Azərbaycanın balanslı siyasəti: Regional sabitlik və inkişafın zəmanəti

456

Azərbaycan və Rusiya münasibətləri regionun geosiyasi dinamikasında mühüm yer tutur. 2022-ci il fevralın 22-də imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə iki ölkə arasında əməkdaşlığın ən yüksək səviyyəyə çatmasını göstərir. Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibəsində bu bəyannamənin əhəmiyyəti və onun iki ölkə arasındakı strateji əlaqələrə təsiri dərindən təhlil edilmişdir. Müsahibədə həmçinin müasir beynəlxalq münasibətlərin çağırışları və Azərbaycanın müstəqil xarici siyasət yürütmə prinsipləri barədə əhəmiyyətli fikirlər səsləndirilmişdir.

Bəyannamənin imzalanması 30 ildən artıq davam edən Azərbaycan-Rusiya əməkdaşlığının məntiqi nəticəsidir. Prezident İlham Əliyev bu sənədi tarixi hadisə kimi dəyərləndirərək onun strateji əhəmiyyətini vurğulamışdır. Bəyannamə iki ölkənin siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlıq potensialını artırmaqla yanaşı, Qafqaz və Xəzər regionunda sabitliyin mühüm amili kimi çıxış edir.

İki ölkə arasındakı əməkdaşlıq formatları müttəfiqlik səviyyəsinə yüksəlmiş, Rusiya və Azərbaycanın tərəfdaşlığını daha da gücləndirmişdir. Müsahibədən aydın olur ki, bu bəyannamə təkcə sənəd olaraq qalmayıb, ikitərəfli münasibətlərin konkret istiqamətlərini müəyyənləşdirmək üçün əsas platformaya çevrilmişdir.

Prezident İlham Əliyev Rusiya ilə Azərbaycanın iki etibarlı tərəfdaş olduğunu vurğulayaraq münasibətlərin inkişafından məmnunluğunu ifadə etmişdir. Rusiya Prezidentinin Azərbaycana etdiyi son dövlət səfəri ikitərəfli əlaqələrin tarixi məqamlarından biri olmuşdur. Bu səfər zamanı əməkdaşlığın daha dərinləşdirilməsi və yeni sahələrin araşdırılması ilə bağlı mühüm razılaşmalar əldə edilmişdir. Ticarət dövriyyəsinin artması, iqtisadi əməkdaşlıq sahəsində yeni imkanların araşdırılması və mədəni əlaqələrin genişlənməsi ikitərəfli münasibətlərin dinamikliyini təmin edən əsas amillərdir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan müstəqil xarici siyasət yürüdən bir aktor olaraq dünya miqyasında tanınır. Azərbaycanın həm Rusiya, həm də NATO üzvü Türkiyə ilə strateji müttəfiq olması onun beynəlxalq arenadakı unikallığını təsdiq edir.

Müsahibədə Azərbaycanın xarici siyasətində balanslı yanaşma prinsiplərinə sadiqliyi və regional sabitliyə töhfə vermək səyləri xüsusilə qeyd olunmuşdur. “Detente” (gərginliyin azaldılması) anlayışının beynəlxalq münasibətlərə yenidən daxil edilməsi zərurəti də Prezident tərəfindən önə çəkilmişdir.

Prezident İlham Əliyev Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasının vacibliyini vurğulamışdır. Azərbaycanın prinsipial mövqeyi, Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması fonunda ATƏT-in Minsk Qrupunun fəaliyyətinə ehtiyacın aradan qalxdığını bir daha təsdiqləyir.

Dünya miqyasında dəyişən siyasi reallıqlar, güc amilinin yenidən ön plana çıxması və İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq sistemin iflasa uğraması müsahibədə geniş müzakirə olunmuş mövzulardan biridir. Prezidentin fikrincə, Azərbaycan bu dəyişikliklərə uyğun olaraq öz təhlükəsizlik və sabitlik strategiyasını müəyyən edir.

Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsi Azərbaycan-Rusiya münasibətlərinin strateji dərinliyini və ölkəmizin müstəqil xarici siyasət kursunu nümayiş etdirmişdir. Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə iki ölkənin əlaqələrində yeni dövrün başlanğıcını qoymuşdur. İqtisadi, siyasi və təhlükəsizlik sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi Azərbaycan və Rusiya arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edir.

Bu müsahibə yalnız ikitərəfli münasibətlərin deyil, həm də regionun geosiyasi mənzərəsinin müzakirəsinə töhfə verməklə beynəlxalq ictimaiyyət üçün mühüm mesajdır. Azərbaycanın balanslı və müstəqil siyasəti regional sabitlik və inkişaf üçün mühüm rol oynamağa davam edir.

 Yeganə Əhmədova, Əməkdar mədəniyyət işçisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər