2023-cü il 19-20 sentyabr tarixlərində baş verən antiterror əməliyyatları Azərbaycanın öz suveren hüquqlarının bərpası və ölkə ərazisində təhlükəsizliyin təmin edilməsi üçün tarixi əhəmiyyət daşıyan mühüm hadisə idi. Bu əməliyyatlar bir neçə il ərzində Ermənistan tərəfindən törədilən təxribatların, qanunsuz silahlanmaların, mina partlayışlarının və sülh çağırışlarına məhəl qoyulmamasının nəticəsi olaraq həyata keçirilmişdir. Azərbaycanın mübarizəsi həm hüquqi, həm də beynəlxalq humanitar qanunlara uyğun olaraq aparılmış və milli təhlükəsizliyimizi təmin etmək məqsədini daşıyırdı. Bu əməliyyatlar nəticəsində erməni separatçılarının bölgədəki qeyri-qanuni fəaliyyətlərinə son qoyulmuş və Azərbaycan öz ərazisində suveren hüquqlarını bərpa etmişdir.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın işğalda olan torpaqlarını azad etməsi ilə nəticələndi. Müharibə zamanı Azərbaycan Ordusu Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı kimi strateji əhəmiyyətli əraziləri, Qarabağın tacı sayılan Şuşa şəhərini azad etmişdi. Bununla yanaşı, Ağdam, Laçın və Kəlbəcər rayonları isə bir güllə belə atılmadan Azərbaycanın nəzarətinə qaytarıldı. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat ilə hərbi əməliyyatlar dayandırıldı və bölgədə sülh prosesi başlandı.
Bununla belə, üç il ərzində Ermənistan Bəyanatın tələblərinə məhəl qoymadı. Ermənistanda istehsal olunan minalar və digər hərbi vasitələr qeyri-qanuni olaraq Azərbaycan ərazisinə daşınaraq basdırılırdı. Azərbaycan dəfələrlə Ermənistana sülh çağırışları etmiş, lakin bu çağırışlar hər zaman cavabsız qalmışdır. Ermənistan tərəfindən törədilən hərbi təxribatlar davam etdirilmiş, xüsusilə sərhəd bölgələrində və Azərbaycanın suveren ərazilərində təhlükə törədilmişdir.
Azərbaycan tərəfi Ermənistanın sülhə məhəl qoymadığını və terror aktlarına davam etdiyini gördükdə qanuni addım atmağa məcbur oldu. 19 sentyabr 2023-cü ildə Ermənistanın Qarabağdakı qanunsuz hərbi birləşmələri tərəfindən genişmiqyaslı təxribatlar və terror aktları törədildi. Bunun nəticəsində, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda mina partlayışı nəticəsində mülki şəxslər və daxili qoşunların hərbi qulluqçuları şəhid oldu. Eyni zamanda, Şuşa və Ağdamda erməni silahlı dəstələrinin atəşləri nəticəsində mülki şəxslər həyatlarını itirdi.
Azərbaycan Ordusunun hərbi mövqelərinin atəşə tutulması və erməni qüvvələrinin döyüş hazırlığını gücləndirməsi ilə Azərbaycan lokal antiterror əməliyyatlarına başladı. Bu əməliyyatlar Azərbaycanın suveren ərazilərində qanunsuz silahlı qüvvələrin və terrorçuların neytrallaşdırılması, konstitusional hüquqların bərpası və bölgədəki mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədini daşıyırdı.
Azərbaycanın müasir, peşəkar ordusu bu əməliyyatlar zamanı yüksək dəqiqlikli silahlar vasitəsilə erməni silahlı qüvvələrinin mövqelərini və hərbi obyektlərini məhv etdi. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Ermənistan silahlı qüvvələri 3 il əvvəl Azərbaycan ərazisindən çıxmalı idi. Lakin bu müddət ərzində Ermənistan nəinki əsgərlərini çıxarmadı, hətta onları daha çox silah və texnika ilə gücləndirdi. Antiterror əməliyyatlarının gedişində yüzlərlə tank və zirehli texnika sıradan çıxarıldı, həmçinin müasir hava hücumundan müdafiə qurğuları və radioelektron mübarizə vasitələri məhv edildi.
Bu uğurlu hərbi tədbirlər sayəsində erməni separatçıları cəmi 23 saat 43 dəqiqə sonra ağ bayraq qaldırmağa məcbur oldular. Azərbaycan tərəfinin humanitar qaydalara uyğun olaraq mülki əhaliyə zərər vurmadan həyata keçirdiyi bu əməliyyatlar nəticəsində bölgədəki erməni əhalisinin təhlükəsizliyinə də zəmanət verildi. Qarabağdakı erməni sakinlərinin nümayəndələri vasitəsilə atəşkəs əldə olundu və separatizmə son qoyuldu.
Azərbaycanın Müdafiə Nazirliyi əməliyyatlara başlamazdan əvvəl bütün hərbi birləşmələrə ciddi təlimatlar vermişdi ki, erməni mülki əhali hər hansı təhlükəyə məruz qalmamalıdır. Hərbi əməliyyatlar zamanı mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi Azərbaycanın ordu siyasətinin əsas prinsiplərindən biri idi. Mobil SMS vasitəsilə əhaliyə xəbərdarlıq edilməsi, səsgücləndiricilər və məlumat vərəqələrinin paylanması mülki şəxslərin qorunmasını təmin etdi. Eyni zamanda, əməliyyatlar zamanı Ermənistanın silahlı qüvvələrinin mövqeləri təyin edilmiş və həmin obyektlər dəqiqliklə hədəfə alınmışdır.
19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirilən antiterror əməliyyatları Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün zəruri idi. Ermənistanın davamlı təxribatları və terror hücumları ölkəmizi belə bir əməliyyatı həyata keçirməyə məcbur etdi. Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın şərtlərinə riayət etməyərək Azərbaycan ərazilərində qanunsuz hərbi birləşmələrini saxladı və terror fəaliyyətlərini davam etdirdi.
Azərbaycan dövləti bu antiterror əməliyyatları ilə bir daha göstərdi ki, ölkənin suverenliyinə və ərazi bütövlüyünə qarşı hər hansı təhdidə qarşı qətiyyətlə cavab verəcək. Ölkəmiz beynəlxalq hüquq normalarına uyğun olaraq hərəkət etdi və bölgədə sülh və sabitliyin təmin edilməsi üçün vacib addımlar atdı. Antiterror tədbirlərinin uğurlu icrası ilə Azərbaycan Qarabağda yeni bir mərhələyə qədəm qoydu, separatizmin sonunu gətirdi və bölgədə əmin-amanlığın bərqərar olmasına nail oldu.
Fəxrəddin Rəhimov,
Sumqayıt şəhər Bələdiyyəsinin və Ağsaqqallar Şurasının üzvü
Müzakirə qapadılmışdır.