Azərkimya İstehsalat Birliyində Zəfər Gününün 5-ci ildönümü qeyd olunub

848

Sumqayıtda Zəfər Gününün 5-ci ildönümü münasibətilə “Azərkimya” İstehsalat Birliyində təntənəli tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirin açılışında çıxış edən “Azərkimya” İstehsalat Birliyinin rəhbəri Elnur Məmmədli qeyd edib ki, 8 Noyabr Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. O bildirib ki, bu Qələbə Azərbaycan xalqının birliyinin, ordumuzun qüdrətinin və Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyinin nəticəsidir. Elnur Məmmədli şəhidlərin və qazilərin göstərdiyi igidliyin heç vaxt unudulmayacağını, onların xatirəsinin daim uca tutulacağını bildirib. Vurğulanıb ki, “Azərkimya” kollektivi ölkənin iqtisadi inkişafına töhfə verməklə yanaşı, vətənpərvərlik dəyərlərinin qorunmasına da xüsusi önəm verir.

Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Zəfər Gününün xalqımızın qürur mənbəyi olduğunu qeyd edib. O bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa etdi, işğal altında olan torpaqlarımız azad olundu. Zakir Fərəcov vurğulayıb ki, bu Qələbə təkcə hərbi gücün deyil, həm də xalqın birliyinin və dövlətə sədaqətinin təzahürüdür. O, Sumqayıtda və bütün ölkə üzrə şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib. Şəhər rəhbəri həmçinin azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, ölkənin güclənən iqtisadi potensialından danışıb.

Tədbirdə digər çıxış edənlər də Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətinə toxunublar. Onlar qeyd ediblər ki, 8 Noyabr Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir və bu tarix gələcək nəsillər üçün vətənpərvərlik nümunəsidir. Çıxışlarda şəhidlərin əziz xatirəsinin daim uca tutulacağı, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqətin davam etdiriləcəyi bildirilib.

Sonda tədbir iştirakçıları Zəfər Gününün beşinci ildönümü münasibətilə bir daha xalqımıza təbriklərini çatdırıb, Azərbaycanın gələcək inkişafı və möhkəm sülhün bərqərar olması arzularını ifadə ediblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər