“Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır.”
Heydər Əliyev
Müəllim əməyini yüksək qiymətləndirən ulu öndərimiz pedaqoqları insan qəlbinin memarları adlandırmış, şəxsiyyətin formalaşmasında müəllimlərin önəmli rol oynadığını dəfələrlə qeyd etmişdir. Çünki müəllimlər nəsilləri birləşdirən işıq yoludur, onlar təkcə bilik vermirlər, həm də insanlıq dərsi keçirək həyat öyrədirlər. Müəllim keçmişi öyrədən, gələcəyi qurandır; ən qaranlıq anda belə sabahin işığına inandırmaği bacaran ilham mənbəyidir.
5 Oktyabr – Beynəlxalq müəllimlər günüdür – qaranlıqdan işığa aparan insanların peşə bayramıdır. Bu bayram münasibəti ilə respublikamızın bütün müəllimlərini, xüsusilə Azərbaycan təhsilini yüksəklərə qaldıran Sumqayıt müəllimlərini ürəkdən təbrik edir və hamıya möhkəm can sağlığı, bol-bol uğurlar arzulayıram.
Müəllimlər uşaqlıq və gənclik illərimizin ən unudulmaz simalarıdır. Mən həmişə müəllimlərimi sevə-sevə xatırlamışam. Təəssüflər olsun ki, mənə dərs deyən müəllimlərin hamısı dünyasını dəyişib. ( Allah rəhmət eləsin.) Amma bir müəllimim yaşayır. İngilis dili müəlliməm Dostuxanım Zülfiqarova həyatımın ən qiymətli insanlarından biridir- mənim təkcə uşaqlıq və gənclik illərimin deyil, həm də ahıl yaşımın bəzəyi, həyatımın əvəzsiz və dəyərli bir simasıdır.
Deyirlər ki, təhsil insan ömrünün ən böyük sərvətidir, müəllimlər isə bu sərvətin qoruyucuları. Elə isə bütün ömrünü təhsilə, insanların maariflənməsinə həsr edən, bu sərvətin ən böyük hissəsinin daşıyıcısı olan bir müəllimin izi ilə gedib sizə maraqlı bir hekayə danısmaq istəyirəm. Əslində bu yazı, bir müəllimin ömrü boyu əkdiyi toxumların necə meyvə verdiyinin, ustaddan şagirdə, şagirddən yeni nəsillərə ötürülən, davam edən bir işığın hekayəsidir- ustadımın və mənim sənət yolu hekayəmizdir- necə deyərlər, ustadımdan öyrəndim, yüzlərlə şagirddə yaşatdım.
Onun 82, mənim isə 72 yaşım var. Onun qələmi ilə açdığı yolda mən də addımlamışam, mən də onun yetirməsiyəm, mənim də yetirmələrim saysız hesabsızdır. İllərin təcrübəsini, müdrikliyini, fədakarlığını, pedaqoji ustalığını, təşkilatçılıq bacarığını sinifimizə daşıyan, hər sözundə motivasiyaedici həyat dərsi gizlənən bir şəxsiyyətdir mənim müəlliməm. O təkcə dil qaydalarını öyrətməklə kifayətlənmirdi, bir dəfə o bizə demişdi:”İngilis dili sadəcə dərs deyil, ünsiyyət və dünyanı anlama vasitəsidir, həm də dünyaya açılan pəncərədir.” İndi yetirmələrimiz bu pəncərədən dünyaya qürurla baxırlar, ingilis dilində ünsiyyət saxlamaqda çətinlik çəkmirlər.
Dostuxanim müəllimə həzin səsi, qayğıkeş baxışları və tələbkar rəftarı ilə həmişə yetirmələrini düşünməyə, axtarışlar aparmağa,yaradıcılıqlar kəşf etməyə yönəldirdi. Dürüstlük, zəhmətkeşlik, insanlara sevgi – onun hər sözündən süzülən dəyərlərdir. Rəngarəng dərsləri ilə fərqlənən gözəl müəlliməm sevə-sevə sinif otaqlarına daxil olur, sevilərək tərk edirdi. Dərslərimiz bir birindən maraqlı keçirdi. Ən yadda qalan dərslərimiz isə ingilis, amerikan və ərəb yazıçılarının hekayə kitablarının müzakirəsi üzərində qurulan dərslər idi. Bu dərslər şagirdlərdə danışıq dilini inkişaf etdirir, ünsiyyət fəaliyyətlərini formalaşdırırdı. Yadımdadır, bir gün dərsin sonunda müəlliməm “Min bir gecə” nağıllar toplusundan “Sindibadın nağılı” kitabını əlində tutaraq soruşdu: “Bunu kim oxuyub gələn dərsimiz ücün məzmununu danışa bilər?” Heç kim dillənmədi. Əslində bir çoxları bacarardı, mənim də ürəyimdən keçmişdi ki, kaş mənə verəydi. Amma ətrafıma baxaraq nəsə susdum. Müəlliməm mənə yaxınlaşaraq “Qızım, bunu sənə verirəm, bilirəm ki, bacaracaqsan.” dedi. Sevindim, sevindim ki, müəllimin etimadını qazanmışdım. Növbəti dərs vaxtı müəllimə sinifə gəlmədi, Direktor söylədi ki,onu bir iş dalınca göndərib. Çox pərt oldum, bir 45 dəqiqə ağladım, gecəni yatmayıb kitabı oxuyub danışmaq üçün hazır olmuşdum, dolmuşdum, növbəti dərsimiz tarix dərsi idi, məktəbin direktoru bu fənni tədris edirdi, zəng vurulanda sinifə daxil olub salamlaşdıqdan sonra soruşdu: “Mənim qızımın xətrinə kim dəyib?”, “Sindibadın nağılını ingilis dilində danışa bilməyib, ona görə ağlayır”- deyə uşaqlar mənim əvəzimə cavab verdilər. “Ağlama, mən söz verirəm, mütləq müəlliməni geri çağıracağam ki, sən Sindibadın nağılını elə bu gün ona söyləyəsən.” Direktor məni sakitləşdirdi, təxminən yarim saat sonra müəllimə qayıtdı və mən fənn dərnəyində tapşırığı yerinə yetirdim. O hər yerdə, həm sinifdə, həm də sinifdənxaric tədbirlərdə ingilis dilini həvəslə öyrədir və bundan həzz alırdı. Tez-tez fənn dərnəyinin üzvləri fənn olimpiadasında iştirak edərək uğur qazanırdılar. Rəhbərlik etdiyi “Bacarıqlı əllər”dərnəyinin fəaliyyəti də möhtəşəm idi, düzəltdiyimiz əşyaları ingilis dilində yazılı təsvir edirdik, bir neçə dəfə həmin əşyaların sərgisini də nümayiş etdirmişdik. O, mənə yalnız ingilis dilini öyrətmədi, həm də müəllimlik sənətinin məsuliyyətini, dəyərini aşıladı. İllər keçdi, mən də müəllim oldum. Onun verdiyi dərslər, göstərdiyi nümunələr mənim sinif otaqlarımda, yetirmələrimin həyatında yaşamağa başladı, yüzlərlə şagird bu sərvətdən bəhrələnərək sənətə yiyələndilər. Mən bilirəm ki, bu uğurların kökündə mənim Dostuxanım müəllimədən aldığım işıq- nəsilləri birləşdirən davamlı bir işıq dayanır.
Onunla kecirdiyim dərslər təkcə bilik deyil, insanlıq nümunəsi idi. İşlədiyi 7 saylı tam orta məktəb onun doğulduğu, boya başa çatdığı Corat qəsəbəsində yerləşdiyi üçün ailələri yaxşı tanıyırdı. Ehtiyacı olanlara maddi və mənəvi dəstək göstərir, valideynlərini itirmiş şagirdlərin başlarına mərhəmət sığalı çəkərək onlara valideynlik edir, kasıb ailələri müəyyən edərək imkanlı insanları onlara yardım üçün səsləyirdi. Sonralar bu məktəbin rəhbəri kimi (1984- 1999) fəaliyyət göstərmiş, öz pedaqoji təklifləri və təşkilatçılıq bacarığı ilə kollektivin hər bir üzvi üçün şəxsi nümunə olmuşdur.
Dostuxanım müəllimə Corat qəsəbəsinin dayağı, orada yaşayan insanların yol göstərəni və sönməz mayakıdır. Qəsəbənin xeyir və şər məclisləri mütləq onun iştirakı ilə keçirilir. Öz dəyərli məsləhətləri, xeyir-duaları ilə insanların həyatına işıq gətirir, sonra isə geri çəkilib bu işığın böyüməsini izləyir. O, bu gün də öyrədir, yaşayır öyrətmək üçün, öyrədir yaşatmaq üçün. İbadət edərək allahın işığını insanlara daşıyır, yolunu azmışları da ibadətə yönəldib düzgün yola qaytarır.
“Xalqın müəllimi” kimi şərəfli bir ada layiq mənim müəllimim ömrü boyu işıq saçan bir çıraqdır, bu işıq ustaddan şagirdə, şagirddən yeni nəsillərə ötürülür. Müəllimimdən aldığım işıq indi saysız-hesabsız yetirmələrimdə yaşayır. Onların hər uğuru mənim üçün sevinclidir, amma eyni zamanda ustadımın zəhmətinin, fədakarlığının davamıdır. Mən bu qüvvəyə – bilik və dəyərlərin ötürülməsi gücünə – inanıram. Bu inam məni ömrüm boyu ruhlandırdı, və bu gün də həm müəllimimə, həm də şagirdlərimə qarşı minnətdarlıq hissi ilə doluyam. Yazımın məqsədi də budur: bu işığın heç vaxt sönməyəcəyinə ümid yaratmaq. Ümidvaram ki, müəllimimdən mənə, məndən də yetirmələrimə keçən bu işıq daim parlayacaq, sonsuz olaraq davam edəcək.
Əziz müəlliməm, Sizin və Sizin çırağınızın işığı altında sənətə yiyələnən bütün yetirmələrimizi alqışlayır və Sizlərə möhkəm can sağlığı və bu şərəfli yolda bol-bol uğurlar arzulayıram. Çırağınızın işığı heç vaxt sönməsin. Peşə bayramınız mübarək olsun!
Mən dünyada müəllim adından yüksək şərəfli bir ad tanımıram. Heydər Əliyev
Bağdagül Hüseynova, Sumqayıt şəhər 34 saylı tam orta məktəbin sabiq ingilis dili müəlliməsi


Müzakirə qapadılmışdır.