Banklar müştərilərə qarşı – ANAR QASIMLI YAZIR

830

Son zamanlar bəzi bankların kredit borcunu ödəməyən (hətta gecikdirən) borcluların yaşadığı binaların girişində, liftində, bir sözlə, bütün qonşuların görə biləcəyi yerlərdə, əsasən sarı vərəqələrdə elanlar asması barədə şikayətləri tez-tez eşidirik.

Elan təxminən bu məzmunda olur: Hörmətli Filankəs, nəzərinizə çatdırırıq ki, sizin banka 1111 (rəqəmlər şərtidir) manat məbləğində borcunuz var. Əgər borcunuzu ödəməsəniz sizin barənizdə dələduzluq maddəsi ilə cinayət işi açılacaq. Borcununu ödəməyiniz xahiş olunur.

Bəzi bankların istifadə etdiyi bu metod tamamilə qanunsuzdur və qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İşgüzar nüfuzuna hörmət edən bank bunu etməməlidir. Əgər borclu kredit müqaviləsi üzrə öhdəliyini icra etmirsə, bank məhkəməyə müraciət edə bilər. Kredit müqaviləsi üzrə borcun məcburi qaydada alınmasının yeganə sivil yolu budur.

Bəs, şərəf və ləyaqəti banklar tərəfindən alçaldılan vətəndaş nə etsin?

Adətən bu elanları görən borclu qonşular arasında biabr olmamaq üçün dərhal o vərəqələri cırıb atır. Başqa sözlə desək izləri itirir. Bununla da işin məhkəmə perspektivini sıfıra enir.

Belə özbaşınalıqla rastlaşan şəxslərə tövsiyəmiz odur ki,
– həmin elanları birbəbir foto və video çəkilişlə qeydə alsın;
– ərazi üzrə polis sahə müvəkkilinə müraciət etsin və sahə müvəkkili tərəfindən faktın qeydə alınmasına əmin olsun.

Bundan sonra, elanları cırmaq olar.

Ola bilər ki, şəxs bu tip elanlarla rastlaşandan sonra özünü pis hiss edər, halı pisləşər. Yaxşı olar ki, bu halda təcili tibbi yardıma müraciət olunsun.

Faktla bağlı müvafiq bankın rəhbərliyinə və Mərkəzi Banka bu barədə yazılı şikayət olunması da arzu olunandır, lakin vacib deyil.

Bundan sonra, hüquq məsləhətxanasına müraciət edərək, vəkilin hüquqi yardımından faydalanmaq və Bankın hüquqi ünvanı üzrə məhkəmədə iddia qaldırmaq lazımdır.

Azərbaycan məhkəmə təcrübəsindən bir məsələni də paylaşmaqla mövzuya yekun vurmaq istəyirəm. Düşünürəm ki, bu həm ədalət mühakiməsinə inamı artıra bilər, həm də bankların belə qeyri-etik davranışı ilə üzləşmiş vətəndaşlarımızın öz hüquqlarına biganə qalmamalarına vasitə olar.

Hüquqlarını müdafiə etdiyim şəxsin banka borcu yaranmışdı. Maddi imkanı olmadığından o, bir-neçə ay idi ki, kredit borcunu ödəyə bilmirdi. Kredit borcunun məbləği faiz və dəbbə pulu ilə birlikdə təxminən 13000 manat həddində idi. Bunun müqabilində müştərimin evi bankda girovda (ipotekada) idi. Bir gün işdə olarkən qonşuları ona zəng edərək, binaya onun barəsində elanlar yapışdırıldığını xəbər veriblər. Müştərim dərhal yuxarıda qeyd olunan ardıcılıqla faktları rəsmiləşdirdikdən sonra, məhkəməyə müraciət olundu. Tələb mənəvi ziyana görə kompensasiya və eyni qaydada təkzib verilməsi idi. Məhkəmə iddianı təmin edərək banka 13000 manat borcu olan müştərimizin xeyrinə bankdan mənəvi ziyana görə, 2000 manat pul tutulması və eyni qaydada (binanın girişinə, liftə yapışdırmaqla) təkzib verilməsi barədə qətnamə çıxardı. Həmin qətnamədən bankın verdiyi apellyasiya şikayəti təmin olunmadı. İşin Ali Məhkəməyə gedib-getməməsi barədə hələlik heç bir məlumat yoxdur.

Hüquqlarınıza biganə qalmayın!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər