“Nə gözəl şəhərdir, xoşdur baxışı
Bakıya qardaşdır, durub yanaşı”.
Bəli, söhbət Sumqayıtdan gedir. Bu sətirlər Səid Rüstəmovun bəstələdiyi və Lütfiyar İmanovun ifasında eşitdiyimiz məşhur “Canlanır hər qarış çöl Sumqayıtda” mahnısından bizə tanışdır. Paytaxt Bakının bir addımlığında yerləşən Sumqayıt bu gün sürətli inkişafı ilə diqqət mərkəzindədir.
Bir zamanlar Sumqayıt Bakı sakinləri üçün cazibədar olmasa da bu gün bakılıların Sumqayıta səfər etmələri üçün bir çox səbəb var. Bu yazıda Bakı sakinlərinin həftəsonu Sumqayıta səfər etmələri üçün mövcud həmin səbəblərdən danışacağıq.
Qatarla səyahət: Hər kəs həftə sonlarında yorğunluğu çıxartmaq üçün fərqli məkana səyahət etmək istəyir. Sözsüz ki, bu qatarla səyahət etmək daha maraqlı və cəlbedici olar. Bakıda yaşayırsınızsa və həftəsonu ailənizlə, dostlarınızla yeni bir məkana sürət qatarı ilə səyahət etmək istəyirsinizsə, o zaman ən əlverişli istiqamət Sumqayıtdır. Sürət qatarı ilə Bakı Dəmiryol Vağzalından 40 dəqiqəyə, cəmi 1 manata siz Sumqayıta səfər edə bilərsiniz. Səyahət zamanı siz Abşeron yarımadası ilə daha yaxından tanış olacaqsınız. Rahat bir nəqliyyat növü olan sürət qatarı ilə səyahətdən çox pozitiv bir enerji alacaqsınız.
Sumqayıt Bulvarı: Xəzərin sahilində, yaşıl təbiəti ilə seçilən Sumqayıt son illər həm də Bulvarı ilə məşhurdur. 2016-cı ildə istifadəyə verilən bulvarın ərazisi təqribən 150 hektara yaxındır. Uzunluğu 5,2 kilometr olan Sumqayıt Bulvarında rahat istirahət üçün geniş imkanlar mövcuddur. Uşaqlar üçün nəzərdə tutulan atraksiyonlar isə Sumqayıt Bulvarını onlar üçün də cəlbedici edir. Burada, dənizin sahilində gəzintiyə çıxaraq təmiz hava ala və şəhərin səs-küyündən qısa müddətlik də olsa uzaqlaşa bilərsiniz.
Fərqli məkanda film izləmək: Sumqayıt səfərinizi daha maraqlı etmək üçün şəhərin mərkəzində yerləşən müasir kinoteatrda film izləyə bilərsiniz. 2019-cu ildə istifadəyə verilən “Nizami” kinoteatrında hər biri 80-100 yerlik olmaqla 3 kino zalı mövcuddur. Kinoteatr hər yaş qrupundan insanlar üçün uyğun filmlər təklif edir. Bakıdan uzaqlaşaraq başqa bir şəhərdə, yeni bir mühitdə film izləmək sizin üçün yaddaqalan bir xatirə olacaq.
Münasib qiymətlər: Sumqayıt şəhərində qiymətlər Bakıya nisbətən daha ucuzdur. Resoranlarda, alış-veriş mərkəzlərində və bazarlarda ucuzluq müşahidə edilir. Burada müxtəlif məhsullar, geyim və digər zəruri əşyalar, qidalar Bakıya nisbətən daha münasib qiymətlərlə təklif olunur. Bu, xüsusilə büdcəni nəzərə alan səyahətçilər və ailələr üçün çox əhəmiyyətlidir. Necə deyərlər – həm ticarət, həm ziyarət.
Corat qutabı: İnsanlar bölgələrə səfər edərkən həmin bölgənin mətbəxi ilə də tanış olmaq istəyirlər. Sumqayıt da Corat qutabı ilə məşhurdur. Buna görə Sumqayıta səfər etməyə dəyər. Corat qəsəbəsində, eləcə də dəniz kənarında yerləşən restoranlarda siz Corat qutabının dadına baxa bilərsiniz.
Fotosesiya imkanları: Sumqayıt foto həvəskarları üçün cəlbedici şəhərdir. Şəhərin gözəl məkanları, bulvarı, yaşıl parkları hər bir fotoqrafın yaradıcılığını ortaya qoyması üçün mükəmməl fon təşkil edir. İstər peşəkar, istərsə də həvəskar fotoqraflar üçün Sumqayıt uyğun bir şəhərdir. Bu səbəbdən Sumqayıta səfər edərək xatirələrinizi əbədiləşdirə bilərsiniz.
Piyada gəzmək: Piyada gəzmək sağlamlıq üçün faydalıdır. Sumqayıtda piyada gəzməyi sevən insanlar üçün yaxşı məkanlar var. Şəhərin Nəsimi, Heydər Əliyev parkında, eləcə də Sumqayıt Bulvarında təmiz havada gəzintiyə çıxaraq həftənin yorğunluğundan uzaqlaşa bilərsiniz.
Sumqayıt Teatrı: Mədəniyyət və sənətə maraq göstərən hər kəs üçün Sumqayıt şəhəri Teatrı ilə də cəlbedici ola bilər. Sumqayıt Dövlət Dram Teatrı müxtəlif janrlarda tamaşaları ilə tezt-tez tamaşaçılara unudulmaz anlar yaşadır. Geniş repertuarı ilə tanınan teatr sənətsevərlər üçün Sumqayıta səfər etməyə dəyər bir səbəbdir.
Çimərlik: Yay aylarında Novxanı çimərliyi Sumqayıtın ən populyar istirahət məkanlarından birinə çevrilir. Xəzərin Sumqayıt sahilində geniş və rahat istirahət zonaları da mövcuddur. Əgər daha sakit bir istirahəti üstün tutursunuzsa, çimərlik boyu yerləşən istirahət mərkəzlərinin açıq hovuzlarından istifadə edə bilərsiniz.
Sumqayıtda futbol həyəcanı yaşamaq: Artıq futbol həvəskarlarının da Sumqayıta səfər etmələri üçün bir səbəb var. Ötən il istifadəyə verilən, tamaşaçı tutumu 10 min nəfər olan Sumqayıt stadionunda oyunlar təşkil olunur. Futbol həvəskarları Sumqayıta gələrək maraqlı oyunları izləyə, futbol həyəcanı yaşaya bilərlər.
Bu səbəblərdən də görürük ki, Sumqayıt yalnız Bakıya yaxınlığı ilə deyil, həm də özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Sumqayıt ziyarətçilərinə unudulmaz anlar yaşada biləcək bir şəhərdir. Əgər siz də həftəsonunu dəyərləndirmək, yeni məkanlar kəşf etmək istəyirsinizsə, Sumqayıt sizi gözləyir. Əmin olun ki, bu şəhərdə özünüzü qərib hiss etməyəcəksiniz.
Müzakirə qapadılmışdır.