Azəri Gənclər Alyansı” İctimai Birliyinin Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Erkən nikahlara yox!” adlı layihəsi sona çatıb. Layihədə məqsəd ölkəmizdə erkən nikahların daha çox müşahidə olunduğu sərhədyanı bölgələrdə – Lerik və Astara rayonlarının orta məktəblərində 11-15 yaşlı yeniyetmə qızlar və onların valideynləri üçün təlimlər təşkil etmək idi. Təlimlərdə hədəf, eyni zamanda, yeniyetmə qızları və onların zorla ərə verməyə çalışan valideynləri erkən nikaha sövq etməkdən çəkindirmək və beləliklə də, ölkəmizdə erkən nikah probleminin maariflənmə yolu ilə qismən də olsa azalmasına töfhə vermək olub.
Qeyd edək ki, son illər Azərbaycan Respublikasının qanunvericiliyində erkən nikahların qarşısının alınması məqsədi ilə bir çox müsbət dəyişikliklər edilib. Azərbaycan BMT-nin Uşaq Konvensiyasını ratifikasiya etdikdən sonra uşaq yaş həddinin 18 yaş olduğu qəbul olunduğundan Azərbaycan Konstitusiyasının 25-ci maddəsinə əsasən evlilik yaşı hər iki cins üçün 18 yaşdan tez olmaması qəbul edilib. Bəzi hallarda istisna olaraq, bu yaş yerli icra hakimiyyətlərinin razılığına əsasən 17 yaş ola bilər. Apardığımız araşdırmaların nəticəsi onu göstərir ki, müvafiq qanunvericiliyin dəyişikliyi və dövlət qurumları tərəfindən aparılan digər səylərə baxmayaraq, son dövrlərdə də erkən nikahlardan dünyaya gələn uşaqların sayı kifayət qədər çoxluq təşkil edir.
Layihə çərçivəsində “Biz erkən nikahlara yox deyirik!” adlı maarifləndirici sosial çarx hazırlanıb.