Azərbaycanın sülh təşəbbüslərində aparıcı aktora çevrilir

28

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə Cənubi Qafqazda onilliklər boyu mövcud olmuş status-kvonu kökündən dəyişdi və regionda tamamilə yeni siyasi, təhlükəsizlik və əməkdaşlıq reallıqları formalaşdırdı. Bu Qələbə təkcə ərazi bütövlüyünün bərpası ilə yekunlaşmadı, eyni zamanda Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu, sülh təşəbbüslərində aparıcı aktora çevrildiyini də nümayiş etdirdi. Müharibədən sonrakı dövrdə Bakı regional sabitlik, əməkdaşlıq və uzunmüddətli sülh gündəliyini ardıcıl şəkildə irəli sürərək qarşıdurma ritorikasını konstruktiv dialoqla əvəz etməyə nail oldu.
Məhz bu kontekstdə Prezident İlham Əliyevin 4 fevral 2026-cı ildə Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində etdiyi çıxış xüsusi siyasi və simvolik məna daşıyır. Dövlət başçısının qeyd etdiyi kimi, Birləşmiş Ərəb Əmirliklərinin banisi Şeyx Zayedin adını daşıyan bu nüfuzlu mükafata layiq görülmək Azərbaycanın sülhə, dialoqa və qarşılıqlı anlayışa verdiyi töhfələrin beynəlxalq miqyasda tanınmasının göstəricisidir. Şeyx Zayedin uzaqgörən liderliyi ilə formalaşan inkişaf modelinin bu gün Şeyx Məhəmməd tərəfindən uğurla davam etdirilməsi isə müasir dövlət quruculuğunun nümunəsi kimi dəyərləndirilir.
Prezident İlham Əliyevin çıxışında dinlərarası və sivilizasiyalararası dialoqun təşviqi mühüm yer tutur. Əl-Əzhərin böyük imamı Əhməd Əl-Tayyib və Roma Papası Leo kimi nüfuzlu dini liderlərin sülh təşəbbüslərinə verdiyi töhfələrin xüsusi qeyd olunması Azərbaycanın bu məsələlərə yalnız regional deyil, qlobal miqyasda yanaşdığını göstərir. Bu yanaşma Azərbaycanın multikulturalizm, tolerantlıq və humanizm dəyərlərini real siyasət müstəvisində tətbiq etdiyini bir daha təsdiqləyir.
Çıxışın əsas siyasi məqamlarından biri Azərbaycan və Ermənistan arasında sülh prosesinin artıq yeni mərhələyə keçməsi ilə bağlı idi. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz 30 ildən artıq müharibə şəraitində yaşadıqdan sonra artıq altı aydır ki, sülh şəraitini praktik olaraq təcrübədən keçirir. Vaşinqton Zirvə Görüşündən sonra keçən bu müddət tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru real addımlarla yadda qalıb. Bu, postmünaqişə dövründə nadir hallarda müşahidə olunan, lakin son dərəcə vacib bir prosesdir.
Bu baxımdan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə 2025-ci ilin avqustunda keçirilən üçtərəfli Zirvə Görüşü və həmin görüşün nəticəsi olaraq sülh sazişinin paraflanması, Birgə Bəyannamənin imzalanması tarixi əhəmiyyət kəsb edir. Prezident Trampın şahid qismində sənədi imzalaması ilə üç onillikdən artıq davam edən qanlı münaqişəyə siyasi və hüquqi nöqtə qoyuldu. Bu addım Azərbaycanın sülh gündəliyinin beynəlxalq güclər tərəfindən dəstəkləndiyini açıq şəkildə nümayiş etdirdi.
Praktik əməkdaşlıq müstəvisində atılan addımlar isə sülhün kağız üzərində deyil, real həyatda qurulduğunu göstərir. Azərbaycan tərəfindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, eyni zamanda neft məhsullarının ixracına başlanması regionda iqtisadi inteqrasiyanın mümkünlüyünü sübut edir. Ticarət əlaqələrinin genişləndirilməsi və tərəflər arasında birbaşa dialoqun davam etdirilməsi qarşılıqlı etimadın formalaşmasında həlledici rol oynayır.
Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi əsas tezislərdən biri ondan ibarətdir ki, uzunmüddətli münaqişəyə, dərin əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Bunun üçün əsas şərt güclü siyasi iradənin mövcudluğu və bu iradənin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsidir. Azərbaycanın nümunəsi göstərir ki, qətiyyətli liderlik və prinsipial mövqe nəticə etibarilə regional sabitliyin əsasını qoya bilər.
Əbu-Dabidə keçirilən mükafatlandırma mərasiminin rəmzi xarakter daşıması isə bu prosesin dərin məntiqini tamamlayır. Çünki Ermənistan və Azərbaycan arasında sonuncu mühüm danışıqlar raundu məhz burada baş tutmuş, Şeyx Məhəmmədin dəstəyi ilə əldə olunan razılıq daha sonra Vaşinqtonda rəsmiləşdirilmişdir. Bu simvolizm bir daha sübut edir ki, Azərbaycanın sülh yolu ilə yaratdığı yeni reallıqlar artıq təkcə region üçün deyil, qlobal sülh gündəliyi üçün də nümunəvi modelə çevrilməkdədir.
Yeganə Əhmədova, Əməkdar mədəniyyət işçisi, Sumqayıt şəhər sakini

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər