Azərbaycandan Almaniyaya son illərdə minlərlə adam mühacirət edib. Lakin onların içərisində alman cəmiyyətinə inteqrasiya edib bu ölkədə öz yerini tapanlar və uğur qazananlar elə də çox deyil. Xüsusən də söhbət qadınlardan gedirsə.
Lakin elələri də var ki, bu ölkəyə gedəndə alman dilində bir kəlmə də bilmədikləri halda dil öyrəniblər, təhsil alıblar və prestijli sahələrdə özlərinə iş tapıblar. Virtualaz.org xəbər verir ki, belələrindən biri 15 yaşında anası ilə Almaniyaya mühacirət edən bakılı qız Lanadır. O, hazırda Berlin polisinin komissarıdır.
Alman mediasında yer alan xəbərə görə Lana 14 il əvvəl-2003-cü ildə anası ilə birlikdə Berlinə mühacirət edib. Həmin vaxt o, məktəbli idi. “Mən gələndə alman dilində bir kəlmə də bilmirdim, heç salam sözünü də deyə bilmirdim”-Lana deyir. Bu gün isə Lana alman dilində tamamilə ləhcəsiz danışır. Və üstəlik polis komissarıdır.
“Əgər israrla can atsanız qarşınıza qoyduğunuz hər məqsədə çata bilərsiniz”-Berlin polisinin azərbaycanlı komissarı deyir.
Lananın yolu asan olmayıb. 2003-cü ildə Almaniyaya təzə gedəndə orta məktəbə daxil olub və orada onu ələ salmağa başlayıblar. “Mən çox ağladım, amma sonra bizim üçün gecə-gündüz çalışan atamı düşünüb sakitləşdim”-o deyir.
Lana Almaniyaya təzə gedəndə onun hazırda 55 yaşı olan anası, şəkərli diabetdən əziyyət çəkən Suzanna orada yüksək ixtisaslı tibbi yardım almağa başlayıb. İndi 57 yaşı olan atası İlham isə 2009-cu ilədək Bakıda qalıb və işləyərək oradan ailəsinə maddi dəstək verib.
Lana isə orta məktəbdə inadla çalışıb, bütün diqqətini dərslərə yönəldib və polisə imtahan vermək üçün hazırlaşıb. “Mən polis olmaq istəyirdim, çünki qarşıma məqsəd qoymuşdum ki, bu dünyada nələrisə dəyişdirim”-o deyir.
Berlin hüquq və biznes Məktəbinə daxil olan Lana orada “gücləndirilmiş polis xidməti” ixtisasını seçir. Məktəbi bitirib bakalavr dərəcəsi ilə polis sıralarına qəbul edilir. Onun bakalavriat mövzusu belə idi: “Berlin polisində miqrantlar: motivasiya və miqrantlarla bağlı əngəllər”. İndi isə Lana özü ən uğurlu inteqrasiya modelidir.
İki ildir ki, Lana patrul rəisidir. O, alman dilindən başqa türk, rus, ingilis və fransız dillərində də mükəmməl bilir. Bəs küçədə onu necə qəbul edirlər?
“Ümumiyyətlə desək polisə hörmət getdikcə azalır. Lakin kimsə məni ələ salmağa, yaxud sataşmağa hələ risk etməyib. Bu, həm də mənim xarici görkəmimlə bağlıdır. Gülümsəmirəm və sərtəm. Əlbətdə, söhbət polis vəzifələrinin yerinə yetirilməsinə gələndə mən bununla tərəddüd etmədən məşğul oluram”-Lana deyir.
Lana hələ təkdir, həyatında heç kim yoxdur. Deyir ki, Azərbaycanda onun yaşıdları yəqin çoxdan ailə qurublar və uşaqları var. “Lakin mən bilmirəm ki, ümumiyyətlə, evlənmək istəyirəmmi? Çünki həyatımda hər şey qaydasındadır və mən tam xoşbəxtəm…”-Berlin polisinin bakılı komissarı deyir.
Müzakirə qapadılmışdır.