Bakı və Abşeronun su problemlərinin həllinə strateji baxış: Sumqayıt prioritetlərdən biri kimi – ŞƏRH

274

Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirə ölkənin kommunal infrastruktur siyasətində strateji əhəmiyyət daşıyan mühüm hadisə kimi qiymətləndirilir. Bu proqram təkcə paytaxt Bakını deyil, Abşeron yarımadasının əsas şəhərlərindən biri olan Sumqayıtı da əhatə etməklə, uzun illər mövcud olmuş sistemli problemlərin mərhələli və əsaslı həllini hədəfləyir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O bildirilib ki, son onilliklərdə Bakı və Abşeron yarımadasında əhali artımı, sənayeləşmə, yeni yaşayış massivlərinin salınması və şəhərsalma proseslərinin sürətlənməsi su təchizatı və kanalizasiya sistemlərinə ciddi yük yaradıb: “Mövcud infrastrukturların böyük hissəsi hələ sovet dövründə qurulduğundan müasir tələblərə cavab vermir, itkilər yüksəkdir, yağış sularının idarə olunmasında isə ciddi boşluqlar mövcuddur. Xüsusilə Sumqayıt şəhərində içməli suyun fasilələrlə verilməsi, bəzi ərazilərdə təzyiqin aşağı olması, kanalizasiya xətlərinin köhnəlməsi və güclü yağıntılar zamanı küçə və həyətlərin su altında qalması sakinlərin gündəlik həyatında ciddi narahatlıqlar yaradıb. Sumqayıtın sənaye şəhəri kimi inkişafı bu problemlərin daha da dərinləşməsinə səbəb olub. Müşavirədə Prezidentin diqqət çəkdiyi əsas məqamlardan biri su ehtiyatlarının idarə olunmasının milli təhlükəsizlik və sosial rifah məsələsi olmasıdır. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, kommunal infrastruktur layihələri qısamüddətli deyil, 10–15 illik strateji baxış əsasında həyata keçirilməlidir.

2026-2035-ci illəri əhatə edən Dövlət Proqramı da məhz bu yanaşmanın məhsuludur. Proqram çərçivəsində içməli su mənbələrinin şaxələndirilməsi, magistral və paylayıcı xətlərin yenilənməsi, tullantı sularının təmizlənməsi qurğularının müasir standartlara uyğun qurulması, yağış sularının ayrı sistem üzrə idarə olunması prioritet istiqamətlər kimi müəyyən edilib. Dövlət Proqramında Sumqayıt şəhərinin xüsusi yer tutması təsadüfi deyil. Çünki Sumqayıt təkcə Abşeron yarımadasının deyil, bütövlükdə ölkənin mühüm sənaye və sosial mərkəzlərindən biridir. Burada su təchizatının dayanıqlı və fasiləsiz olması həm əhalinin rifahı, həm də sənaye müəssisələrinin fəaliyyəti baxımından həyati əhəmiyyət daşıyır. Proqram çərçivəsində Sumqayıtda köhnə su xətlərinin mərhələli şəkildə tam yenilənməsi, yeni su anbarlarının və nasos stansiyalarının tikintisi, kanalizasiya və yağış suları sistemlərinin ayrılması, tullantı sularının ətraf mühitə zərər vermədən təmizlənməsi nəzərdə tutulur”.

Mehriban Vəliyeva qeyd edib ki, bu tədbirlər Sumqayıt sakinlərinin illərdir üzləşdiyi su qıtlığı, kanalizasiya daşqınları və sanitar problemlərin aradan qaldırılmasına real zəmin yaradacaq: “Yeni Dövlət Proqramı yalnız texniki layihə deyil, eyni zamanda, sosial və ekolojiyönümlü sənəddir. Təmiz içməli suya çıxışın genişlənməsi əhalinin sağlamlığına birbaşa təsir göstərir, tullantı və yağış sularının düzgün idarə olunması isə Xəzər dənizinin və ətraf mühitin qorunması baxımından mühüm rol oynayır. Sumqayıt kimi sənaye şəhərlərində ekoloji tarazlığın qorunması xüsusilə aktualdır. Bu baxımdan proqramın həyata keçirilməsi şəhərin ekoloji yükünü azaldacaq, yaşayış mühitinin keyfiyyətini yüksəldəcək.

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən bu müşavirə bir daha göstərdi ki, Azərbaycan dövləti infrastruktur problemlərinə situativ deyil, sistemli və strateji yanaşma ilə yanaşır. Bakı ilə yanaşı, Sumqayıtın da su probleminin dövlət səviyyəsində prioritet kimi müəyyən edilməsi yüz minlərlə vətəndaşın sosial rifahına yönəlmiş mühüm addımdır. 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramı uğurla icra olunduğu təqdirdə, Bakı və Abşeron yarımadası, xüsusilə də Sumqayıt şəhəri su təchizatı və kanalizasiya sahəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq. Bu isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı inkişaf strategiyasının növbəti real nəticəsi olacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər