Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi FIBA Dünya Qadın Seriyasının Sumqayıt mərhələsində inamlı çıxışla çempion olub.
Yığmamız finalda Latviya millisinə 15:12 hesabı ilə qalib gələrək turnirin qalibi adına yiyələnib. Komanda 1/4 final mərhələsində Çin yığmasına 18:12, yarımfinalda isə Rumıniyanın “Rapid” klubuna 21:15 hesabı ilə qalib gəlib. Qrup mərhələsində də rəqiblərinə üstünlük qazanan milli Çexiyanı 20:12, Slovakiyanı isə 21:8 hesabı ilə məğlub edib.
Turnirin bağlanış mərasimində Tədbirdə təhsil naziri, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iştirak ediblər.
Emin Əmrullayev komandanın qazandığı qələbəni yüksək qiymətləndirərək qeyd edib ki, bu uğur təkcə idman sahəsində deyil, həm də gənclərin inkişafı və Azərbaycanın beynəlxalq arenada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Federasiya rəhbəri idmançılara gələcək yarışlarda uğurlar arzulayıb.
Zakir Fərəcov qalib komandaya xatirə hədiyyələri təqdim edib və onları Sumqayıtda göstərdikləri yüksək nəticəyə görə təbrik edib. O, bu cür beynəlxalq turnirlərin şəhərin idman həyatına və gənclərin ruhlandırılmasına töhfə verdiyini vurğulayıb.
Qeyd edək ki, iyulun 26-27-də Sumqayıt şəhərinin dənizkənarı bulvarında keçirilən yarışda Azərbaycanla yanaşı Çexiya, Polşa, Ukrayna, Slovakiya, Qazaxıstan, Madaqaskar, Çin, Benin, Fransa, Böyük Britaniya, Latviya milli komandaları, həmçinin “Karolina” (Puerto Riko), “Pekin” (Çin), “Takasaki” (Yaponiya) və “Rapid” (Rumıniya) klubları mübarizə aparıblar.
Müzakirə qapadılmışdır.