Azərbaycanın sülh modeli digər münaqişə bölgələri üçün də yol xəritəsi ola bilər

129

44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar Azərbaycanın təşəbbüskar mövqeyini daha da möhkəmləndirmişdir. Müharibədən sonra regionda uzunmüddətli sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədilə rəsmi Bakı sülh gündəliyini əsas prioritet kimi irəli sürmüş, beynəlxalq hüquqa əsaslanan ardıcıl və konstruktiv addımlar atmışdır. Azərbaycanın bu yanaşması təkcə ikitərəfli münasibətlərin normallaşdırılmasına deyil, bütövlükdə regionun inkişafına xidmət edən yeni əməkdaşlıq mühitinin formalaşmasına yönəlmişdir.

Bu kontekstdə Prezident İlham Əliyevin 4 fevral 2026-cı ildə Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində etdiyi çıxış Azərbaycanın sülh siyasətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz nümunəsi kimi diqqət çəkir. Dövlət başçısı çıxışında Şeyx Zayedin adını daşıyan bu nüfuzlu mükafata layiq görülməyin böyük şərəf olduğunu vurğulamış, Birləşmiş Ərəb Əmirliklərinin banisi olan mərhum liderin uzaqgörən siyasətinin ölkəni dünyanın ən uğurlu dövlətlərindən birinə çevirdiyini xüsusi qeyd etmişdir.

Prezident İlham Əliyev, eyni zamanda, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın atasının müəyyən etdiyi inkişaf, tərəqqi və davamlı müasirləşmə xəttini uğurla davam etdirdiyini bildirmişdir. Çıxışda vurğulanmışdır ki, Birləşmiş Ərəb Əmirlikləri tarixi ənənələrə sadiqliklə gələcəyə inamla baxan, sülh və ahəngdar birgəyaşayış modelini formalaşdıran nadir ölkələrdəndir və bu baxımdan beynəlxalq ictimaiyyət üçün mühüm nümunədir.

Prezidentin çıxışında əsas diqqət çəkən məqamlardan biri Azərbaycan–Ermənistan sülh prosesinin artıq real mərhələyə qədəm qoyması olmuşdur. Dövlət başçısı qeyd etmişdir ki, bu sülh yalnız iki ölkə üçün deyil, daha geniş region üçün strateji əhəmiyyət daşıyır. Dinlərarası dialoqun təşviqində mühüm rol oynayan beynəlxalq dini liderlərin, o cümlədən Əl-Əzhərin böyük imamı və Roma Papasının sülh prosesinə verdiyi mənəvi dəstək xüsusi minnətdarlıqla qeyd edilmişdir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın 30 ildən artıq müharibə şəraitində yaşadığını, artıq altı aydır ki, sülh dövrünə qədəm qoyduğunu diqqətə çatdırmışdır.

Vaşinqtonda keçirilmiş tarixi Zirvə Görüşündən sonrakı altı ayın tərəfdaşlıq, əməkdaşlıq və dayanıqlı sülh istiqamətində mühüm mərhələ olduğu çıxışda xüsusi vurğulanmışdır. Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq real sülh şəraitində yaşamağı öyrənir və bu proses sürətlə davam edir. ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi Zirvə Görüşü regionda onilliklər boyu davam edən münaqişənin sona çatmasında həlledici rol oynamışdır.

Dövlət başçısı ABŞ Prezidentinə Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə təşəkkürünü ifadə etmişdir. 2025-ci il avqustun 8-də keçirilən üçtərəfli Zirvə Görüşünün nəticəsi olaraq sülh sazişinin paraflanması və Birgə Bəyannamənin imzalanması, eləcə də Prezident Trampın şahid qismində sənədi imzalaması regionda yeni siyasi reallığın əsasını qoymuşdur. Bu addımlar üç onillikdən artıq davam edən qanlı münaqişəyə faktiki olaraq son qoymuşdur.

Çıxışda sülhün praktik nəticələri də konkret faktlarla təqdim edilmişdir. Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan təkcə Ermənistan ərazisinə yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmamış, eyni zamanda, neft məhsullarının ixracına başlamışdır. Son altı ay ərzində ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində real əməkdaşlıq mühiti formalaşmış, tərəflər gələcək addımları müzakirə etməyə başlamışdır.

Prezident İlham Əliyev çıxışını sülhün mümkünlüyü ilə bağlı güclü mesajla yekunlaşdırmışdır. O vurğulamışdır ki, uzunmüddətli münaqişələrə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, güclü siyasi iradə və beynəlxalq dəstək olduğu təqdirdə sülh mümkündür. Əbu-Dabidə keçirilən mükafatlandırma mərasiminin rəmzi məna daşıdığını qeyd edən dövlət başçısı, məhz burada əldə olunmuş razılaşmaların Vaşinqtonda rəsmiləşdirildiyini xatırladaraq, Azərbaycanın sülh modelinin digər münaqişə bölgələri üçün də yol xəritəsi ola biləcəyini bəyan etmişdir.

Hicran Köçərli, SDU-nun iqtisadiyyat və idarəetmə fakültəsinin baş müəllimi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər