Bəs hanı yeniliklər?

1105

7 ballıq zəlzələ, Wi-Fi və A+B=LOVE

Hər səhər eyni sözləri eşidirsən… “Bir az mehriban olun, hamı getmək istəyir və nələr… nələr…”. Tələbə deyir dərsə tələsirəm, işçi deyir işə tələsirəm. Peşman olursan ki, vaqonun qapıları açılanda içəri keçəsən. Bir də görürsən ki, kimisə tapdalamısan. Kimsə isə səni elə itələyib, sıxır ki, elə bil üzüm çəlləyindən üzüm əzir. Gəl ki, biri səhər ya sarımsaq yeyə, ya da ki içki içə, onda, cəhənnəmdə hiss edirsən özünü. Vaqonların pəncərələri də açılımır. Bəzi hallarda üfunət iyindən boğulursan. Adamın ürəyindən maşinistə “saxla, qapıları aç, içərinin havası dəyişsin” demək gəlir. Növbəti stansiyaya qədər canın çıxmalıdı. Dözməlisən. İçəridə çoxdandı sözü verilən kondisioner də yoxdu. Gərçi, olsa belə havanı dəyişdirə bilməyəcək. Əgər vaqon 60 nəfər üçün nəzərdə tutulubsa, ölkəmizə idxal olunanda o, 60-ı bizimkilər 160 edir. Çinli qardaşlarla görüşsəydik, deyərdik ki, “ qardaş, Azərbaycana göndərdiyiniz vaqonları elastik eliyin dəəə”.

Vaqonlarda mədəniyyətimizdən bir sıra nümunələr də var. Misal üçün, davakarlıq. Hər gün bir dava olmasa, Bakı metrosu özünü günahkar hesab eliyər. Daha sonra vaqonların hər tərəfinə yapışdırılmış istər erotik, istərsə də tanışlıq və evləndirmə saytlarının adları, oğlan nömrələri, hətta “A+B= Love” kimi yazılar, tutacaqlara yapışdırılmış saqqızlar. Gedəcəyin yerə çatanda Allaha şükür edirsən. Amma di gəl ki, burada da düşə bilmirsən. Qapıların ağzında sərhəd çəkilir. Düşməyənlər düşmək istəyənlərə imkan vermirlər. Çox vaxt o biri dayanacağa gedib, yenidən geri qayıdırsan.

Metroda ən təsirləndiyim hadisələrdən biri qoca dayının maşinist səhvi nəticəsində yerə yıxılması idi. Dayı oturacaqdan qalxıb düşmək istəyirdi ki, qatar anidən hərəkət etdi və durdu. Vaqonda sankı 7 bal gücündə zəlzələ baş vermişdi. Onsuz da ayaqda güclə durur və bunun üçün bir vasitədən-çəlikdən istifadə edirdi. Dayı yerə yıxıldı, eynəyi çatladı, bəlkə də başından zədə belə almışdı. Növbəti stansiyada endirib, digərinə mindirdik. Amma, bu hadisə mənim və bir çoxlarının yaddaşından çıxmayacaq.

Deyirlər, Bakı metrosundan 1 milyondan çox insan istifadə edir. Bəs metromuzun keyfiyyəti bizi qane edirmi?.

Əvvəllər metronun qiyməti 5 qəpik idi. Sonra birdən-birə dörd dəfə artırılaraq 20 qəpiyə qalxdı. Deyildi ki, metromuzda yeni texnologiyalar olacaq, istifadəçilərə daha keyfiyyətli xidmət göstəriləcək. Yeni texnologiya deyərkən nəzərdə tutulan plastik kartlaradan başqa bir şey olmadı. Nə zaman kart yükləmə apparatına yaxınlaşsan qarşısında 5-10 dəqiqə növbədə dayanmalısan. Səbəb bu apparatların sayının az qoyulmasındadır. Ən çox istifadə edilən metro stansiyalarından biri olan “Koroğlu”da belə apparatlardan yalnızca üçü quraşdırılıb. Çox vaxt onlardan biri işləmir, o biri yalnızca qəpik qəbul edir, digəri isə yalnızca manatla işləyir. Növbəyə isə söz ola bilməz. Yeni vaqonların gətirilməsi də deyilmişdi. Amma yeni vaqonların əvəzinə köhnə vaqonlara yüngülvari düzəliş edilib yenidən istifadəyə verildi. “Koroğlu” stansiyasında Wi-Fi-ın quraşdırılacağı deyilmişdi. Sizi əmin edirəm ki, Wi-Fi-dan orada əsər-əlamət belə yoxdu. Qatarlar o dərəcədə köhnədir ki, iki stansiya arasında tez-tez dayanır. Bir sözlə əvvəl necə idisə, indi də elədir. Bakı metrosunun bir günlük gəlirini hesablasanız görərsiniz ki, bu gəlirlə nə qədər iş görmək olar. Yenicə istifadəyə verilmiş stansiyalar görünüş baxımdan tədqirəlayiqdir. Xidmət isə qənaətbəxş deyil. İlk növbədə isə xidmət əsas olmalıdır. Bu daha vacibdir.

Bütün bunları tələb etmək bizim ən azı hüquqlarımız siyahısındadır. Hüquqlarımızı tələb etməyi bacarmadıqca hər şey olduğu kimi qalacaq.

Səbinə Dəniz

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər