belədir, ya azərbaycanlıların yemək sevgisi ilə bağlıdır?

– Təbii ki, müxtəlif ölkələrdə istehlak vərdişləri fərqlidir. Məsələn inkişaf etmiş ölkələrdə bu 20-30 faizə qədərdir, inkişaf etməkdə olan ölkələrin bəzilərində bu 70-80 faizə çata bilir. Bizdə qidaya xərclənən pul ümumi gəlirin ortalama 40-50 faiz ətrafındadır. Bunun bir neçə səbəbləri var. Əsas səbəblərdən biri ərzaq məhsullarında qiymət artımının gəlirlərin artımından daha sürətli olmasıdır. Digər səbəblərdən biri, ayrı-ayrı ölkələrdə istehlak meyillilik mədəniyyətinin ayrı-ayrı ölkələr üzrə fərqlənməsidir. Məsələn bəzi ölkələr var ki, onlar daha çox geyimə, bəziləri yeməyə, bəziləri isə daha çox nəqliyyat və ya avtomobilə pul xərcləyirlər. Hər bir xalqın özünə məxsus milli xüsusiyyəti var və o xüsusiyyəti tərifləmək və ya tənqid etmək hər zaman doğru olmaya bilər. Məhz bu milli xüsusiyyətlər üzərində ölkə iqtisadiyyatı qurulur. Biz daha çox bu xüsusiyyəti öyrənib onun üzərində iqtisadi inkişafı təşviq etməliyik.

 

– Ailə büdcəsi necə və ya hansı kriteriyalara görə bölüşdürülməlidir?

– Hər bir büdcədə olduğu kimi, ailə büdcəsində də gəlir və xərclərin planlaşdrılmaı vacibdir və ailənin möhkəmliyi üçün də bu mühüm əhəmiyyət kəsd edir. Ailə büdcəsi xərcinin əsas istiqamətlərindən biri ilkin tələbatların qarşılanmasıdır ki, bura da qida, mənzil və digər mühüm ehtiyaclar daxildir. İkinci mühüm istiqamət isə uşaqların tərbiyəsi, təhsili və uşaqları inkişaf etdirən investisiyadır. Bu gün dünyada  insan kapitalının formalaşmasının əsası ailədən aslıdır. Nə qədər  ailə uşaqlara daha doğru investisya yatırarsa o zaman gələcəkdə dövlət, cəmiyyət də daha savadlı, bilikli və bacarıqlı insan kapitalı əldə edəcəkdir. Bu cəhətdən düşünürəm ki, ailə büdcəsinin planlaşdırılması növbəliliyin cəhətdən baxsaq ehtiyaclar, uşaqların inkişafı və qalan yığımların düzgün idarə edilməsidir. Ailə büdcəsinin düzgün planlaşdırılmaı maliyyə savadlılığı tələb edir. Məsələn bu gün kifayət qədər qiymətli kağızlarla bağlı yatırım imkanları var ki, insanların böyük əksəriyyətinin maliyyə savadlılığı olmadan belə bir qərarları verə bilmirlər və ən yaxşı halda yatırımlarını banka depozit şəklində verir, bir çox hallarda istə güvənməyərək evdə saxlayırlar və ya kiber cinayətkarların qurbanı olurlar. Amma maliyyə savadlılığı imkan verir ki, insanlar daha çox gəlirli sahələrə yatırım edərək qazanclar əldə edə bilər, hansı ki, biz bunu dünya təcrübəsində tez-tez görürük.

Bu büdcəni kim tutmalıdır məsələsinə gəldikdə isə bunun kim tərəfindən tutulması önəmli deyil, burada qadın və ya kişi faktoru rol oynamır. Bu bütövlükdə ailənin üzvlərinin davranışından asılı məsələdir. Təbii ki, bizdə ailənin başçısı kişidir, istənilən halda gəlirlərin böyük hissəsi də ailəyə kişi tərəfindən gəlir, amma düşünürəm ki, maliyyə savadlılığının artması bu kimi məsələlərin həllinə yardım edə bilər.

Bir çox hallarda arzuların böyük olması, ailə planlaşdırmasında gəlirlərə uyğun xərclərin doğru planlaşdırılmaması gələcəkdə ailələrdə bir çox problemlərin yaranmasına gətirib çıxarda bilir.

 

– Azərbaycanda qadınların əmək bazarında iştirakçılığının az olmasının bütövlükdə ölkə iqtisadiyyatına hansı mənfi təsirləri var. Həmçinin statistikalar göstərir ki, ölkəmizdə qadınlar kişilərdən daha az maaş alır, qadınların əksəriyyətinin çalışdığı vəzifələrdə belə, rəhbərlik səviyyəsində kişilər təmsil olunur. Vəzifələrin bərabər bölünməməsi məsələsi nə kimi problemlər yaradır?

– Qanunvericilikdə qadın və kişinin maaşı arasında heç bir fərq yoxdur. Maaşlar arasında fərqin olmasının əsas səbəbi qadınların daha az maaşlı işlərdə çalışması ilə bağlıdır. Bunun obyektiv və subyektiv səbəbləri var, bəzən daha çox maaşlı işlər daha çox əmək, fiziki güc və təhlükəli şərait tələb edir. Məsələn ölkəmizdə ən çox maaş alan işçilər neft sənayesində çalışan işçilərdir ki, həmin platformalarda qadınların işləməyini biz təsəvvür belə edə bilmərik. Düşünmürəm ki, ölkəmizdə elə bir təşkilat, idarə, dövlət və ya özəl sektor olsun ki, orada eyni vəzifəyə qadın və ya kişi təyin edəndə orada cinsi ayrı seçkilik edir, maaşın daha az verir və sair. Azərbaycan qadınları kifayət qədər hüquqların bilən, inkişaf edən, təşəbbüskar, imkanlara çıxışın bərabər olduğunu bilən qadınlardır. Ona görə düşünürəm ki, bu problem Azərbaycanda yoxdur və ola da bilməz. Əvvəla ona görə ki, bizim köklərimiz türk mədəniyyəti ilə bağlıdır və bu mədəniyyətdə qadınlar hər zaman kişilərlə bərabər olublar, onların hüquqlarının pozulması, kişilərlə eyni səviyyədə hesab olunmamaları kimi problemlər olmayıb. O ki qaldı, Azərbaycanda qadınların az işləməsi ilə bağlı məsələyə bunun da obyektiv və subyektiv səbəbləri var. Bir çox xanımların işləmək istəməməsi, ailə mədəniyyəti, kişilərin qadınların işləməsinə razı olmaması ilə bağlı ola bilər. Ümumilikdə götürdükdə qadınların imkanara çıxışının məhdud olması ilə bağlı fikri ilə tam razı deyiləm, çünki bu gün istənilən halda qadınların bu kimi problemləri ciddi görünmür. Bu gün parlamentdə 25 xanım deputat təmsil olunur, Milli Məclisin sədri xanımdır. Eyni hüquqlarımız var, eyni formada çıxış edirik, hətta bəzən xanımlar bizdən aktiv olurlar. İşləmək istəyən xanımın Azərbaycanda işdə ciddi məhdudiyyətlə üzləşir kimi yanaşmaya qatılmıram.

– Azərbaycan əhalisinin gəlir və xərclərini regiondakı digər ölkələr – Ermənistan, Gürcüstan, Türkiyə ilə müqayisə etsək biz hansı səviyyədəyik?

– Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistanı iqtisadiyyatlarını müqayisə etsək, burada bir neçə fərqli amil var. Türkiyə böyük iqtisadiyyata malik ölkədir, G20-yə daxildir. Eyni zamanda, dünyada ən yüksək inflyasiyanın olduğu ölkədir. Cənubi Qafqaz iqtisadiyyatının əsas hissəsi Azərbaycana aiddir.  İqtisadi missiyalar, yanaşmalar fərqlidir. Əldə etdiyimiz gəlirlərin mənbələri də fərqlidir. Pandemiyadan sonra iqtisadi göstəricilər qeyri-sabit olduğundan dürüst müqayisələr aparmaq da mümkün deyildir. Son  dövrlərdə Ermənistan və Gürcüstanın paralel iqtisadiyyatdan geniş istifadə etməsi müəyyən şişirdilmiş iqtisadi rəqəmlərin meydana gəlməsinə səbəb olmuşdur.  Bunu hər kəs bilir, araşdırmalar da bunu göstərir. Ermənistanın son bir neçə ildə Rusiya ilə iqtisadi əlaqələrinə, ixracının dəfələrlə artmasına, Avropa İttifaqı ilə əlaqələrin strukturuna, idxalın dəfələrlə artmasına fikir versəniz görərsiniz ki, Rusiyaya tətbiq olunan sanksiyalardan ən çox udan hansı ölkələr olub. Onlar bundan müvəqqəti də, süni də olsa, kifayət qədər gəlir əldə etməyi bacarırlar.  Ona görə mən bir sıra ümumi iqtisadi göstəricilərin Azərbaycan, Ermənistan və Gürcüstan arasında son bir neçə ilin müqayisəsinin aparılmasını o qədər də doğru saymıram. Çünki burada bir çox süni elementlər var. Bunlar istənilən halda iqtisadi göstəricilərdə müəyyən qədər fərqlərin ortaya çıxmasına gətirib çıxarır. Amma Azərbaycan iqtisadiyyatının ümumi potensialını, gələcək inkişafını, bundan sonrakı 10 ildə əldə edəcəyi gəlirlərə fikir versəniz, bu Qafqazda nə Ermənistanın, nə də Gürcüstanın  əldə edə biləcəyi potensialdır. Bizim həm də imkanlarımız kifayət qədər böyükdür. Bu gün Azərbaycanın neft, yaşıl enerji ehtiyyatları var. Yaxın 10 ildə Azərbaycan yaşıl enerjidən kifayət qədər böyük gəlir əldə edəcək. Şərqlə Qərb arasında kommunikasiya Azərbaycandan keçir. Biz buna daha çox investisiya yatırırıq. Bu baxımdan məsələyə nəzər yetirsək, Azərbaycan iqtisadiyyatının potensialı çox böyükdür. Digər yandan Azərbaycan Ermənistan və Gürcüstandan fərqli olaraq, iqtisadiyyatın gələcəyinə ən çox investisya qoyan ölkədir. Bizim dövlət büdcəmizin böyük hissəsi Azərbaycanın gələcəyi üçün yatırılır. Hazırda Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasına təxminən 20 milyard manata yaxın vəsait xərclənib. Bu nə Ermənistanın, nə də Gürcüstanın nə vaxtsa, hansısa ərazisinə ayırmadığı vəsaitdir.  Azərbaycan bu gün dəmir yolunun modernləşdirilməsi, Xəzər dənizi ilə bağlı yeni limanların tikilməsinə böyük investisiyalar ayırır. Bunu Ermənistanda da, Gürcüstanda da görə bilməzsiniz. Gürcüstana  hətta dəmir yolunun tikilməsinə görə krediti Azərbaycan hökuməti verib.  Perespektiv cəhətdən baxsaq, yaxın 10-15 il ərzində planlaşdırdığımız gəlirləri əldə etdiyimiz zaman  Azərbaycan iqtisadiyyatı bölgədə düşünürəm ki, digər hansısa ölkə ilə müqayisə edilməyəcək gücə sahib olacaq. Təbii ki, Türkiyə bura aid deyil. Türkiyə böyük ölkədir, geniş imkanları var və əhalisinin sayı çoxdur.

 

– 30 ilə yaxın bir müddətdə Azərbaycan torpaqlarının 20 faizi işğal altında olub. Bu müddət ərzində iqtisadiyyat ərazinin 80 faizində hazırkı vəziyyətə gətirilib. Artıq Qarabağ azaddır və orada iqtisadiyyat bərpa edilir. Sizcə, Qarabağın işğaldan azad edilməsi yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatına hansı formada dəstək verəcək?

– Siz tamamilə doğru qeyd etdiniz. Azərbaycanın yenidən qurulması 2020-ci ildə başlayıb. Ermənistan və Gürcüstanın 90-cı illərin əvvəllərində verdiyi startı biz 2020-ci ildə verdik. 2020-ci ilədək bizim iqtisadi potensialımız torpaqlarımızın işğaldan azad edilməsinə yönəlmişdi. Əgər torpaqlarımız işğal altında olmasaydı, o zaman Azərbaycanın son 30 ildə xərclədiyi vəsait iqtisadiyyatın inkişafına yönəldilsəydi, bu gün Azərbaycan iqtisadiyyatı tamamilə başqa, daha yüksək yerdə olardı.

Qarabağın işğaldan azad edilməsi Azərbaycan iqtisadiyyatını bütövləşdirdi. Bütövləşmə hissini yalnız rəqəmlərdə görmək mümkün deyil, bu, eyni zamanda iqtisadiyyatda gələcəyə inamın yaranması baxımından çox ciddi hadisədir. İqtisadiyyat yalnız pulla, rəqəmlərlə ölçülmür, eyni zamanda hissiyyat, inam və gələcəyə baxışla ölçülür. Əgər investorun gələcəyə inamı varsa, daha çox pul yatırır, daha çox iş qurur. Qarabağın işğaldan azad edilməsi Azərbaycan xalqının gələcəyə inamını daha da artırdı. Bütöv ölkə olmağın faydasını bir neçə on ildən sonra daha çox görməyə başlayacağıq. Müharibədən 5 ilə yaxın vaxt keçib, ermənilərin vurduğu ziyan o qədər böyükdür ki, hələ də nəticələrini aradan qaldıra bilməmişik. Bərpa-quruculuq işləri bitəndən və köç prosesi başa çatandan sonra azərbaycanlıların gələcəklə bağlı daha aydın təsəvvürləri olacaq.

İqtisadi cəhətdən rəqəmlərə baxsaq, Qarabağın azad edilməsi bizim iqtisadi resurslarımızı artırıb. Bu bölgədə bizim kifayət qədər böyük ehtiyatlarımız var. Su ehtiyatının, kənd təsərrüfatına yararlı torpaqların, turizm ehtiyatlarının böyük bir hissəsi burada yerləşir, qızıl yataqları var. Bu istiqamətdə Azərbaycanın əldə edəcəyi faydalar kifayət qədər böyükdür. Qarabağ iqtisadiyyatı bərpa edildikdən və ölkə iqtisadiyyatına tam inteqrasiya edildikdən sonra əldə edəcəyimiz faydaları daha çox olacaq.

Növbəti məsələ Zəngəzur dəhlizidir. Dəhlizin açılması ilə Azərbaycanın bu bölgəsindən Qərbə ixrac imkanları daha çox artacaq. Xatırladım ki, Qarabağ tamamilə yaşıl zonadır, burada yaşıl enerjidən istifadə edilir. Yaxın gələcəkdə ixracatda yaşıl enerji ilə istehsal olunan məhsullar böyük yer tutacaq. Mən düşünürəm ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın Qərb bazarına açılacaq çox mühüm qapısı olacaq.

 

– Tahir müəllim, son devalvasiyadan təxminən 10 il keçir. Bəzi ekspertlər bu ərəfələrdə yenidən devalvasiya ehrimalı haqqında danışır. Sizcə, yaxın vaxtlarda manatı nə gözləyir? Ümumiyyətlə bu prosesdə zaman aralığı nə qədər rol oynayır?

– Yox, rol oynamır. Devalvasiyanın yubileyinin olması onun yenidən olacağı mənasına gəlmir. 10 il az müddət deyil, Azərbaycan bu müddət ərzində makroiqtisadi sabitliyi qorumağı bacarıb. İndiki şəraitdə manatın devalvasiyası ilə bağlı hər hansı bir risk mövcud deyil. Bəzən mətbuatda, sosial şəbəkədə belə fikirlərə rast gəlirik. Bu bəzən spekulyativ, bir çox hallarda isə iqtisadiyyatın strukturunu tam bilməməkdən irəli gəlir.  Devalvasiya o zaman baş verir ki, ölkədə dollara olan təlabat daxil olan dollardan daha çox olsun. Azərbaycanda bizim ixracımız idxalımızl 5 milyard dollar üstələyir. Böyük miqyasda strateji valyuta ehtiyatlarımız var. Pul-kredit siyasətinə tam nəzarət olunur. Yəni bizə daxil olan dolların həcmi çıxan dolların həcmindən daha çoxdur. Bəlkə də bu gün hər hansı tənzimləmə olmasa, tam əks proses baş verə, dollar ucuzlaşa bilər. Bu gün Azərbaycanda iqtisadi siyasətin əsas vəzifəsi manatın ucuzlaşması deyil, həm də dolların ucuzlaşmasının qarşısını almaqdır. Çünki, bu da ölkədə ikinci bir çətinlik yarada bilər. Ona görə bu gün kursun sabit qalması həm dollar, həm də manat üçün və bütövlükdə iqtisadiyyat üçün vacibdir. Yəni bu gün kursun sabit qalmasından əldə edəcəyimiz faydalar devalvasiya şəraitində əldə edəcəyimiz faydalardan daha çoxdur. Ona görə sabit kurs Azərbaycan iqtisadiyyatının inkişafı, sosial vəziyyətin yaxşılaşması üçün doğru seçimdir.

 

– Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar ayında Azərbaycanda ümümi daxili məhsul 0.9 faiz azalıb. Bəzi iqtisadçılar bu azalmanın həyəcan təbili olduğunu düşünür və ilin növbəti dövründə də davam edə biləcəyini iddia edir. Siz bu barədə nə düşünürsünüz, azalma nə ilə əlaqədardır və iqtisadiyyata hansı təsirləri ola bilər?

 

– Mən bu fikirlə razı deyiləm. Çünki, ÜDM-də bir aylıq göstərici ciddi heç nə ifadə etmir. Bir çox əvvəki illərdə də yanvar-fev aylarında ÜDM-in çox cüzi şəkildə artması qeydə alınmışdı. Amma il yekununda artımların sürətlənməsini şahidi olmuşuq. Ümumiyyətlə dediyim kimi, bir aylıq göstərici heç nə demək deyil. Yanvar ayında dünyanın hər yerində işlərin zəif olduğu, investisiya ilə bağlı qərarların qəbul edilmədiyi, insanların bayram əhval-ruhiyyəsində olduğu bir aydır. Buna görə ÜDM azalmasına ilin birinci ayı ilə baxmaq doğru deyil. Hətta ilin sonuncu ayını da götürüb müqayisə etmək doğru deyil, çünki maliyyə yükü əsasən sonuncu aya düşür. Ona görə də dünyada bütün göstəricilərdə daha çox illik ortalama əsas götürülür. 2025-ci ildə Azərbaycan iqtisadiyyatının artım proqnozu 3.5 faiz, qeyri-neft sektorunda isə 4.5 faizdir. Mən düşünürəm ki, indiki investisiyalarla bu proqnozlar özünü doğruldacaq.

– Vətəndaşlar arasında pensiya yaşı ilə əlaqədar müxtəlif fikirlər var. Bir çoxları pensiya yaşının yuxarı olduğunu bildirir, bəziləri az olduğunu düşünür. Siz Azərbaycandakı pensiyalar barədə nə düşünürsünüz? Nə etmək lazımdır ki, həm dövlət, həm də vətəndaşlar pensiya sistemindən razı qalsın?

 

– İlk növbədə bəzi anlayışları aydınaşdıraq. Bizdə insanlarda yanlış anlaşılma var ki, əmək pensiyaları kimi alınan pulu ona dövlət verir. Əslində əmək pensiyaları dövlət büdcəsinin pulu deyil, bu vətəndaşın öz puludur. İllər ərzində kapital formasında yığılan pulun 144 aya bölünməsi ilə vətəndaşa geri ödənməsi deməkdir. Yığım illəri ərzində dövlət indeksasiya edir və sair əməliyyatlar həyata keçirir. Yəni dövlət yalnız pensiya kapitalı olmayan, xüsusi pensiya alan insanlara büdcədən pul ayırır. Bu il Dövlət Sosial Müdafiə Fondunun ümumi xərci təxminən 7.6 milyard manatdır. Onun cəmi 1.6 milyard manatı dövlət büdcəsinin hesabına maliyyələşir, qalan pul vətəndaşların pensiya kapitalıdır. Bu gün dünyada insanların orta ömür müddəti uzanır. Ömür müddəti uzandığı zaman pensiya yaşının artırılması qaçılmaz olacaqdır. Çünki ömür müddəti uzandığı zaman daha uzun müddətə pensiyaların ödənişi üçün yığılan pensiya kapitalı kifayət etməyə bilər.

Azərbaycanda pensiyaların məbləği davamlı olaraq artırılır. Bildiyiniz kimi, bu il də minimum pensiyanın məbləği artırıldı, bütün pensiya məbləğləri indeksasiya edildi. Azərbaycanda pensiya yaşı 65-dir. Bununla bağlı həm hökumətdə, həm də Milli Məclisdə müzakirələrimiz olub. Təhlillər onu göstərir ki, Azərbaycanda indiyədək yığılan və bundan sonra yığılacaq pensiya kapitalı pensiya yaşının azaldılmasına imkan vermir. Bu qərarların arxasında iqtisadi mexanizm, ciddi təhlillər durur. Yəni, biz bu gün pensiya yaşını 60-a endirsək, onda pensiya fondunda yığılan pul pensiyaların ödənilməsinə tam kifayət etməyəcək. Ona görə pensiya yaşı ilə bağlı müzakirələrdə bunu nəzərə almaq lazımdır. Pensiyaların tam və vaxtında ödənilməsi ciddi məsələdir. Biz hamımız istəyərdik ki, insanlar daha tez pensiyaya çıxsın və daha çox pensiya alsın. Amma bu arzuların təminatı üçün pensiya kapitalı və maliyyə vəsaiti tələb olunur. Kapital kifayət etmədən pensiya yaşının azalması və pensiyaların artırılması pensiayaların tam ödənilməməsinə gətirib çıxara bilər ki, bu pensiya yaşından daha ciddi məsələdir.

 

– İndi texnologiya əsridir, amma buna baxmayaraq Milli Məclisdə süni intelektin qanunvericilik bazasında tənzimlənməsi məsələsi hələ də gündəmə gəlmir, eyni zamanda hibrid təhdidlərə qarşı müvəqqəti komissiya yaradılsa da davamlı fəaliyyət göstərəcək komitə də yoxdur. Bunun olmaması gələcəkdə nə kimi boşluqlar yaradacaq və qarşısını almaq üçün nələr edilməlidir?

– Bu barədə mən də çıxış etmişdim. Mənim çıxışım süni intellektin yenilənməsi, həm də qanunlarımızın süni intellektin başa düşəcəyi dildə yazılması ilə bağlı olub. Çünki süni intellekt məlumatları oxuya bilməlidir. Bu gün Azərbaycanda qanunvericilik formatı süni intellektin onu oxumasına imkan yaratmır. Bununla bağlı xüsusi format var. Biz buna XML formatı deyirik.

Hazırda mənim bildiyimə görə Milli Məclisin daxilində bununla bağlı işlər gedir. Ola bilsin ki, yaxın vaxtlarda Milli Məclis qanunvericilik aktlarından birinin süni intellektin oxuya biləcəyi dilə çevirilməsi ilə bağlı layihə həyata keçirəcək. Kifayət qədər maraqlı istiqamətdir. Bu, yalnız qanunvericilik aktları ilə bağlı deyil. Ümumiyyətlə, bütün dövlət sənədləri, Nazirlər Kabinetinin qərarları süni intellektin başa düşəcəyi formata çeviriləndə zaman süni intellekt daha faydalı şəkildə ölkədə istifadə ediləcək”.

Süni intellektin tənzimlənməsi ilə bağlı müəyyən fikirlər mövcuddur. İlk dəfə dünyada Avropa Birliyi bununla bağlı qanun qəbul edib. Həmin qanunda maraqlı yanaşma var. Qərar süni intellektin özünün tənzimlənməsi ilə bağlı deyil, süni intellektin məhsullarının markalanması ilə bağlıdır. İnternetdə mahnılar, videolar, şəkillər, yazılar, məqalələr süni intellektlə hazırlanır. Avropa Birliyinin qərarında göstərilir ki, belə bir material olduğu zaman hökmən bunun süni intellekt tərəfindən hazırlandığı qeyd olunmalıdır. İnsanlar videonun, şəklin və ya şeirin süni intellekt tətəfindən yazıldığını bilməlidir. Oxşar təcrübə bizdə də tətbiq oluna bilər

Azərbaycanda da süni intellekt tərəfindən hazırlanan videolara, mahnılara, bəstələrə rast gəlinir. Hətta bunun bir mənfi tərəfi də var ki, kifayət qədər feyk məlumatlardan istifadə olunur. Süni intellektin imkanı kifayət qədərdir. Son zamanlar Tramp-Zelenski görüşünün süni intellekt tərəfindən sonda əlbəyaxa dava ilə nəticələnməsi ilə bağlı videolar yazılır. Bunların tənzimlənməsi qanunvericilik tərəfindən olmalıdır. Digər yandan tənzimlənmə nə qədər sərt olsa, bir o qədər inkişafın qarşısı alına bilər. Bu gün süni intellektin, ümumiyyətlə informasiya texnologiyaların tənzimlənməsi ilə bağlı iki yanaşma var: Qərb və Şərq. Qərb yanaşması deyir ki, biz texnoloji inkişafı tənzimləyib, müəyyən məhdudiyyətlər qoymalıyıq, Şərq yanaşması, yəni Çin yanaşması deyir ki, heç bir məhdudiyyət qoymamlıyıq. Tənzimləmər texnoloji inkişafın xərclərini də artırır. Məsələn, süni intellektin Qərb üçün 500 milyarda başa gələn layihələrinə Çində xərclənən vəsait 6 milyon dollar oldu.

Şərq yanaşmasında insanların fərdi məlumatlarının qorunmasına ciddi fikir verilmir, əvəzində texnologiya daha da sürətlə inkişaf edir. Qərb yanaşmasında isə insanların fərdi məlumatları ciddi qorunut. Bu da avtomatik olaraq texnologiyaların inkişafının qarşısını alır, çünki süni intellektin inkişafı üçün daha çox açıq məlumatlara ehtiyac var. Azərbaycan Qərblə Şərq arasında körpü rolu oynadığı üçün istənilən halda fikimcə orta yolu seçməliyik. Mənim yanaşmam ondan ibarətdir ki, bizdə müəyyən tənzimləmələr olmalıdır. Amma çox sərt tənzimləmələrə də ehtiyac yoxdur

 

– Sizi tanıyan jurnalistlərin əksəriyyəti hesab edir ki, bütün gün iqtisadiyyatla məşğulsunuz, bütün gün bu sahənin kitablarını oxuyursunuz, maraqlıdır həqiqətənmi belədir, boş vaxtlarınızda başa nələr edirsiniz.

– İqtisadi ədəbiyyat ilə yanaşı bədii ədəbiyyatı, fəlsəfəni, tarixi və musiqini də sevirəm. Hesab edirəm ki, bir insanın dünyagörüşünün formalaşmasında bədii ədəbiyyatın çox böyük rolu var. İnsanın formalaşmasında texniki biliklərlə yanaşı humanitar biliklərin rolu daha böyükdür. Bədii ədəbiyyat çox oxuyuram, çox xoşuma gəlir. Xüsusilə son zamanlarda tarixi hadisələri öyrənməyə daha çox üstünlük verirəm. Bir xalqın gələcəkdə nə ilə üzləşəcəyini anlamaq üçün tarixi bilmək lazımdır. Oxuduqca əmin oluram ki, tarix təkrarlanır, 100 il bundan əvvəl baş verən hadisələr yenidən başqa formada müşahidə olunur. 500 il əvvəl nə qədər müdrik filosoflar olub, amma indi o cür dahi insanlar yetişmir. Fəlsəfə mənim üçün çox maraqlıdır, idmanla məşğul oluram. Futbol oynayırdım, hətta Milli Məclisin futbol komandasında oynayırdım. İndi isə daha çox tennis ilə məşğul oluram. Piyada gəzməyi daha çox sevirəm. Hətta Milli Məclisdə Bakıdakı səkilərlə bağlı məsələ qaldırmışdım ki, piyadalar üçün daha çox imkan yaransın. Şahmat oynamağı bacarsam da, dama oynamağı xoşlayıram, sürətli oyun olduğuna görə.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər