Azərbaycanın Koreyadakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı etimadnaməsini Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi Rəyasət Heyətinin Sədri Kim Yon Nama təqdim edib.
XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, etimadnamənin təqdim edilməsi mərasimindən sonra səfir Ə.Zeynallı və Kim Yon Nam arasında görüş keçirilib.
Görüş zamanı Azərbaycan ilə KXDR arasında ikitərəfli əlaqələr, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində əməkdaşlıq, Koreya yarımadasında sülhün və sabitliyin təmin olunması istiqamətində atılan addımlar, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Söhbət əsnasında Azərbaycanın Qoşulmama Hərəkatının məqsəd və məramlarını təşviq etməsi təqdir olunaraq, KXDR-in müvafiq səviyyədə Qoşulmama Hərəkatının 2019-cu ildə Azərbaycanda keçiriləcək XVIII zirvə toplantısında təmsil olunacağı qeyd edilib.
Həmin gün səfir Əkrəm Zeynallı KXDR xarici işlər naziri Ri Yon Ho ilə də görüşüb və ikitərəfli münasibətlərin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb. Nazir Ri Yon Ho Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin bu ilin aprelində Bakıda keçirilmiş toplantısı ilə əlaqədar Azərbaycana səfər etdiyini xatırlayaraq, ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib.
Görüşlərdə Ə. Zeynallı Azərbaycanın inkişafı, ölkənin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, regiondakı vəziyyət, Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ədalətli həll edilməsi istiqamətində Azərbaycanın beynəlxalq ictimaiyyətlə birgə atdığı addımlar barədə məlumat verib.