“Bayrağımızı beynəlxalq yarışlarda dalğalandırmaq istəyirəm” – Azərbaycan çempionu olan sumqayıtlı şagird

48

Sumqayıt məktəblilərinin idman sahəsində uğuru davam edir. Bu dəfə Gəncə İdman Sarayında təşkil olunan qadın güləşi üzrə yeniyetmələrin ölkə çempionatında XI sinif şagirdi Nuray Həsənli 65 kq çəki dərəcəsində, 17 yaşadək idmançılar arasında I yerə layiq görülərək Azərbaycan çempionu adını qazanıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, Nuray Həsənli Sumqayıt şəhər Nizami Gəncəvi adına Texniki və təbiət elmləri liseyinin şagirdidir. Xırdalan şəhər 11 nömrəli məktəbdə yerləşən güləş klubunda idmanla məşğuldur. Məşqçisi Elvin Aslanovun sayəsində güləşin bütün sirlərinə yiyələnir.

İdmana olan marağı və uğurları haqqında məlumat verən Nuray deyir: “Mariya Stadnikə baxıb həvəslənərək 12 yaşında güləşlə məşğul olmağa başlamışam. 2023-cü ildə “Zirvə” idman mərkəzində keçirilən yarışda 2-ci yerə, 2024-cü ilin mart ayında keçirilən respublika çempionatında 3-cü yerə, 2025-ci il yanvar ayında “Alüminum” idman zalında keçirilmiş birincilikdə isə 1-ci yerə layiq görülmüşəm. 2025-ci ilin aprel ayında baş tutan Azərbaycan  çempionatında, iyul ayında keçirilən qum güləşi üzrə birincilikdə və noyabr ayında baş tutan birincilikdə 3-cü yerin sahibi olmuşam. 2026-cı ilin fevral ayında Azərbaycan çempionatında 1-ci yeri tutdum və qızıl medal qazandım. Yarış Gəncə şəhərində və çox gözəl keçdi. Çempionata psixoloji cəhətdən çox yaxşı hazırlaşmışdım. Qalib olarkən həqiqətən çox sevindim. Jalə Əliyeva kimi bir güləşçi olmaq, bayrağımızı beynəlxalq yarışlarda dalğalandırmaq istəyirəm”.

İdmançı şagird təhsili haqqında deyir: “Dərslərimi orta səviyyədə oxuyuram və idmanın dərslərimə mane olmamasına çalışıram. Liseyi bitirdikdən sonra ali təhsil almağı düşünürəm. Uğur qazanmağımın sirri özünəinam və çox çalışmaqdır”.

"Bayrağımızı beynəlxalq yarışlarda dalğalandırmaq istəyirəm"  

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər