Azərbaycanın energetika tarixində yeni mərhələ

319

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü ildə Mingəçevirdə yerləşən “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində çıxışı, təkcə yeni sənaye obyektinin istifadəyə verilməsi deyil, həm də dövlətin strateji düşüncəsinin, milli gücünün və regional nüfuzunun bir təntənəsi kimi qiymətləndirilməlidir. Energetika sahəsində mühüm irəliləyişlərin reallaşdığı bu mərhələ, Azərbaycanın enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, ölkənin Avropa və dünya bazarlarında artan rolunun göstəricisidir. Prezident İlham Əliyev çıxışında bu stansiyanın texniki, iqtisadi, geosiyasi və tarixi kontekstlərdə necə böyük əhəmiyyətə malik olduğunu dərin təhlillərlə izah etdi.

“8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın indiyə qədər tikilmiş ən böyük elektrik stansiyası kimi tarixə düşdü. Onun 1880 meqavatlıq generasiya gücü yalnız ölkə daxilində deyil, həm də Cənubi Qafqazda enerji balansına təsir edəcək miqyasdadır. Prezident İlham Əliyev bu faktı xüsusi vurğulayaraq qeyd etdi ki, bu stansiyanın istismara verilməsi ölkənin enerji sisteminin səmərəliliyini artıracaq və Mingəçevirin regional enerji mərkəzi kimi rolunu daha da möhkəmləndirəcək. Hazırda Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu məhz Mingəçevirdə istehsal olunur və bu göstərici “8 Noyabr” stansiyasının əlavə gücü ilə daha da artacaq. Bu, ölkənin daxili tələbatının etibarlı şəkildə qarşılanması ilə yanaşı, ixrac imkanlarının da genişlənməsi deməkdir.

Mingəçevirin enerji mərkəzi kimi rolu ötən əsrin ortalarına gedib çıxır. Prezident çıxışında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1974-cü ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməlinin qoyulmasını xatırladaraq, bu şəhərin energetika tarixindəki əvəzsiz rolunu vurğuladı. 1981-ci ildə stansiyanın ilk blokunun işə düşməsi ilə Azərbaycanın enerji ehtiyaclarının təmin olunmasında əsaslı dönüş baş verdi. O dövrdə başlanan layihələrin müstəqillik illərində də müəyyən fasilələrlə olsa da, insanlara enerji verə bilməsi, Mingəçevirin strateji əhəmiyyətini qoruyub saxladığını sübut etdi. Bu tarixi irs bu gün də müasir infrastrukturun formalaşmasına dayaqdır.

Prezident İlham Əliyev vurğuladı ki, son 20 ildə Azərbaycan demək olar ki, energetika sistemini sıfırdan qurmuşdur. Bütün ölkə boyu yeni elektrik stansiyalarının inşası və mövcudlarının modernləşdirilməsi həyata keçirilmiş, xüsusilə Mingəçevirdə yenidənqurma işləri nəticə vermişdir. 2018-ci ildə başlanan yenilənmə prosesi 2020-ci ildən sonra intensiv fazaya keçmişdir. Bu gün “Azərbaycan” İES-in 1800 meqavatlıq, “8 Noyabr” stansiyasının 1880 meqavatlıq və Su Elektrik Stansiyasının 400 meqavatdan çox generasiya gücünə malik olması, Mingəçevirdəki elektrik istehsalının ölkə üzrə nəhəng bir həcmi əhatə etdiyini göstərir. Enerji infrastrukturunda bu cür sistemli yanaşma, ölkənin dayanıqlı inkişaf modelinə uyğun irəlilədiyini sübut edir.

İki il ərzində təxminən 2 min meqavatlıq elektrik stansiyasının istifadəyə verilməsi dünyanın bir çox ölkələri üçün belə çətin görünən nəticədir. Prezidentin qeyd etdiyi kimi, sovet dövründə bu səviyyəyə çatmaq üçün yeddi ilə yaxın vaxt sərf edilmişdi. Bu gün isə Azərbaycan belə bir infrastrukturu rekord müddətdə reallaşdıraraq öz texniki, idarəetmə və diplomatik gücünü nümayiş etdirmişdir. Bu uğurda yerli energetiklərin bilik və təcrübəsi ilə yanaşı, İtaliya və Çin şirkətlərinin də rolu olub. Bu, həm də Azərbaycanın beynəlxalq tərəfdaşlıq modelinin uğurlu işlədiyinin sübutudur.

“8 Noyabr” stansiyasının inşasında iştirak edən İtaliya və Çin, Azərbaycanın strateji tərəfdaşlarıdır. Hər iki ölkə ilə siyasi, iqtisadi və texnoloji sahələrdə imzalanan sənədlər, aparılan dövlət səfərləri qarşılıqlı inam və faydalı əməkdaşlığa əsaslanır. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı, Çin isə mühüm texnoloji tərəfdaşdır. Bu ölkələrin iştirakı ilə bərpaolunan enerji layihələrinin reallaşdırılması və stansiyaların texnoloji təchizatı gələcəkdə yaşıl enerjinin ixracında da mühüm rol oynayacaq. Bu, Azərbaycanın yalnız neft və qazla deyil, həm də alternativ enerji ilə dünya bazarlarında yer almasının yolunu açır.

Prezident İlham Əliyev qeyd etdi ki, “8 Noyabr” stansiyasının istifadəyə verilməsi həm də təbii qaz sərfiyyatını kəskin şəkildə azaldacaq. Bu isə həm daxili ehtiyatlara qənaət, həm də ixrac potensialının artırılması deməkdir. Azərbaycanın təbii qazına artan qlobal tələbat fonunda bu qənaət milli iqtisadiyyata böyük töhfə verəcək. Digər tərəfdən, bu yanaşma ölkənin bərpaolunan enerji strategiyasına da uyğundur. 2030-cu ilə qədər yaşıl enerji generasiya gücünün 6500 meqavata çatdırılması planlaşdırılır ki, bu da ümumi generasiya gücünün təxminən 70 faizinə yaxın hissəsinin alternativ mənbələrdən alınması deməkdir. Bu strategiya Azərbaycana enerji diplomatiyasında yeni imkanlar açacaq.

Energetika sahəsi yalnız iqtisadiyyatın deyil, milli təhlükəsizliyin də əsas sütunlarındandır. Prezidentin çıxışında bu aspektə xüsusi önəm verildi. Dünya miqyasında enerji marşrutlarına edilən təhdidlər fonunda Azərbaycanın sabit və etibarlı enerji təchizatçısı kimi rolu daha da dəyərli görünür. Azərbaycanın qaz ixracı bu gün 12 ölkəyə yönəlir, onlardan 10-u Avropa ölkələridir. Bu, Avropa İttifaqının Azərbaycanı “etibarlı tərəfdaş” kimi tanımasına səbəb olmuşdur. Gələcəkdə yaşıl enerjinin elektrik kabelləri vasitəsilə ixracı ölkəmizin enerji diplomatiyasını daha da genişləndirəcək.

Prezident Ilham Əliyev çıxışında İkinci Qarabağ müharibəsində Mingəçevirin də Ermənistan tərəfindən raket atəşinə tutulduğunu xatırladaraq, bu stansiyanın və ümumən enerji infrastrukturunun necə hədəfə çevrildiyini xatırlatdı. Bu təhdidlər enerji sahəsinin müdafiəsinin və dayanıqlığının strateji əhəmiyyətini bir daha ortaya qoydu. Lakin bu gün ölkədə beş ildir ki, tam sülh şəraiti hökm sürür və Prezidentin vurğuladığı kimi, Azərbaycanın sabitlik adası kimi tanınması əsl uğur modelidir. Bu modelin mərkəzində isə düşünülmüş siyasət, texnoloji inkişaf və milli birlik dayanır.

Yeni elektrik stansiyasına “8 Noyabr” adının verilməsi həm də milli yaddaşa yönəlmiş dərin mənalı bir qərardır. Prezident İlham Əliyev bu adın şəxsən onun tərəfindən seçildiyini və bunun Zəfər Günü ilə bağlı olduğunu açıqladı. Bu, həm xalqın qələbə ruhunun əbədiləşdirilməsi, həm də enerji sisteminin gələcək inkişafında həmin ruhun təmsil olunması anlamına gəlir. Bu stansiya bir tərəfdən enerji təminatı, digər tərəfdən isə milli kimlik və qürur simvoludur.

Prezident İlham Əliyevin Mingəçevirdəki çıxışı göstərdi ki, Azərbaycanın enerji siyasəti yalnız iqtisadi planlama deyil, strateji, siyasi və milli maraqların harmonik şəkildə birləşdiyi kompleks yanaşmadır. “8 Noyabr” Elektrik Stansiyası bu siyasətin həm maddi, həm də mənəvi simvoludur. O, müasir texnologiya, sürətli icra, beynəlxalq əməkdaşlıq və tarixi yaddaşın təcəssümüdür. Azərbaycanın enerji təhlükəsizliyində, regional liderliyində və qlobal bazarlardakı təsir gücündə bu stansiyanın rolu illər keçdikcə daha da artacaq. Və bu, Prezidentin qeyd etdiyi kimi, düşünülmüş və məqsədyönlü siyasətin bəhrəsidir.

Maqsudəli Maqsudov, Əməkdar mühəndis, Azərbaycan Respublikası Prezidentin fərdi təqaüdçüsü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər