“Azərbaycanın artan beynəlxalq nüfuzu Münxen konfransında öz əksini tapdı” – TAHİR MİRKİŞİLİ

409

Almaniyanın Münxen şəhərində keçirilən təhlükəsizlik üzrə 60-cı beynəlxalq konfransda Prezident İlham Əliyevin də iştirak etməsi, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, avropalıların Cənubi Qafqaz regionunda baş verənlərin birbaşa birinci şəxsin dilindən eşitmələri baxımından çox böyük əhəmiyyət kəsb etdi. Uzun müddət ərazi bütövlüyünün pozulmasından, separatizmdən, terrorçuluqdan əziyyət çəkən Azərbaycan bu dəfə qeyd olunan problemləri öz gücü hesabına həll edərək Münxendəki konfransa qatılmışdı. Dövlətimizin başçısı həm də yenidən prezident seçiləndən sonra bu toplantıya qatılmaqla qarşıdakı illərdə Azərbaycanın inkişaf istiqamətləri barədə beynəlxalq ictimaiyyəti məlumatlandırdı. Xüsusilə də COP29-a ev sahibliyi edəcək Azərbaycanın konfransda iştirakı xüsusi önəm daşıyırdı. Azərbaycanın artan beynəlxalq nüfuzu Münxen konfransında öz əksini tapdı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili söyləyib.

Prezident İlham Əliyevin konfrans çərçivəsində bir qayda olaraq qarşı tərəflərin müraciətləri əsasında bir sıra mühüm görüşlər keçirdiyini bildirən deputat deyib: “Dövlətimizin başçısı bütün görüşlərdə Qarabağ münaqişəsinin artıq həll olunduğunu, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü təmin etdiyini vurğulayıb, Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli xarakter daşıdığını da diqqətə çatdırıb. Görüşlərdə COP29-un Azərbaycanda keçirilməsi, iqlim dəyişikliyi nəticəsində əmələ gələn problemlər də müzakirə olunub. COP29 və Azərbaycanın ev sahibliyi etdiyi digər qlobal tədbirlər ölkəmizin dünyada nüfuzunun böyük dərəcədə artdığını göstərir. Beynəlxalq siyasi ekspertlər də qeyd edirlər ki, Azərbaycan artıq lokal səviyyədə fəaliyyət göstərən dövlət deyil, dünyanın müxtəlif bölgələrində fəal tərəfdaşlığı təşviq edən, etibarlı tərəfdaş kimi qəbul olunan, qlobal problemlərin həllinə töhfələr verən ölkədir”.

Tahir Mirkişili bildirib ki, bugünkü səviyyəyə çatmaq Azərbaycan üçün o qədər də asan olmayıb. Ölkədə həyata keçirilən iqtisadi, siyasi islahatlar, demokratik institutların möhkəmləndirilməsi, xarici əlaqələrin gücləndirilməsi, beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq ölkəmizə olan inam və etimadı gücləndirib. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə ölkəmiz dünyanın müxtəlif regionlarını bir araya gətirdi. Azərbaycan Cənubi Qafqaz, Xəzər dənizi, Qara dəniz, Türk dünyası, Mərkəzi Asiya, Yaxın Şərq, postsovet məkanı, Avropa, ABŞ-la geniş əlaqələr qurub. Ermənistan-Azərbaycan münaqişəsi həll olunduqdan sonra Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artır. Qırx dörd günlük müharibə Azərbaycan dövlətinin sərgilədiyi güc və əldə etdiyi Qələbə dünyanın aparıcı güclərini təəccübləndirdi və onlar ölkəmizə daha çox hörmət etməyə başladılar. Azərbaycan region hüdudlarından kənara çıxan və artıq “orta güc” kateqoriyasında olan ölkədir. Bu kimi ölkələr sırasına BƏƏ, İsrail kimi dövlətlər də daxildir. İndi Azərbaycanla təzyiq, təhdid dili ilə danışmaq mümkün deyil. Biz bunu son iki ildə Bakının yürütdüyü xarici siyasətdən də görürük.

“Milli maraqlarımızın təmin olunmadığı, ölkəmizə üstdən aşağı baxıldığı, ədalətsiz yanaşıldığı yerdə qəti mövqeyimizi ortaya qoyuruq. Azərbaycan neokolonializmə qarşı mübarizə aparan ölkələrlə birgə addımlayır. Neokolonializmin qalıqlarını yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi əsirgəmirik. Dünyanın bəzi ölkələrinin siyasi liderləri, beynəlxalq təşkilatların nümayəndələri Prezident İlham Əliyevin siyasi təcrübəsini, peşəkar siyasi fəaliyyətini öyrənirlər, ondan faydalanırlar. Azərbaycanın indiki çətin, gərgin siyasi proseslər fonunda bir sıra ölkələrə, o cümlədən Ukraynaya göstərdiyi yardımlar çox cəsarətli addım hesab olunur və minnətdarlıqla qarşılanır. Hətta Ukrayna Prezidenti Vladimir Zelenski bir neçə dəfə göstərilən dəstəyə görə Azərbaycana minnətdarlıq edib. Buna baxmayaraq, Ukrayna Qarabağ işğalda olduğu dövrdə cəsarətli mövqe nümayiş etdirməyib. Amma Azərbaycan lideri heç nədən çəkinmədən Ukraynaya yardım göstərir”, – deyə T.Mirkişili bildirib.

Deputatın sözlərinə görə, Azərbaycan qlobal problemlərin həllində fəal iştirak edən və buna əməli töhfələr verən ölkədir. Qarşıdakı illərdə Azərbaycanın beynəlxalq aləmdə siyasi nüfuzu daha da artacaq. Aparılan islahatlar, irəli sürülən təşəbbüslər bunu deməyə əsas verir. Təkcə COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin regiondakı nüfuzunu və gücünü artıracaq. Bütün bunlar Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən, cəsarətli siyasətin nəticəsidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər