Minlərlə sakin illərdir hər gün eyni stresi yaşayır; səbəb isə…
İllərdir ki, Bakı-Sumqayıt yolunda mütəmadi olaraq tıxaclar yaranır. Əməkdaşımız buradakı tıxacın yaranma səbəblərini araşdırıb. Müşahidələrdən aydın olur ki, Bakı-Sumqayıt yolunda hər gün saatlarla davam edən tıxac Biləcəri enişindən başlayır (Bakıdan Sumqayıta getdikdə, xüsusilə axsan saat 18-21 arası). Burada maşınların sıxlaşmasının səbəblərindən biri də Biləcəri körpüsünü enən kimi yolun mühafizə zolağında, trasdan cəmi 6-7 metr kənarda “Rahat” marketin, ondan azca irəlidə isə “LUKoyl” yanacaqdoldurma məntəqəsinin olmasıdır.
Həmin obyektlərə girib çıxan maşınlar yolda sürətin azalmasına və maşınların sıxlaşmasına səbəb olur. Digər səbəb elə həmin ərazidən başlayaraq yol kənarında inşa edilmiş villalardır. Sözügedən yol genişləndirilərkən həmin evləri köçürmək mümkün olmadı. Bu səbəbdən Biləcəri enişində 6-7 cərgədə gələn maşınlar Ekologiya postuna yaxınlaşanda, konkret olaraq piyada körpüsünün altında 3-4 cərgəyə sıxlaşmağa məcbur olurlar. Çünki orada villalar düz yolun kənarındadır və yolu genişləndirmək bu səbəbdən mümkün olmayıb. Maraqlıdır, dövlət əhəmiyyətli məsələ üçün həmin villalarda yaşayanları başqa yerlərə köçürmək olmazmı? Buna müvafiq qurumların gücü çatmırmı?
Əgər həmin villaları köçürmək mümkün olsa, həm ərazidə yol genişlənər, həm də Sulutəpə istiqamətində gedən sürücülər üçün yeni yol açıla bilər. Nəticədə Biləcəri enişindən sonra sıxlıq azalar. Hazırda Sulutəpə, Müşfiq qəsəbələrinə gedənlər məcburdur ki, Ekologiya postunun qarşısından sağa dönüş etsinlər. Əgər onların dönüş yeri irəliyə çəkilərsə, aşağıda ensizləşən yolda tıxac fəlakət həddinə çatmaz.
Amma məsələ bununla da tam yekunlaşmır. Müşahidələr göstərir ki, Bakı-Sumqayıt yolunda tıxac Ekologiya postunu keçəndən sonra da davam edir. Bunun da səbəbi odur ki, postdan sonra 4-5 cərgə gedən maşınlar qarşıda – Xırdalan dairəsi adlanan yerdəki yol qovşağında 3 cərgədə hərəkət etməyə məcburdurlar. Yalnız bir cərgə ilə Xırdalana və Binəqədiyə gedənlər üçün sağdan kənar yol yol, tunelin altından isə yalnız iki maşın Sumqayıt istiqamətində irəliləyə bilir. Nəticədə avtomatik olaraq tıxac yaranır. Və bu yolda tıxacın əsas səbəblərindən biri də elə Xırdalan dairəsindəki yol qovşağıdır. Burada da uyğun bir variantda yolu genişləndirmək mütləqdir. Bunlar olmayınca Bakı-Sumqayıt yolunda tıxac fəlakəti davam edəcək.
Səhərlər, pik saatlarda axşamlar da Sumqayıtdan Bakıya gələndə də eyni tıxac fəlakəti yaşanır; yenə də Biləcəri yaxınlığından başlayır, düz 20 Yanvaradək davam edir. Bunun da səbəbi avtovağzalın qarşısında yolun daralmasıdır. Burada da hansısa mümkün variantda yolu bir qədər genişləndirməklə problemi həll etmək olar.
M.MAHRIZLI
Müzakirə qapadılmışdır.