Bərgüşad sahillərində – CƏLAL BƏRGÜŞADLA XATİRƏ

1259

Mərhum jurnalist Mürsəl Qocayevin “Bərgüşad sahillərində – «Sıyrılmış qılınc» la ,»Boz atın belində»” məqaləsini təqdim edirik:

YADA DÜŞƏR XATİRƏLƏR

Mənbəyini Zəngəzurun zirvələrindən götürən Bərgüşad relyefi mürəkkəb olan dağ yamaclarınıni sinəsi, dərin dərələrin dibi ilə Araza qovuşmaq üçün özünə yüz kilometrlərlə yol açmışdır. Bu yolun yarıdan çoxu Qubadlı rayonunun ərazisindən keçib onun torpaqlarına min bir bərəkət bəxş edir. Buna görə də Bərgüşad Qubadlının şanı şöhrəti və iftixarıdır.

Bu çayın sahilləri boyunca yerləşən kəndlərdən biri də Qəzazandır. Çayın sahillərini birləşdirən Eldim körpüsü burada salınmışdır. Lap yeniyetmə  vaxtlarımdan rayona gedərkən bu körpüdən getməli olurdum. Hər dəfə onun sahillərində salınan bağlara, çəltik ləklərinə heyranlıqla baxar, çayın zümzüməsi məni sehriləyərdi. Qızmar yay günlərində isə çayda balıq kimi üzüb çimən həmyaşıdlarıma həsəd aparırdım. O zaman heç ağlıma da gəlmirdi ki, bu həmyaşıdlarımdan kimlərsə nə vaxtsa bir yerdə oxumalı olacağam. Yaxud  kim isə Bərgüşad  təxəllüsü qəbul edib  bu imza ilə respublikada tanınmış bir qələm sahibi olacaqdır.

Mən onunla ilk dəfə 1946–cı ilin yayında Qubadlı siyasi maarif  kabinəsinin kitabxanasında tanış oldum. Onda mən APİ–nin II kursunu bitirib məzuniyyətə gəlmişdim. Kabinənin müdiri olan dayım Zülfü Əhmədov bizi bir–birimizlə tanış etdi. Sən demə o vaxtilə Qəziyən körpüsündən keçən zaman dəfələrlə gördüyüm çayda çimən oğlanlardan biri idi.

O, 1942–ci ildə müharibəyə səfərbər olunmuş, 1943–cü ildə  döyüşlərimn  birində kontuziya olub təxris  edilmişdir. Daxili şöbəsi nəzdində VVAQ müdiri vəzifəsində çalışırdı.

Ali məktəbdə  oxuduğumu biləndə təbiətinə məxsus bir qızğınlıqla nə vaxt qəbul olduğum, necə oxuduğum, necə dolandığım haqqında məni sorğu suala  tutdu. Sonra ciddi şəkildə:

– Getsəm oxuya bilərəmmi? – deyə  mənə müraciət etdi  Sanki məndən zəmanət almaq istəyirdi.

– Lap əla oxuyarsan. Oxuyanlar səndən artıq deyil ki!

O vaxt iqtisadi cəhətdən çətinlik çox idi. Hələ talon sistemi davam edirdi. Ancaq Qubadlıda bol çəltik, taxıl yetişdirdiyi üçün camaat çörəkdən çətinlik çəkmirdi. Başqa rayonlardan  buraya taxıl, düyü almağa gəlirdilər. Gələnlər özləri ilə dəyişməyə geyim və başqa məişət əşyalarıda gətirirdilər. Kəndin bolluğunda nisbətən yaxşı yaşayan mühasibim ehtiyat edirdi ki, məktəbə gedəndən sonra çətinliyə düşməsin.

Deyəndəki iki dəst təzə kostyumu, onun hər birisinin özünə məxsus alt paltarı, ayaqqabısı və 3–4 təzə saroçkaçı, paltosu var mən daxilən həsəd hissi keçirdim.

– Ay qağa, dedim – bizim bəzi müəllimlərimiz əsgər çəkməsinin boğazını kəsib ayaqqabı kimi geyinirlər. Biz tələbələr isə alt paltarımızı dəyişmək olmadığı üçün bəzən hamamda yuyub sıxıb əynimizə geyir yataxanaya gəlincə canımızın istisilə quruduruq. Cən bu hazırlıqla lap bəy–xan balasına oxşayırsan!…

– Qağa, sən  mənə əməlli–başlı ürək–dirək verdin. Bu il mütləq ali məktəbə oxumağa  gedəyəcəyəm, – deyə məni qucaqladı.

Calal o vaxt kəndli–gənclər orta məktəbini qurtarmışdı. Rayon qəzetində «Cənub toydan əsən meh» adlı ilk şeri çap olunmuşdu. Onun ali məktəbə getmək haqqındakı qətiyyəti nəinki məndə rəğbət oyatdı, həm də  özümü özümdən razı saldı. Axı məsləhətim təsirsiz qalmamışdı!…

Həmin ilin sentyabrında isə onunla Bakıya ADU–nun jurnalistika  şöbəsinin tələbəsi kimi görüşdük.

– Qağa, bu mənim üçün əlamətdar gündür. Dur gedək xatirə şəkli çəkdirək. Mənim ali məktəbə gəlməyimin səbəbkarı sənsən, – deyib tələsik geyinməyə başladı. Biz Akademiya ilə üzbəüz fot ateliyaya gəlib xatirə şəkli çəkdirdik (1995–ci ildə mənimlə görüşlərinin birində dedi ki, həmin şəkilləri başqa sənədlərlə bərabər Ədəbiyyat və incəsənət arxivinə vermişdir).

1948–ci ildə  mən institutu qurtarıb rayona işə gəldim. Calal isə təhsilini davam etdirirdi. 1951–ci ildə universiteti qurtarıb «Azərbaycan pioneri» qəzetində ədəbisti kimi fəaliyyətə başladı. Daha rayona  az–az gəlirdi. Tez–tez görüşə bilməsəm də  mətbuatı daima izləyir, hər dəfə imzasını görəndə qəlbimdə ona uğurlu yaradıcılıq arzuları doğurdu.

Hələ tələbəlik illərində Calal Qaçaq Nəbidən bir samballı yazı yazmaq arzusunda idi. Bu mövzunun onu cəlb etməsi təsadüfi deyildir. Nəbinin doğulduğu Mollu kəndi Qəziyan kəndi ilə qonşudur. Calal uşaq vaxtlarında Nəbinin, Həcərin igidlikləri haqqında yaşlı adamlardan çoxlu söhbətlər eşitmişdi. Bu söhbətlərdən doğan uşaq marağı sonralar onda yaradıcılıq amalına çevrilmişdi.

Bakıya ezamiyyətə gələndə bir tələbə yoldaşı, həmyerli və həmkar kimi görüşüb xeyli dərdləşərdik. Artıq Nəbi haqqında romanın bir çox fəsillərini yazmışdı. Hətta Nəbinin öldürülməsi  xəbərindən bəhs edilən XXX fəsili əl yazmasından dönə–dönə mənə oxumuşdu.

Bir dəfə görüşəndə isə böyük sevinc hissi ilə Nəbinin vaxtilə Zəngəzurun mərkəzi olan Gorus həbsxanasına salındığı dövrdə çəkilmiş  fotoşəklinin sürətini göstərdi. Bu şəkli xeyli zəhmət və vaxt sərf edib Sankt–Peterburq arxivindən əldə edə bilmişdi. Həmin vaxta qədər elə zənn edilirdi ki Nəbinin şəkli olmamışdır.

Onun 1958–ci ildə çap olunmuş «Boz atın belində» tarixi romanı Qubadlının iftixarı olan Bərgüşad çayını özünə ilk təxəllüs götürmüş Calalın ilk yaradıcılıq uğuru idi.

Bu təxəllüs ona səfərə çıxanın arxasınca aydınlıq rəmzi kimi atılan suyun timsalı idi. Əsər üst–üstə 90 min tirajla 3 dəfə Azərbaycanda, 1984–cü ildə İstanbulda nəşr olunmuşdur. Onun arxasınca «Təzə gəlin», «Toydan sonra», «Dərilməmiş salxımlar», «Şərq çiçəyi», «Gələcəyi yaradanlar», hekayələr və oçerklər kitabı, «Sivrilmiş qılınc» romanı çapdan çıxmışdır.

C.Bərgüşad işlədiyi müddətdə 30–dan çox xarici ölkədə olmuşdur. Bütün səfər təssərrüatlarını kitab şəklində çap etdirmişdir. Kitab çox maraqla oxunur. O öz təssərrüatlarında gəzdiyi ölkələrin adət–ənənələrinə, tarixi abidələrinə aid maraqı məlumatlar verir. Oxucu bu təssərrüatları oxuyarkən sanki müəlliflə bərabər həmin ölkələri gəzmiş olur. Həm də maraq dünyasına aid biliklərini xeyli zənginləşdirir.

C.Bərgüşad müharibədən sonra ADU–nun filologiya fakultəsi nəzdində ilk dəfə təşkil olunmuş jurnalist şöbəsinə ilk qəbul olunanlardan və onun ilk buraxılışı olanlardan biridir. Şirkətdə işlədiyi 35 ildən artıq bir müddətdə çox səmərəli fəaliyyət göstərmişdir. O, respublikamızda kənd həyatının qayğıları, problemləri, tarla qəhrəmanları haqqında bir çox maraqlı radio reportajları, oçerkləri vermiş, ssenarisi əsasında «Çoban Boran», «Torpağın ətri», «Çinar yarpağı», «Göy göl» kimi televiziya filmləri çəkilmişdir.

Bütün respublikamızın füsünkar bir guşəsi ilə bərabər Calal Zəngəzur və onun valeh edici mənzərəli igid oğul və qızlarının şücaət və qeyrətlərinin də vurğunu idi. Onun bütün publikasından bunu aydın görmək olar.

Bir dəfə  görüşümüz zamanı cibindən bir şer çıxarıb oxudu. Şer Qubadlıdan ilk Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş Çoban Möhsümə həsr olunmuşdu.

– Bu şeri, dedi – Xahiş etmişəm Qasım Qasımzadə yazıb. Şəfiqə Axundovaya da xahiş etmişəm ki, ona mahnı bəstələsin. Bu yaxınlarda  radioda eşidəcəksiniz.

Doğrudanda bir müddətdən əmək adamları haqqında bəstələnən ən yaxşı mahnılardan biri olan «Çoban Möhsün» mahnısı radioda səsləndi. Mahnını dinlədikdə isə  adamın gözü önündə Zəngəzur dağlarının yaşıl yamacları, qarlı zirvələri, şəfa qaynaqları, canlanır, qulaqların da isə çoban neyinin əks sədası verən iniltisi səslənirdi.

Müharibənin 30 illiyi  münasibəti ilə həlak olan qəhrəmanların xatirəsini əbədiləşdirmək üçün tədbirlər görülürdü. Bu ərəfədə Calal müəllim Zəngilana ezamiyyətə gəlmişdi. Rayonda bu barədə görülmüş və görüləsi ilə maraqlandı. Onun təsəbbüsü ilə Rəzdərə təbii çinar qoruğunda məhşur olan bir bulağa 416–cı divizyanın 1368–ci polkunun kapitanı Taqonroq uğrunda vuruşmalarda şücaət göstərib qəhrəmanlıqla həlak olmuş İsmayıl Sayılovun adını vermək haqqında RİK qərar qəbul etdi. Bulaq abadlaşdırılıb qurtardıqdan sonra onun təntənəli açılışı oldu. Calal müəllim onu xüsusi lentə aldırdı, bu barədə radioda xüsusi veriliş oldu. Bu tədbir rayonda çox rəğbətlə qarşılındı.

Bir dəfə Calal xalq şairi Süleyman Rüstəmlə Zəngilana gəlmişdi. Rəzdərə çinarlığına aparıb həmin İsmayıl bulağı başında  onun şərəfinə məclis qurduq. Qamətli çinar yarpaqlarının pıçıltısı, İsma­yıl bulağının həzin zümzüməsi, qoruq quşlarının cəh–cəh ilə  qovuşub könül oxşayan bir melodiya kimi səslənirdi. Təbiətin bu ecazkar mənzərəsini şair böyük emosionallıqla seyr edirdi. Buna görə də həvəslə burada xatirə şəkilləri çəkirdi. Calal isə bu bulağın təşəbbüskarı  olduğu kimi haqlı olaraq iftixar hissi keçirirdi.

C.Bərgüşad «Boz atın belində» romanı üzərində 10 ilə qədər işləmişdi. Hər dəfə görüşəndə Zəngəzurun bu bir cüt qartalına – Nəbiyə və Həcərə rayonda abidə qoyulması arzusundan danışardı. Bunun üçün o Qubadlının nüfuzlu ağsaqqları rəhbərləri ilə dəfələr söhbətlər apardığının şahidi olmuşam. Nəhayət səksəninci illərdə arzusuna çatdı. Nəbi ilə Həcərin qoşa büstü Qubadlının ən gedişli–gədişli bir yerində  ucaldılıb rayon əməkçilərinin ziyarətgahına çevrildi.

Böyük redaktor kimi  xidməti işi gərgin idi. Verilişi hazırlamaq üçün tez–tez ezamiyyətə getmək, çəkilişlər təşkil etmək, müsahibələr aparmaq bütün bü işləri çevikliklə, dəqiqliklə, sərtliklə görmək tələb olunurdu. Xidməti iş onun vaxtını çox alırdı. Buna görə də bədii yaradıcılıqla məşğul olmaq üçün vaxtdan səmərəli istifadə etməklə yazmaqda olduğu «Cavanşir» romanını davam etdirirdi. Özü dediyi kimi, bu əsəri yazmaqla tarixi mövzusunda öz trilogiyasını tamamlamı olurdu. Anadan olmasının 70 illiyi münasibətilə onun əl yazmasını demək olar ki, başa çatdırmış çapı üçün hazırlıq görürdü.

Öz əməyinin qiymətləndirilməsinə heç kəs laqeyd qalmır. Calal müəllim də anadan olmasının 70 illiyi  və ədəbi fəaliyyətinin 50 illiyi münasibəti ilə respublika prezdenti H.Əiyev cənablarının ona göndərdiyi təbrik məktubundan son dərəcə məmnun qalmışdı. Məktubda razılıq hissi ilə deyilirdi: «Xalqımızın qəhrəmanlıq keçmişindən və bu günündən bəhs edən tarixi romanlarınız, povest hekayə və ssenariləriniz Sizə şöhrət gətirmişdir. Əminəm ki, əsərləriniz xalqımızın hələ neçə–neçə nəslinə milli ruh, vətənpərlik, xalqlar dostluğu aşılanması işinə xidmət edəcəkdir.»

Çox təəssüf ki, yaradıcılığına verilmiş bu qiymətin sevincini lazımınca duyub yeni yaradıcılıqt nümunəsi ilə əvəzin çıxmaq ona nəsib olmadı.

Qubadlı, Zəngilan işğal olunandan sonra  onunla 2 dəfə görüşdük. Hər dəfə görüşəndə ilk tanış olduğumuz gündən sonra keçən yarım əsr ərzindəki xatirələr qəlbimizdə baş qaldırıb bizi kövrəldirdi.

İnsan talenin hökmündən xəbərsizdir. Öz qəlbinin nə vaxt susacağını bilmir. Ancaq Calal elə bil ürəyinə nə isə dammışdı. O fiziki cəhətdən sağlam və gümrah olsa da Qubadlı işğal olunandan sonra özünə heç cür yer tapa bilmirdi. Elə onun işğalının ikinci ildönümü günlərində də öz dünyasını dəyişdi. Onu yaş çoxluğu, xəstəlik deyil, dərd–qəm öldürdü. Düşmən tapdağında qalan Vətənin dərdi qəmi–qüssəsi!…

Hər dəfə bu xatirə şəklinə baxanda sanıram ki, onun intizar və həsrətli ruhu «Siyrilmiş qılınc»la «Boz atın belində» Bərgüşadın sahillərində intiqam və qisas hissilə dolaşmaqdadır… Belə anlarda nə vaxtsa bu qisasın alınıb və həmin əlamətdar günün onun nigaran ruhuna əyan olacağı ümidi ilə təskinlik tapmağa çalışıram.

Bir yazıçı–jurnalist kimi yaradıcılığına gəlincə, onun ədəbiyyatımız və jurnalistikamız qarşısındakı xidməti isə həmişə ehtiramla xatırlanacaqdır.

Mürsəl Qocayev

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər