Bir baxış, bir söz, bir qucaq: Yeniyetməyə dəstəyin gücü

70

Yeniyetməlik – körpü kimidir, bir ucu uşaqlığın təmizliyinə, digər ucu isə yetkinliyin məsuliyyətinə dayanır. Bu dövr insan həyatında daha çox anlayış tələb edən bir dövrdür, çünki nə uşaqlıqdan tam ayrılmış, nə də böyüklüyə tam çatmış bu dövrdə istər insan şüurunda gedən psixi, istərsədə orqanizmdə gedən kimyəvi hormonal dəyişikliklər bəzən qeyri-şüurlu davranışların meydana gəlməsinə səbəb ola bilər. Bu çağda bir baxış, bir söz, bir qucaq bəzən yeniyetmə üçün bütün dünyaya bərabər ola bilər, onun həyatının istiqamətini dəyişə bilər. Bu dövrdə uşaqlara verilən sevgi və anlayış gələcək dövrdə uşağın yanlış qərarlar çıxarmasının önünə keçə bilər. Uşaq qəlbinin ehtiyacı olan anlayış, sadəcə nəsihətlə deyil, empatiya ilə gəlir. Valideynin diqqətli baxışı, müəllimin və yaxud hər hansı bir tərbiyəçinin anlayış dolu bir sözü və hər üç tərəfin sevgi və istək dolu “qısa bir qucaqlaması” bəzən illərlə unudulmayan təsir yaradır, yeniyetmənin daxili dünyasını işıqlandıran bu təsir sanki sükut arxasından gələn kövrək bir səslə cəmiyyətə mesaj verir: “Bizə dəstək olun, dayaq olun, bizi dinləyin və anlayın.”
Yeniyetməlik dövrü üçün dəqiq bir yaş həddi yoxdur, ümumi olaraq bəzi psixoloqlar bunu 12-21 yaşarası qəbul edir, bir çoxları isə bu dövrün 9-16 yaş aralığını əhatə etdiyini söyləyirlər. Dəqiq bir yaş həddi olmasa da, qızlar 9-13 yaş arasında, oğlanlardan daha tez yetkinlik dövrunə girirlər. Bu səbəblə həyatın bu dövründə qızlar oğlanlardan fiziki olaraq bir necə il əvvəl inkişaf edirlər. Oğlanlar yetkinlik yaşına təxminən 12-14 yaş arasında girirlər. Bu zaman fərdin bədənində bioloji dəyişikliklər baş verir və bu dəyişikliklər pik həddinə çatdıqda onun psixologiyasına səbəbsiz yerə təsir edir. Onlar özləri üçün fərqli dünya qurmaq görüşünə sahib olurlar; özlərindən böyüklərlə sosial münasibətlər qurmağa can atır; özlərini çox güclü hesab edirlər; səbrsiz, əsəbi, davakar olur, heç nəyi bəyənmir; özlərinə uyğun peşələr təyin edir, öz qərarlarını verməyə başlayırlar. Onlar ümidlə yeni bir fərqli şəxs olmaq arzusunda olurlar və istəyirlər ki, valideynləri bunlardan xəbərdar olub onların fikirlərini dəyərləndirsinlər. Çaşqın vəziyyətdə olurlar, uşaqlıqdan çıxma, cinsi şəxsiyyətini qazanma, sosial əlaqələrini nizama qoyma, yetkinlik dövrünə yavaş-yavaş daxil olaraq öz məqsədlərinə çatma səyində olurlar. Bu hədəflərə can atır, öz davranışlarından bəzən razı qalır, bəzən də öz daxili dünyaları ilə qarşıdurmalar yaranır. Onlar qarşılarındakı maneələri aşmaq üçün böyük bir mübarizəyə girirlər; bu dövrü üsyan dövrü və yaxud basqın dövrü də adlandırırlar. Bu zaman valideynlər anlayışlı olmalı, uşaqları diqqətlə dinləməli, onlarda olan dəyişikliklər haqqında düzgün izahatlar verməlidirlər. Hər gün onların dərdinə şərik çıxmalı, çətinliklərini soruşmalı, lazım gəldikdə onlarla həmrəy olmalı, anlayış və dəstək göstərməlidirlər.
Bu yaş dövrü özünüdərk və inkişaf dövrüdür, bu dövrün xüsusiyyətlərindən biri öz cinsini kəşf etmək və qarşı cinsə meyl göstərməkdir. Bəyənilmə, sevgi, həyacan kimi hisslər bu dövrdə öz vacibliyini göstərir. Geyimləri, saç düzümləri dəyişir, tez-tez güzgünün qarşısında dayanıb özlərinə tamaşa edir, xəyala gedir və böyüklərə oxşamaga çalışırlar. Qızlarda kosmetikaya meyl yaranır, avropasayağı açıq geyimlərə üstünlük verirlər. Oğlanlar isə qarşı cınsə münasibətlərini dəyişib sanki onları hamıdan qorumağa çalışır, onların yanında olmağı üstün tuturlar. Valideynlər bu mövzularda övladları ilə çox ciddi söhbətlər aparmalı, özləri az danışıb səbrlə onların fikirlərini dinləməlidirlər.
Yeniyetməlik dövrü insan həyatının ən həssas, eyni zamanda formalaşdırıcı mərhələsidir, axtarış və kəşf dövrüdür. Bu mərhələdə yeniyetmə ”kimlik axtarışı” ilə məşğuldur, özünü kəşf etmək, ifadə etmək, cəmiyyət içində yerini müəyyənləşdirmək və qəbul olunmaq ehtiyacındadır. Tam bu nöqtədə-bir baxışın, bir sözün, bir qucağın önəmi artır.
Yeniyetmə Aytən dərs məşğələlərində çox narahat və susqun idi, heç vaxt əl qaldırıb suallara cavab vermir, sakitcə gözlərini mənə zilləyib baxırdı, sanki demək istəyirdi ki, “mən dərsə hazıram”. Bir gün zəng vurulandan sonra mən onunla təklikdə söhbət etdim, “sən mənim ağıllı qızımsan və bilirəm ki, dərsə həmişə hazır olursan, amma niyə cavab vermirsən?” Yenə də gözlərimin içinə baxıb pıçıltı ilə cavab verdi, “Utanıram.” “ Utancaqlıq yaxşı əlamət deyil, insanı geridə qoyur, gözəl qızım.” deyərək onun başını qucaqlayıb sinəmə sıxdım. Bu dəfə o başını aşağı salıb dedi,”Sizi çox sevirəm”. Bir cümlə və bir qucaq ona içindəki duyğuları ifadə etməyə cəsarət verdi.
Yeniyetmənin bir müsbət qabiliyyətini görüb ona diqqət yetirmək- məsələn, şəkil çəkməyə həvəsi olan birinə sadəcə “Çəkdiyin şəkillərə baxmaq istərdim” demək, dilöyrənmə bacarığı uyğun olan digər birisinə “Səndən yaxşı dilmanc olar” və yaxud idman həvəskarlarına “Dünya çempionları olmağınıza çox az qalır” söyləmək onların daxili motivasiyalarını yüksəldir və uzunmüddətli inkişafını təmin edə bilir.
10-cu sinif şagirdi yeniyetmə Ramin ingilis dili dərslərində çox fəal bir sinifdə təhsil alirdı. Məsuliyyətsizliyi ucbatından dərsə hazırlıqsız gəlir, sinif yoldaşlarından geri qalırdı. Bu məni çox narahat edirdi, çünki Ramin boylu-buxunlu, yaraşıqlı bir oğul idi, həmişə də səliqəli geyimdə olurdu. Dərs qavraması da tez və məntiqli. Dərsdən sonra onunla psixoloji söhbət etmək istədim. “Müəllim, zəhmət çəkməyin, onsuz da mən oxumayacam, ətrafımda yaşayan bir çoxları maddə qəbul edir, özlərini xoşbəxt hiss edirlər, oxuyanı “prikola” tuturlar. Deyirsiz mən onların tələsinə düşüm? Xeyr, mən oxumayacam.” “Sən artıq onların tələsinə tərəf gedirsən, başa düş məni, geri qayıt, elmli, ali təhsilli ol, sənin qüvvən çatacaq, çünki sənin güclü məntiqin var, sən bacaracaqsan.” deyərək onu razılığa gətirib beş – altı gün hansı istiqamətdə hazırlaşa biləcəyi haqqında motivasiya verməli oldum. İllər keçdi, artıq iki il idi ki, mən yaşa görə məktəbi tərk etmişdim. Yol ilə gedirdim, birdən təxminən on metr məndən qabaqda bir maşın dayandı, qamətli və yaraşıqlı bir gənc gülə-gülə mənə yaxınlaşıb dedi: “Salam müəllimə, tanıdız məni?”, “Necə tanımayım axı, mənim Ramin balam?!”, “Üç gündür məktəbə gedib Sizi axtarıram, tapa bilmirəm, indi də oradan gəlirəm, sevincimi Sizinlə bölüşmək istəyirdim, ali təhsilli aktyoram, Bakıda özümə ev almışam, xoşbəxtəm, iki övladım var. Sizin mənim üçün arzuladıqlarınızın hamısını çinləşdirmişəm. Nə yaxşı ki, Siz məni məcbur etdiniz, yoxsa, allah bilir indi mən harada idim?!”
Elə zənn etdim ki, dünyam təzələndi. Raminlə görüşüm bir çoxlarını mənə xatırlatdı və bir daha təsdiqlədim ki, doğrudan da bəzən bir söz, bir cümlə və bir baxış yeniyetmənin həyatında dönüş nöqtəsi ola bilir.
Yeniyetmənın qəlbi səpilən hər bir şeyi qəbul edən boş torpaq kimidir. Buna görə də onun qəlbi bərkiməmiş və zehni pis vərdişlərlə məşğul olmamış tərbiyə etməyə başlamaq lazımdır. Bəs tərbiyədə əsas məsələ nədir? Əsas məsələ tərbiyəçinin kim olmasından ibarətdir. Çünki yeniyetmə ilə işləyən insanlar daha anlaşıqlı olmalı, onların çox əhəmiyyətli keçid dövründən keçdiyini bilməlidirlər. Hər bir tərbiyəçinin vəzifəsi yeniyetmənin vəziyyətini anlayıb ona dəstək olmaq və bu dövrün ziyansız keçməsinə kömək etməkdir. Səbrsizlik göstərmək, mənasız mübahisələr etmək, yersiz təhdidlər və düşüncəsiz cəzalar tamamilə olmaz. Çünki yeniyetməlik dövrü uşağın kövrək çağıdır, dəstəyə, anlayışa, ağıllı məsləhətə və düzgün istiqamətə ehtiyac duyduğu bir dövrdür.
Uşağın rəhbərləri onun atası və anasıdır. Ata-ana olmaq asandır, atalıq-analıq etmək çətin. Allahın lütfü sayılan o valideynlər xoşbəxtdirlər ki, övladlarının düzgün tərbiyəsi və xoşbəxtliyi naminə öz səadətlərini qurban verirlər.
Versən öz ömrünü övladına sən, onun varlığında ömr eyləyərsən.
Vilyam Şekspir
Uşağa hər şeydən əvvəl valideyn məhəbbəti lazımdır. Yeniyetmə məntiq icra etməyi, sual verməyi, gündəlik çətinliklərini valideynləri ilə bölüşdürməyi daha önəmli hesab edərək onların onun bacarığını necə dəstəkləmələrinə xüsusi diqqət yetirir. Onun qərarlarını böyük məhəbbətlə dəstəkləyin, amma öz təklifinizi də verin, uşağı inandırmağa çalışın, məhəbbətlə yanaşı uşagı inandırmaq da vacibdir, insan tərbiyəsının ən mühüm yollarından biri inandırmaqdır. İnam və güvən ruh kimidir, tərk etdiyi bədənə əsla dönməz. Əgər uşaq valideynə inanmırsa, ata-ananın inanclarına qarşı çıxırsa, valideynlər səbrsizlik edib qışqırmaqla, dava-dalaşla deyil, sakit və məntiqli bir şəkildə öz inanclarını müdafiə etməyə hazır olmalı, tələbkarlıqla övladının həyatı səhvlərinə qarşı barışmaz bir tərzdə maneçilik törətməlidirlər. Uşaq inciyərsə, əhəmiyyət verməyin, onların düşüncələrinə, duyğu və davranışlarına fərqli yaxınlaşmaq lazımdır, “insan hər şeyi düşünə bilər, ancaq düşüncələrindən deyil, etdiklərindən məsuldur.” Ona öz səhvini başa düşmək üçün vaxt verin və seçimi özü etməsini dəstəkləyin. Öz səhvini dərk etmək özünütərbiyənin ən başlıca vasitələrindən biridir. Ona sərt çərçivələr içində öyüd vermək deyil, anlamaq, eşitmək və yanında olmaq lazımdır. Unutmayaq ki, yeniyetmələr daş divarların arxasında deyil, sevgi dolu baxışların, anlayışlı sözlərin və səmimi qucaqların içində böyüyür.
Əgər bu mövzuya elmi araşdırmalar işığında baxsaq, dəstəyin transformativ gücünü daha aydın görərik. Beynəlxalq Psixologiya Assosiasiyasının təhlillərinə görə, yeniyetmə dövrü emosional dəyişkənliyin, kimlik axtarışının və sosial əlaqə qurmağa ehtiyacın ən yüksək olduğu dövrlərdən biridir. Bu dövrdə beyin hələ tam inkişaf etmədiyindən, yeniyetmələr duyğusal qəralara daha meylli olurlar. Bu anda duyğusal olaraq təhdid və qəddarlıq deyil, duyğusal olaraq dəstək olmaq məcburiyyətindəyik.
2020-ci ildə Harvard Universitetində aparılan bir araşdırmada göstərilmişdir ki, müntəzəm emosional dəstək alan yeniyetmələrdə depressiya riski 35%-ə qədər azalır. Tədqiqat müəllifləri qeyd edirlər ki, bir valideyn və müəllim tərəfindən “sən mənim üçün çox önəmlisən”, “səninlə çox maraqlıdır”, “belə geyimdə yaraşıqlı görünürsən”, “qızım gündən-günə gözəlləşir”, “bilmirdim belə istedadlısan”, “xoşbəxtəm ki, sən varsan” və s. bu kimi mesajların verilməsi , gəncin özünə dəyər hissini əhəmiyyətli dərəcədə gücləndirir.
Yeniyetməlik dövrünün xüsusiyyətlərini ayrı-ayrı psixoloqlar müxtəlif cür izah edirlər. Psixologiya Elmi-Tədqiqat İnstitunun elmi işçisi uzman-klinik psixoloq Narınc Rüstəmova yeniyetməlik dövrünün 3 əsas xüsusiyyətini qeyd etmişdir:
1) Tənhalıq hissi
Uşağın ailə üzvlərinə qarşı münasibətləri dəyişir, tənha qalmağa üstünlük verərək uzun müddət yataq otağına çəkilib özü haqqında düşünür, planlar qurur, çıxış tapmadıqda, özünü tək və yalqız hiss edir, hətta qapını bağlayıb heç kimlə üzləşmək istəmir. Bu normal haldır. Amma belə hallarda çox vaxt valideyn küsür, “qudurub, qapını mənim üzümə bağlayır, minnətin olsun” deyərək uşağa minnətli mesajlar ötürür. Heç vaxt küsməyin, əslində onun sizin dəstəyinizə çox ehtiyacı var, qapını döyüb “olar, qapını açasan, sənin üçün darıxmışam, səni qucaqlamaq istəyirəm” deməklə onun iç dünyasındakı görünməyən mübarizəyə anlayış və dəstək verməniz daha əhəmiyyətli olar. Çünki sözlər yetməyəndə anlamaq, anlatmaq və yanında olmaq lazımdır. Hər şəraitdə valideynin uşağa onun yanında olduğunu hiss etdirməsi, ona güvənməsi, onu qəbul etməsi sağlam valideyn-övlad münasibətlərinin ən mühüm meyarıdır.
2) Öz yaşıdları ilə münasibətdə olmaq arzusu
Tez-tez öz yaşıdları ilə olmağı xoşlayır, ən çox dostlarının fikirlərinə əhəmiyyət verırlər, ailəyə olan bağlılıq azalır. Çalışın dost adlandırdıqları insanları tanıyın, yaxşı ətraf qazanma mühiti yaratmaqda onlara kömək edin. Çünki bu dövrdə yeniyetmənin sahib olmaq istədiyi xüsusiyyətlərlə malik olduğu xüsusiyyətlər üst-üstə düşmədiyi üçün yanlış hərəkətlər nümayiş etdirə bilər; cəmiyyətdə pis vərdişlərlə özünə sosial status qazanmış tanımadığı insanlarla dostluq etmək cəhdi göstərə bilər. Amma sizin övladınızda tərbiyə düzgün qurulubsa, o əks tərbiyənin daşıyıcıları özləri sizin övladınızı qəbul etməzlər, “taylı tayını tapmasa, günü ah-vayla keçər” deyə fikirləşərlər.
Bir yeniyetmə babasından soruşur: “Baba, sənin neçə dostun var?”, baba onun bir dostu olduğunu deyir. Yeniyetmə təəccüb içində “Mənim beş dostum var, sən yaşda olanda, yəqin ki, mənim daha çox dostum olacaq” deyə lovğalıq nümayiş etdirir. Baba onun dostlarının real dostlar olub olmadığını soruşduqda, yeniyetmə cavab verməkdə çətinlik çəkir, sual dolu nəzərlərlə babasına baxır. Baba deyir: “Get bir qoyun kəsdir, torbaya qoy, kürəyinə atıb dostlarının hamısının bir-bir qapılarını döy və de ki, adam öldürmüsən, onların köməyinə ehtiyacın var. Əsl dost onda biləcəksən kimdir.” Yeniyetmə ilk dost olduğu insanın qapısını birinci döyür və babasının dediklərini təkrar edir. Dostu: “Bilirsən, bəli, biz dostuq, amma bu barədə mən sənə heç bir kömək edə bilmərəm.” deyərək qapını onun üzünə örtür. Yeniyetmə 2, 3, 4, 5-ci dostunun da qapılarını döyür lakin hamıdan eyni münasibəti gördükdən sonra babasının yanına qayıdır. Babası bu dəfə onu öz yeganə dostunun yanına göndərir. Oğlan qapını döyür və gəlişinin məqsədini söyləyir. Adam yeniyetməni içəri dəvət edib torbanı götürür və bağa çıxır, bagda çala qazıb torbanı basdırır və üstünə də çoxlu güllər əkir. Yeniyetmə gəlib vəziyyəti babasına danışır, baba ikinci dəfə onu dostunun yanına göndərir və deyir ki, bu dəfə dostum qapını açan kimi heç nə demədən ona iki sillə vurarsan. O, babasının dediklərini eyni ilə edir. Babanın dostu oğlanın üzünə baxıb deyir:”Gedib babana deyərsən ki, dostluqda iki sillə gül bağını dağıda bilməz.” Baba nəvəsini dinlədikdən sonra söylədi: “Bala, mənim dostum sınaqdan çıxmağı bacardı. Çalış, sən də özünə etibarlı dost seç. Əsl dost dar gündə tanınar.”
Bəli, övladınızın kimlərlə dostluq etdiklərinə özünə bildirmədən daim nəzarət edin, real və tərbiyəli insanlar olmalarına tam əmin olmaq üçün hətta onları evə də dəvət edə bilərsiniz ki, onların kim olduqlarını və nə üçün hər gün ancaq axşam saatlarında “dost görüşü” təyin etdiklərini öyrənə biləsiniz, yoxsa “dost” əhatəsində övladınız tətbiyə prosesində qazandığı yaxşı nə varsa itirə bilər, hətta təhsildən də valideyni belə eşitmədən rahatca uzaqlaşa bilər.
3) Sosial status almaq arzusu
Yeniyetmələr həm sosial, həm də şəxsi inkişaf baxımından müəyyən statuslar əldə etmək arzusu ilə yaşayırlar. Müvəffəqiyyətli şagird statusu-yüksək qiymət almaq, müəllimlərin hörmətini qazanmaq, müəyyən bir sahədə istedad kimi tanınaraq zəka və bacarıq statusu qazanmaq istəyənlərlə yanaşı məsuliyyətsizlər də istisna deyildir. Bu arzu ilə bir çox yeniyetmənin oxumağa marağı azalır, kimi ədəbsiz geyimi ilə, kimi qeyri-adi saç düzümü ilə, kimi təlxəklik etməklə, kimi əks cinslə nümayişkar görüşmələr təyin etməklə, kimisi əzələ yığmaqla, kimi kriminal həyata meylliliklə və s. bu kimi digər əməllərlə status qazanıb diqqət mərkəzində olmağa çalışırlar. Bu halda valideynlərin, müəllimlərin və psixoloqların rolu – bu arzuları hər bir fərdin öz xüsusiyyətlərinə uyğun düzgün yönəltmək və sağlam şəxsiyyət formalaşmasına dəstək olmaqdır. Çünki bu dövrdə yeniyetmənin qərarlar vermək üçün kifayət qədər təcrübəsi olmur və “Nə istəyirəm?” sualına cavab tapmaqda çətinlik çəkir.
Yeniyetmənin tərbiyəsində hər kəs öz məsuliyyət yükünü daşıyır və daşıyacaq da. Evdə valideynin özünü necə aparmasından çox şey asılıdır. Uşaq gördüyünü götürür, hər şeyə fikir verir. 7-14 yaşlı oğlan uşaqlarının xüsusilə ataya ehtiyacı olur. Ata nə hiss edirsə, onu hiss edir, onun əxlaqını götürür, kişi olmaq istəyir. Uşaq atanın anası ilə rəftarını, işə gedib-gəlməsini, ailəni təmin etməsini, televizorda hansı proqramları müşahidə etməsini və daha digər hərəkətlərini izləyir. Valideynlər öz hərəkətlərinə diqqət etməlidirlər, boş nəsihətlər yox, əxlaqi dəyərlərimizə söykənən ”kişilik” nümunəsində tərbiyəli övladlar yetişdirməlidirlər. O adamın nəsihəti düz ola bilər ki, əməli dedikləri ilə uyğun olsun. Əgər uyğunluq yoxdursa, ata işləmirsə, ailəni təmin etmirsə, ana və digər ailə üzvləri ilə kobud davranırsa, ailəyə xəyanət edirsə, uşağın yanında çəkirsə, ailə qarşısında heç bir məsuliyyət daşımırsa, isterik xarakter nümayiş etdirirsə, bundan sonra uşaqdan heç nə gözləmək olmaz. Çünki uşaq ata-anaya çox inanır, onlara oxşamağa çalışır. Çox vaxt belə ailələlərdə diqqətsiz və maraqsız qalan yeniyetmə isterik şəxs pozuntusuna məruz qalır. Fikirlərini ifadə edə bilmədiyi üçün yüksək tonlu hərəkətlər nümayiş etdirir, həmişə diqqət mərkəzində olmağı sevir, diqqətdən kənarda olduqda narahat olur, şişirdilmiş davranışlar etməkdə davam edir. Həmişə bəyənilmək istəyir, özünə haqq qazandırır. Bu cür epileptik tutmaların müddəti 10-60 dəqiqə arasında olur. Bu müddət ərzində uşağa yaxınlaşıb sakitləşdirmək və yaxud məsləhət vermək olmaz. Onu sakitləşənə qədər tənha buraxmaq lazımdır. Bir çox psixi sağlamlıq mütəxəsisləri bu xəstəliyin həm ətraf mühitin təsirləri, həm də ailədən gələn genetika səbəbindən inkişaf etdiyini vurğulayırlar.
Qız uşaqlarının da ataya ehtyacı böyükdür. Ataları tərəfindən dəstəklənən yeniyetmə qızlar keçid dövründən daha rahat keçirlər. Psixoloqlar deyir ki, 6-11 yaşlı qızların ataları tərəfindən əzizlənib başları sığallananda onların əllərinin gücünü və isti təsirlərini daha yaxşı hıss edirlər. 11-14 yaşlı qızlar atalarının əlindən tutub yanaşı gəzdikdə onların ruhunda isti və güclü əllərin təsirindən kişi ilə yanaşı gəzmək qüruru formalaşır. Atalar 14-16 yaşlı qızlarının çiyinlərindən qucaqlayıb sinələrinə sıxanda sanki ürəklərinin hərarəti ilə onlara pıçıldayırlar: “Mən burdayam, həmişə sənin arxandayam.” Dəstək hissi ötürən bu mesaj yeniyetmə qız balalarımızın kövrək qəlblərini ata məhəbbəti, ata anlayışı, ata sözü ilə bəzəyərək dəstəyin gücünü bir daha təsdiqləyir. Allah Sizləri bütün müsibətlərdən, qəza və bəlalardan uzaq eyləsin, qoy bütün balalarımız ata-ana qayğısı, ata- ana məhəbbəti, ata-ana dəstəyi ilə ata-ana qucağında böyüsün!
Vüsal bəyin iki qız balası var, Sara (11), Səidə (10). Saranın anadangəlmə eşitmə və dil qüsuru vardır, amma çox gözəl və şirindir, valideynlərini də çox sevir, gözəl rəqs edir, yaxşı şəkil çəkmək qabiliyyətinə malikdir. Müalicələrlə yanaşı valideynlərinin, müəllimlərinin və bacısının diqqət və qayğısı, onların bədən dili vasitəsi ilə ona anlaşma ötürmələri Saranın qaranlıq dünyasını tamamilə işıqlandırır. Onlarla bir yerdə idim. Sara həvəslə çəkdiyi şəkli bitirib atasına göstərdi, sanki ondan cavab gözləyirmiş kimi düz onun gözlərinin içinə baxırdı. Vüsal bəy şəkilə diqqətlə baxdıqdan sonra Saranı qucağına çəkib alnından öpərək əli ilə “əla” işarəsi göstərdi. Saranın yanaqları qızardı, gözləri parladı, ətrafına baxıb hamının onu alqışladığını gördükdə atasının qarşısında təzim edərək “Sağ ol, ata” deyə dilləndi. Belə ki, bir qucaq və bir öpüş Saranın lal sükuta qərq olmuş iç dünyasını səsləndirə bildi, Vüsal atanın verdiyi dəyər əvəzolunmaz mükafatla qiymətləndirildi.
Deyirlər ki, qız övladlarının tərbiyəsi oğlan övladlarının tərbiyəsindən fərqlənməlidir. Hətta el arasında ən çox yayılan atalar sözü “Qızını döyməyən, dizini döyər” vaxtilə yerində işlənən məzmunlu bir deyim olaraq analarımıza ahıllar tərəfindən mesajlanardı. Çox təəssüflər olsun ki, indiki həyatımızda bu kəlam bəzi psixoloqlar tərəfindən zorakılıq əlaməti kimi qiymətləndirilir. Xeyr, bu o demək deyil ki, qızını fiziki anlamda döyməyən dizini döyər. Burada söhbət emosional zorakılıqdan getmir, qızlara vaxtında düzgün tərbiyə vermək kimi başa düşülməlidir. Onlarla yaxın ünsiyyət qurmaqdan, onların duyğularını anlamaqdan söhbət gedir. Onlara qarşı empatiya ilə yanaşmalı, aktiv dialoqlarla onların daxili dünyalarında cavabsız qalmış suallara cavab tapmaqda kömək etmək lazımdır. Xalqımızın çox sevimli həkimi Rəşid Mahmudov həmişə öz çıxışlarında analara müraciət edərək soyləyir, “14-20 yaşarası qızlarınızın tərbiyəsi ilə ciddi məşğul olun, özlərindən asılı olmayaraq onlarda fiziki, bioloji və psixoloji dəyişikliklər çox surətlə gedir-hormonlar çoxalır. Belə vəziyyətdə onlar xoşagəlməz nəsə edə bilərlər.” Bu yaşda yeniyetmə qızların duyğularına cavab vermədikdə, onları dinləmədikdə, yetkinlik yaşına çatdıqda duyğu acı olan beyin axtarışa çıxacaq, ona ilk dəyər verən insana sığınacaq və elə biləcək ki, o doğru insandır. Sonda çox pis şəkildə aldana və ağır travma ala bilərlər. Qızlar adətən duyğularının qalan natamam hissəsini kənarda axtarırlar.
Bəzən yeniyetmə valideynlərini saymadan hər axşam saat 21.00-da və yaxud 22.00-da evdən çıxaraq “dostlarımla bir saatlıq görüşə gedirəm” deyib 3-4 saatdan sonra qayıdır, heç bir izahat vermədən “mən artıq böyümüşəm, özüm bilərəm” deyir, səhərlər yataraq məktəbə getmir, atanın suallarına laqeyd yanaşıb cavab vermir, anaya qışqırıb bağırır. Bu artıq uşağın valideynlərini manipulyasiya etməsidir, ailə münasibətlərinin pozulmasıdır, uşagın ailədə öz statusunu bilməməsidir, məsuliyyət hissinin nə olduğunu anlamamasıdır, günahkar yəqin ki, valideynlərdir. Çünki hələ kiçik yaşlarından uşağa ailədə statusunu bildirmək, gün rejimini təyin edərək o rejim üzrə hansı məsuliyyətlə fəaliyyət etdiyinə diqqət yetirmək lazımdır. Məsuliyyətli uşaqlar evdə, məktəbdə və cəmiyyətdə üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirir, hərəkətlərinə görə cavabdehlik daşıdıqlarını dərk edirlər, təkəbbür və eqoistlikdən kənar olur, sadəlik və təvazökarlıq nümayiş etdirirlər. Əxlaqi dəyər olan məsuliyyət çox önəmlidir, məsuliyyətli insan öz qabiliyyətindən ağılla istifadə edir. Ola bilsin ki, valideynlər haradasa ailə münasibətlərində boşluğa yol vermiş olurlar, uşaqlar üzərində diqqəti azaldaraq, ata bunu anaya həvalə edir, ana isə “yorulmuşam” deyərək manipulyator oğlundan qorxaraq kənara çəkilir. Bu anda sosial təsir ən yüksək səviyyəyə çatır, uşaq sosial şəbəkələrə üz tutur. Şahid olduqları neqativ hadisələr, baxdıqları seriallar, filmlər, qeyri-etik verilişlər və onların daxilində narahatlıq, qisas, kin, nifrət və eqo yaradan oyunlar davranışlarında aqressivlik yaradır. Və gördüklərini təcrübədən keçirmək üçün hədəf axtarırlar, ilk torlarına düşən ana olur. Niyə məhz ana?! Çünki ana uşaqla daha çox münasibətdə olan təbii tərbiyəçidir, onun qarşısındakı maneələrdən biridir, sərbəstliyinə nəzarət edəndir, ana bağışlamağı da, hətta övladının etdiyi xətalara göz yummağı da bacarandır. Bütün bunlarla yanaşı yeniyetmə daxilindəki narahatlıqlarını aradan qaldırmaq və özünü güclü göstərmək, məqsədlərini sərbəst yerinə yetirmək üçün aqressiv davranışla ananı manipulyasiya edir və özünə də haqq qazandırır. Mütəxəsislər müasir yeniyetmənin portretini belə təsvir edirlər: “Texnologiya, Emosiyalar və Sosial təzyiqlər”. Bu təzyiqlərlə görünməyən mübarizə aparan yeniyetmənin iç səsi bu halda da haray çəkir: “Mənə dəstək olun, yanımda olun, etibar edin, səhvlərimi etiraf etməyə hazıram.”
“Çayın mənbəyi bulaq olduğu kimi, ailənin də mənbəyi anadır.” deyib atalarımız. Ana ürəyi həmişə övladı üçün döyünür, ananın beyni övladı üçün düşünür. Ana övladını qeyri- şərtsiz sevir. Bu sevgi ananı övladına yenidən qucaq açıb dəstək olmağa vadar edir. Belə də olmalıdır, axı, valideynlər övladlarını təkcə özləri üçün deyil, həm də cəmiyyət üçün tərbiyə edirlər.

“Siz oğlunuzu və qızınızı valideynlik fərəhi xatirinə həyata gətirib
tərbiyə etmırsiniz. Sizin ailənizdə, sizin başçılığınız altında gələcək
vətəndaş, gələcək xadim və gələcək mubariz yetişir.” A.C. Makarenko

Hamının sevimlisi, sakit təbiətli, xaraktercə səmimi 18 yaşlı Emin ali məktəb tələbəsidir. 16 yaşına qədər Emin həm məktəbdə, həm də ailədə hörmət qazanmış bir uşaq idi. Anasını çox sevir, həmışə düşüncələrini onunla bölüşdürür, ehtiyac duyduqda dərslərində ona kömək etməsini xahiş edirdi. Hətta anasından, necə pul qazanmaq yollarını da öyrənməyə çalışırdı. Birdən sanki fırtına qopdu, “dost” adlandırdığı insanlarla ünsiyyət onun həm ailəyə, həm də təhsilə münasibətini tamamilə dəyişdirdi. Dərslərinə hazırlaşmır, təhsili “işgəncə” adlandırır, valideynin dediyi vaxtda evdə olmur, ata-anaya hörmətsizlik edir, xərclik üçün ona verilən puldan düzgün istifadə etmir, bir sözlə, inadlığından əl çəkmədən aqressiv davranışlara meyl edir, vaxtının çox hissəsini yaşıdları ilə birlikdə gecə gəzintilərində və sosial şəbəkələrdə keçirir. Bütün bu dəyişikliklərin və aqressivliyin səbəbini soruşduqda, cavabı belə oldu: “Qışqırıram ki, hamı məndən qorxsun. Bir də ki, mən kişi olmaq istəyirəm, iş qurub pul qazanmaq arzumdur, heç kim məni başa düşmür, axı, mənə çoxlu pul lazımdır.” “Nə iş qurmaq istəyirsən?”, “ Pulum olsa, deyərəm, indi isə özüm bilərəm.” Eminin düşüncələri üzərində fikirləşib belə qərara gəldim ki, onun bu vəziyyətə düşməsinin əsas səbəblərini araşdırıb tapmaq lazımdır. Bunun bir səbəbi əsas psixoloji və sosial amillərlə bağlı ola bilər. Digər tərəfdən valideynlər uşağa tam sərbəstlik verərək sərhədlər və qadağalar haqqında tamam unudublar. Yadda saxlamaq lazımdır ki, azadlıq verməklə yanaşı sağlam sərhədlər və qadağalar da müəyyən etmək lazımdır. Uşağa nə qədər sərbəstlik veriləcəyi çox vaxt onun qazandığı etibardan asılı olmalıdır. Əgər o ata-ananın etibarını qazanmırsa, onların qoyduğu qaydaları pozursa, onun hərəkətləri valideynin müəyyən etdiyi sərhəd və limitlər xaricindədirsə, mütləq cəzalandırılmalı və səhv hərəkətləri üçün etiraf etməyə sövq edilməlidir. Əgər uşaq birinci dəfə qaydanı pozursa, ona hərəkətinin məntiqi məzmunu izah olunmalıdır. İkinci dəfə qayda pozulursa, ona xəbərdarlıq edilməli, əgər üçüncü dəfə təkrar olunarsa, tam qadağa olunmalıdır. Uşağınızın hisslərinə “böyüdükcə keçib gedəcək” düşünərək yanlış hərəkətlərinə göz yummayın, o, sizə qarşı çıxanda, sizdən uzaqlaşmır, sadəcə “məni dinləyin” deyir. Dinləyin onu, açıq ünsiyyət qurun, dərin söhbətlər və müşahidə aparın, təhsilini atmaq səbəbini öyrənin və dəstək olmağa, oxumaq istəməməsinin səbəblərini araşdırmağa çalışın. Bəzən yeniyetmənin gələcəklə bağlı qeyri-müəyyən düşüncələri, özünə inamsızlığı, sosial mediaya və telefona aludəçiliyi, şəxsi emosional çətinlikləri oxumaq istəyini azalda və dərslərdən yayınmağa səbəb ola bilər. Valideynlərin daim tənqid və yüksək gözləntiləri də yeniyetmədə stress və etiraz yarada bilər. Onunla təhsilin necə vacib olduğu haqqında ciddi və həm də səmimi söhbət aparın, kiçik də olsa, müsbət dəyişikliyi tərifləyin, uğursuzluqlar zamanı onu qınamaq əvəzinə, “Səndə alınacaq, addım at, mən sənə inanıram” mesajını verin, oxumağı maraqlı hala gətirin.
Çox hörmətli valideynlər, Siz övladlarınızın həmişə yaxşılığını istəyib onlara həyatınızı verirsiniz, min bir əzabla onlara maddi və yaxud mənəvi kömək göstərib özünüzü bəzən yaddan çıxarırsınız, övladlarınıza qarşı isti məhəbbətinizin tələbkarlığınıza mane olmasına yol verməyin, hərdənbir onlara soyuqqanlılıq da göstərin, amma nəzarəti gücləndirin və dayaq olun. Tələbkarlıq qəddarlıq deyil, tələbkarlıq-ciddilik, əxlaqi dəyərlərimiz olan məsuliyyət və cavabdehlik istəyidir. Qəddarlıq isə rəhmsizlik, mərhəmətsizlik, zalımlıqdır. Övladlarınızın Sizə qarşı etibarlı olmağını və tələblərinizə heç bir şərtsiz cavab vermələrini istəyirsinizsə, kiçik yaşlarından onları əxlaqi dəyərlərimiz ruhunda tərbiyə etməyə çalışın. (dürüst, zəhmətkeş, məsuliyyətli, hər işini vaxtında görən, intizamlı, yardımsevər, mərhəmətli, nəzakətli, hörmətcil, qayğıkeş, etibarlı, ləyaqətli və s.) Əgər uşaq bu xüsusiyyətləri özündə cəmləşdiribsə, heç vaxt Sizlərə qarşı kobud olmaz, yoxa çıxmaz, dediyiniz vaxtda evdə olar, yalan danışmaz, evdə kömək etməklə hər şeyi valideynə buraxmaz, vaxtında məktəbə gedib dərslərini yaxşı oxumağa səy göstərər.
14-16 yaş həm fərdi inkişaf, həm də sosial uyğunlaşma baxımından kritik yaş dövrü kimi qiymətləndirilir. Cinayətlərin törənməsi, valideynə, müəllimə təhqiredici cavab qaytarmaq, hətta əl qaldırmaqla seçilmək istəyənlər ortaya çıxır. Çox həssas və diqqət tələb edən bu mərhələdə yeniyetmədə özünə inamsızlıq və bəzən cəmiyyətlə uyğunlaşmaqda çətinlik yaşamaq da mümkündür. Bu dövrdə valideynlərin, müəllimlərin və dostların dəstək və istiqaməti olduqca vacibdir.
Təəssüf ki, bəzi yeniyetmələr bu dəyişikliklərlə mübarizə aparmaqda çətinlik çəkir və çıxış yolu tapa bilmədikdə intihar kimi faciəvi bir addıma əl atırlar.
16 yaşlı Zəhranın arzusu həkim olmaq idi. Çox böyük həvəslə arzusunu yerinə yetirmək uğrunda mübarizə aparır, hətta fənnlər üzrə əlavə fərdi məşğələlərə də gedirdi. Böyük ümidlə gələcəyinə inansa da, özünü xoşbəxt saymırdı. Çünki Zəhra yaş dövrü ilə əlaqədar baş verən dəyişikliklərlə, daxilindəki emosional qeyri sabitliklə mübarizə aparmaqda çətinlik çəkirdi, ona dəstək olacaq bir kəsə də ümidi yox idi. Valideynləri arasındakı acınacaqlı və qeyri-etik münasibətlər Zəhranın ümidlərini gündən-günə azaldır, iradəsini zəiflədirdi. Atası hər gün evə sərxoş vəziyyətdə gəlir, anası isə onunla mübarizəyə qalxaraq ailənin digər üzvlərini yaddan çıxarırdı. Diqqətsiz və çarəsiz qalan Zəhra daxilindəki düşüncələrini heç kimlə bölüşmədən yanlış qərarını çıxara bildi. Bir gün ən çox sevdiyi fənn məşğələsinin başlanmasını gözləyərkən iradəsini toplaya bilməyib çoxmərtəbəli evin 8-ci mərtəbəsinin dəhliz pəncərəsindən özünü ataraq intihar etdi. Yarımçıq qalmış şirin arzularını və cavabsız qalmış suallarını da öz kövrək qəlbində qaranlıq dünyanın tənhalığında yaşatmaq üçün apardı.
Əziz valideynlər, uşağınıza baxın, nə olursa olsun onu səbr və diqqətlə dinləyin. İntihara səbəb olan əsas faktor çox vaxt yeniyetmənin duyulmadığını, anlaşılmadığını və maraqsız qaldığını hiss etməsidir. Ailə münasibətlərində daha pozitiv olmaq, münaqişələri uşağın iştirakı olmadan həll etmək lazımdır, çünki güclü ailə münasibətləri həyat qurtara bilər.
Özünüz və cəmiyyət üçün düzgün tərbiyə edilmiş övladlar böyütmək istəyirsənizsə, bunu sevərək etməliyik, düzgün, savadlı və anlayışlı şəkildə tərbiyə verərək uşağın psixologiyasına uyğun davranışlar göstərməliyik. Onların davranışları, duyğuları və düşüncələri tez-tez dəyişir və bu dəyişiklikləri anlamaq üçün tənqid və hökm əvəzinə onlara mühakimə etmədən diqqətlə qulaq asmaq daha çox təsir edir.
10-cu sinif şagirdi Fəridə on manat pul lazım olur, evə gəlir, anasının evdə olmadığını görüb atasının yaxınlıqdakı iş yerinə gedir, ata onu dinləmək istəmir, “vaxtım yoxdur səninlə çənə döyüm” deyərək onun gəlişini ciddi hesab etmir. Fərid əmisini axtarır, tapa bilmir, yenidən evə qayıdır, anasını yenə də evdə görmür, bu dəfə Fərid anasının pul kisəsini tapıb oradan 10 manat götürür. Axşam Fərid evə gəldikdə anası kobudcasına “On manatı pul kisəmdən sən oğurlamısan?” deyərək ona hökm göstərir. “Oğurlamamışam, götürmüşəm, sənə deyəcəkdim, sən evdə yox idin.” “Yalan danışırsan, sən ən böyük oğrusan. Gözümə görünmə, rədd ol burdan.” Fərid anasına izahat vermək istədiyini bildirdikdə, “Mən oğruya qulaq asmaq istəmirəm.” deyərək onu rədd edir. Növbəti gün Fərid mətbəxdə anasına izahat vermək istəyəndə ana yenə də onu dinləmək istəmədiyini bildirir, “Necə dinləyim səni, oğrunun biri oğru, yəqin ki, atanın tayı olacaqsan.” (Ata maddə qəbul edəndir). Bu anda Fərid gözlənilmədən mətbəx bıçağını götürüb anasına ardıcıl bir neçə zərbə endirərək onu qətlə yetirir. Ananın oğlunu dinləməməsi böyük bir faciəyə səbəb olur. Fəridin arzuları isə ana itkisindən daha da kövrəlmiş qəlbini alovlandıraraq nalə çəkib onun qulaqlarında səslənir, “Sən oğru deyilsən, amma qatilsən, eqoistliyin qurbanı olan bir qatil.”
Əziz atalar və analar, övladlarınızın zehinlərini və qəlblərini boş buraxmalarına yol verməyin, zehinlərinin elm, bilik, və hikmətlə, qəlblərinin isə sevgi, məhəbbət, mərhəmət və imanla doldurulmasına kömək edin, sevə-sevə dəstək olun, bir baxışla, bir sözlə, bir qucaqla dəstəyin gücünə inanın. Çünki dəstəyin gücü ilə gələcək formalaşır. Hər birinizə övladlarınızla möhkəm emosional bağlılıq arzu edirəm. Allah Sizi çox sevsin, sevdirsin, balalarınızın xoş arzuları və xeyirli əməlləri ilə sevindirsin. Gələcəyiniz keçmişinizdən daha gözəl olsun!

Bağdagül Hüseynova, Sumqayıt şəhər 34 saylı tam orta məktəbin Sabiq ingilis dili müəllimi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər