Bakı-Sumqayıt yolundakı avtobus zolaqları effekt verirmi? – ARAŞDIRMA

708

Sumqayıt şəhərindən Bakı şəhəri istiqamətində təşkil edilmiş avtobus zolağının effektivliyi nəzərə alınaraq, eyni zamanda görülən işlərin davamı olaraq, bir neçə gün bundan öncə əks istiqamətdə də xüsusi hərəkət zolağının təşkili həyata keçirilib. Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb. Görülən bu tədbirlər avtobusları tıxacda qalmaqdan, gecikmədən xilas edə bilirmi? Ümumiyyətlə bu zolaqlar problemdən çıxış yoludurmu? Paytaxtda zolaq tələbinə nə dərəcədə riayət olunur? Bu metod effekt verirmi?

Mövzu ilə bağlı Medianews.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, zolağın çəkilməsində əsas məqsəd sürücüləri tıxacdan qorumaq deyil, avtobusların hərəkətini fasiləsiz təmin etməkdir. O, tıxacların yaranmasının səbəblərini də dilə gətirib: “Burada obyektiv, subyektiv səbəblər var. Yəni, tıxacları yaradan  vətəndaş, yol hərəkəti iştirakçıları deyil. Xroniki tıxacların olması, yollarda butulka effektinin yaranması, 4 zolağın 2 zolağa çevrilməsi və sair kimi hallar tıxacların yaranmasına başlıca səbəblərdir. Yəni, axın gəlir, sonra yol çatmır. Uzun sözün qısası, Bakıda yol çatışmazlığı problemi var. Əhali sayı artır, iqtisadiyyat böyüyür, nəqliyyat vasitələrinə tələb artır. Təbii ki, iqtisadiyyat artırsa, nəqliyyat vasitələrinə tələb də artır. Amma biz görürük ki, bu tələbi ödəyə biləcək yollar şaxələnməyib. Alternativ yolların çəkilməsi prosesi bir qədər ləngiyib”.

Ekspert qeyd edib ki, avtobus zolaqlarının olması müsbət bir haldır ki, sərnişinlər ictimai nəqliyyata daha çox maraq göstərsinlər. O, marşruta buraxılan avtobusların azlığına da diqqət çəkib, vətəndaşların bundan kifayət qədər narahat olduğunu vurğulayıb: “Hər halda, bu avtobus zolaqları olmalıdır ki, ən azından sərnişinlər ictimai nəqliyyata daha çox maraq göstərsinlər. Avtobus zolaqlarının çəkilməsi ilə paralel olaraq, ictimai nəqliyyatda marşruta buraxılan avtobusların sayı da artırılmalıdır. Mən bildiyimə görə, özəl daşıyıcılar qarşısında bununla bağlı bəzi tələblər qoyulub, amma hələ də biz görürük ki, bəzi daşıyıcı şirkətlər bu işə səhlənkar yanaşır və marşruta az sayda avtobus buraxırlar. Bu da vətəndaşların xeyli müddət dayanacaqda gözləməsinə gətirib çıxarır”.

E.Cəfərov sürücülərin zolaq tələbinə riayət edib-etməməsi məsələsinə də münasibət bildirib: “Zolaq tələbinə əksəriyyət vaxtlarda riayət olunur. Amma tıxaclar başlayanda kimsə harasa tələsirsə, kiminsə xəstəsi varsa və sair bu kimi problemlər yaşanırsa, artıq zolaq tələbinə riayət edilmir. Belə hallar da çox azdır. Əsasən bizim sürücülər bu tələbə riayət edirlər”.

Digər nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, Bakı-Sumqayıt yolunda yalnız sərt nəzarət olduğu təqdirdə, ayrılmış avtobus zolağı hər iki istiqamətdə effektiv olacaqdır. O, avtobus sayının artırılmasının vacibliyini də xüsusi olaraq qeyd edib: “Bundan sonrakı mərhələdə avtobusların sayının artırılmasına ehtiyac var. Bu problemi də həll etmək lazımdır. Belə olacağı halda bu, insanların mənzilbaşına vaxtlı-vaxtında çatması ilə nəticələnəcək və birbaşa prioritetə təsir edəcək. Bu, həmçinin qeyri-qanuni sərnişin daşıma elementini də aradan götürmüş olacaq”.

Tıxac məsələsinə gəldikdə isə, ekspert vurğulayıb ki, tıxac böyük şəhərlərdə müşahidə olunan bir haldır: “Böyük şəhərlərin hər birində tıxac olur. Amma gəlin görək tıxaca alternativ varmı? Tıxaca alternativ, çeşidli ictimai nəqliyyat növləri olmalıdır. Onlardan biri, ayrılmış avtobus zolağıdır, digəri şəhərətrafı elektrik qatarı şəbəkəsədir. Bunun üçün də qatar sayını artırmaq lazımdır. Tıxacın aradan qaldırılmasına kömək edəcək digər bir məsələ şəhərlərdə alt mərkəzlərin yaradılmasıdır. Yəni hər kəs şəhərin mərkəzinə gəlməsin. Fərqli-fərqli yerlərdə iş mərkəzini açmaqla və şəhərə gələn dəmir yolunda yeni stansiyalar yaratmaqla, sərnişin axınını parçalaya bilərik.

Misal üçün, “Biləcəri” stansiyasından sonra Binəqədidə, Rəsulzadə qəsəbəsində, yaxın ərazidə dəmiryol stansiyasının qurulması, “Dərnəgül” stansiyası, Keşlə bazarının yanındakı “Keşlə” stansiyasının qurulması və sair. Bütün bunlar yaxında olan metroya keçidi təmin edəcək, sərnişin axınını parçalayacaq. İndiki halda əgər “28 May” stansiyasına yük düşürsə, həyata keçirilən tədbirlər nəticəsində sərnişinlər səfərlərini artıq fərqli yerlərdən planlaşdırmağa başlayacaqlar. Biz bilirik ki, Əhməd Rəcəbli küçəsində böyük iş mərkəzləri var. “Keşlə” v’ “Dərnəgül” stansiyalarını qurmaqla, bu tərəfdə insanların daha rahat gediş-gəlişinə imkan yarada bilərik. Bununla yanaşı, həmin ərazilərdə səki infrastruktrunun da bərpa olunmasına ehtiyac var”.

Vüqar MƏMMƏDOV

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər